AZ

Tkeşelaşvili: Bakı və İrəvan arasında sülh sazişinin imzalanması bütün region üçün əlamətdar hadisə olacaq

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması bütün region üçün əlamətdar hadisə olacaq, çünki bu, hərtərəfli əməkdaşlığın inkişafına təkan verəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Report”a Bakı və İrəvan arasında sazişin mətninə dair müzakirələrin başa çatması ilə bağlı bəyanatları şərh edən Gürcüstanın baş nazirinin keçmiş müavini Eka Tkeşelaşvili deyib.

“Sülh sazişinin imzalanması hamının gözlədiyi hadisədir və şübhəsiz ki, bütün region üçün əlamətdar olacaq”, – Tkeşelaşvili XII Qlobal Bakı Forumunun kuluarlarında bəyan edib.

Siyasətçinin sözlərinə görə, prosesin uğurla başa çatması üçün saziş hər iki tərəf üçün qarşılıqlı məqbul olmalıdır.

“Bunun ikitərəfli proses olması, yəni tərəflərin məsələləri birbaşa, vasitəçilər olmadan müzakirə etməsi öz özlüyündə müsbət haldır. Üçüncü tərəflərin olması dialoqu formal edir və real irəliləyişi minimuma endirir”, – o bildirib.

Tkeşelaşvili söyləyib ki, danışıqlar regional tərəfdaşlıqların dərinləşməsi və genişlənməsi fonunda aparılır və bu baxımdan Bakı və İrəvan arasında yekun sülh regionda nəqliyyat əlaqələrinin və əməkdaşlığın inkişafına təkan verəcək.

“Azərbaycan əvvəldən aydın şəkildə əməkdaşlığa hazır olduğunu bildirib. Amma razılaşma əldə olunarsa, əminəm ki, tərəflər ikitərəfli əməkdaşlığın inkişafı üçün təmas nöqtələri tapa biləcəklər”, – o qeyd edib.

Baş nazirin keçmiş müavini vurğulayıb ki, Gürcüstan və Türkiyə ilə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri həmişə Bakının xarici siyasətində mühüm rol oynayıb.

“Həmçinin son illərdə Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı əlaqələr güclənib. Azərbaycan onilliklər boyu bütün ölkələrlə möhkəm əməkdaşlıq qurub. Bunun sayəsində ölkə bu mürəkkəb dünyada öz təhlükəsizliyini gücləndirə bilib”, – o, əlavə edib.

Seçilən
4
1
nocomment.az

2Mənbələr