Süni intellektin nə zaman, necə davranacağını proqnozlaşdırmaq çətindir. İndi isə "Apple"ın süni intellekt xidməti, 66 yaşlı bir qadına göndərdiyi qeyri-etik mesajla gündəmə gəlib.
HİT.az xəbər verir ki, Şotlandiyanın Danfermline şəhərində yaşayan 66 yaşlı Luiz Littlcou bir avtomobil qalereyasından adi bir səsli mesaj alıb. Lakin bu mesaj, "Apple"ın süni intellektlə işləyən Görsel Səsli Mesaj xidməti tərəfindən mətnə çevrilərkən ciddi bir səhvə yol verib.
Luiz telefonunu açıb mesajın yazılı formasını oxuyanda olduqca təhqiramiz bir mətnlə qarşılaşıb: "Əgər sekslə məşğul olmusansa, avtomobilinə dəvət gəlib-gəlmədiyini yoxlamağın kifayətdir. Sən iyrənc birisən, mənə zəng et".
Əslində, bu mesajın orijinal versiyası tamamilə fərqli idi. "Land Rover" avtomobil qalereyasından göndərilən səsli mesaj müştəriləri yeni gələn avtomobillərə baxmaq üçün mağazaya dəvət edirdi. Tədbirin tarixləri isə 6-10 mart kimi qeyd olunmuşdu. Lakin süni intellekt, mesajdakı "sixth of March" (martın altısı) ifadəsini "seks" kimi başa düşüb və anlamadığı digər hissələri öz ehtimallarına əsasən dolduraraq tamamilə səhv bir mətn yaradıb.
Bu hadisə, süni intellekt xidmətlərinin hələ tamamilə etibarlı olmadığını bir daha sübut edir. Görsel Səsli Mesaj kimi alətlər istifadəçilərin həyatını asanlaşdırmağı hədəfləsə də, bu tip xətalar süni intellektin hələ inkişaf mərhələsində olduğunu göstərir. Xüsusilə dil və kontekst anlama sahəsində daha çox təkmilləşdirməyə ehtiyac olduğu açıq şəkildə görünür.
Bu cür səhvlər süni intellektin insan dilini düzgün başa düşməkdə yaşadığı çətinlikləri ortaya qoyur. Dillərin kontekst və intonasiyaya həssaslığı nəzərə alınmadıqca bu tip anlaşılmazlıqlar qaçılmaz ola bilər. Bununla belə, bu hadisə süni intellekt texnologiyalarının daha dəqiq və etibarlı olması üçün əlavə səylərin göstərilməsinin vacibliyini bir daha xatırladır.
Samir