AZ

"Toyota" "FT-Me" modelini təqdim edib - XÜSUSİYYƏTLƏRİ

Toyota şəhər istifadəsi üçün nəzərdə tutulmuş yeni elektrikli avtomobili "FT-Me" modelini təqdim edib. 

Valyuta.az xəbər verir ki, bu avtomobilin ən maraqlı xüsusiyyəti tavanında yerləşən günəş panelləri sayəsində özünü doldura bilməsidir.

Son günlər mühüm elanlar edən Yaponiya avtomobil nəhəngi “Toyota” böyük sürprizini bu gün açıqlayıb. Şirkət günəş panelləri ilə təchiz edilmiş yeni elektrikli avtomobil konsepti "FT-Me"ni təqdim edib. "Citroen Ami" modelinə bənzər dizaynı ilə “Toyota FT-Me” özünü enerji ilə təmin etmə texnologiyası ilə sürücülər üçün cəlbedici seçim ola bilər.

“Toyota FT-Me” kiçik ölçülərinə baxmayaraq, müasir və fütüristik dizayna malikdir. Uzunluğu 2,5 metrdən qısa olan bu avtomobil standart bir park yerinin yarısı qədər sahəyə yerləşə bilir.
Bu modelin diqqətçəkən xüsusiyyətlərindən biri də ənənəvi yan güzgülər əvəzinə kameralarla təchiz olunmasıdır. Bu texnologiya adətən iri avtomobillərdə görünsə də, kiçik ölçülü nəqliyyat vasitələrində nadir hallarda rast gəlinir.

Bundan əlavə, “FT-Me” modeli qaz və əyləc funksiyalarını birbaşa sükan üzərindən idarə etməyə imkan verir, bu da pedalların istifadəsini qeyri-zəruri edir. Toyota bu xüsusiyyətin əsasən əlilliyi olan şəxslər üçün nəzərdə tutulduğunu bildirib.

Şirkət yeni elektrikli avtomobilin mühərrik gücü və batareyası ilə bağlı detalları açıqlamasa da, bəzi məlum məqamlar var. Günəşli havada “FT-Me” tavanındakı günəş panelləri vasitəsilə 30 km-ə qədər enerji yığa bilir. Bu tip avtomobillərin adətən 80-100 km məsafə qət etdiyini nəzərə alsaq, bu göstərici kifayət qədər təsirli görünür. "Toyota" "FT-Me"nin hansı ölkələrdə satışa çıxarılacağı, bazara təqdim edilib-edilməyəcəyi və avtomobilin qiyməti ilə bağlı heç bir açıqlama yoxdur.

Sərvanə Rəmixanova

Seçilən
19
valyuta.az

1Mənbələr