AZ

Bir tərəfdə sülh sazişi, digər tərəfdə müharibəyə hazırlıq - Ermənistan ikili oyun oynayır? - ŞƏRH

Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi artıq yekunlaşıb. Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, artıq Ermənistan son açıq qalan iki maddəni qəbul etdiyini Azərbaycana çatdırıb: “Mətn üzrə işlər yekunlaşıb. Sonrakı mərhələdə artıq Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır. Əlavə olaraq Minsk qrupu və onun qalıqlarının da ləğv olunması həyata keçirilməlidir”.

Daha sonra açıqlama verən Ermənistanın baş naziri Nikol Paşinyan isə bildirdi ki, "Sülh sazişində Avropa Birliyinin Ermənistandakı mülki missiyası barədə heç bir maddə yoxdur. Sazişdə üçüncü qüvvələrin yerləşdirilməməsi nəzərdə tutulur. Bu, həm Ermənistana, həm də Azərbaycana aiddir".

Lakin bütün bunlara rəğmən Ermənistan ciddi şəkildə silahlanmağa da davam edir, sərhədə silahlar daşıyır. İddia olunur ki, apreldə 10 həftəlik təlimlərə başlayır, bu isə xeyli uzun bir müddətdir. "Caliber"in yaydığı məlumata görə isə Ermənistan müharibəyə başlamaq istəyir, təlim adıyla üstünü örtür.

Maraqlıdır görəsən, sülh sazişi ilə razılaşıb eyni anda müasir silahları sərhədə yerləşdirmək, ciddi şəkildə müharibəyə hazırlaşmaq nəyə işarədir? Ermənistan ikili oyun oynayır? Turkustan.az olaraq suallarımızı siyasi şərhçi Oqtay Qasımova ünvanladıq. Ekspert bildirdi ki, bütün bu baş verənlər olduqca əhəmiyyətli proseslərdir.

Oqtay

Bəli, tərəflər arasında artıq sülh danışıqları ilə bağlı məsələlər yekunlaşdı. 17 maddədən 15-i artıq razılaşdırıldı. Qalan iki məsələ ilə bağlı Azərbaycanın mövqeyi birmənalıdır. Ermənistan digər iki məsələnin də həllini təmin etməlidir. Birincisi konstitusiya dəyişiklik məsələsidir, hansı həmin konstitusiyada Azərbaycana qarşı ərazi iddiaları yer alıb. Digər məsələ isə beynəlxalq məhkəmələrdə qarşılıqlı iddiaların geri götürülməsi və bu cür iddiaların irəli sürülməməsi ilə bağlıdır. Ermənistan tərəfi bu iki məsələnin sülh sazişi imzalandıqdan sonra həll olunacağını qeyd edir. Hər halda, pozitiv hadisələr baş verir. Ümid edək ki, Ermənistan nəhayət, sözünü tutacaq və digər şərtlər də yerinə yetiriləcək. Əgər hansısa bir ilkin sənəd imzalanacaqsa, şübhəsiz ki, bu da prossesin davamını gətirə bilər. Amma Ermənistan həm də parlament seçkilərinə hazırlaşır, ona görə Paşinyan da elə formada məsələni həll etməyə çalışır ki, həm Azərbaycanla məsələlər normallaşmaq istiqamətində davam etsin, eyni zamanda Ermənistanın daxilindəki prosseslər Paşinyanın əleyhinə işləməsin və o, növbəti seçkilərdə hakimiyyətini qoruyub saxlaya bilsin. Yəni, nə şiş yansın, nə kabab. Şübhəsiz ki, vəziyyət birmənalı deyil. Biz digər tərəfdən onu görürük ki, Ermənistan sürətlə silahmanı həyata keçirir. Onun arxasında duran qüvvələr Ermənistanı təxribatlara təhrik etməyə çalışır. Ermənistan da bir çox hallarda onların istəklərini yerinə yetirməyə məcbur olur, yaxud könüllü şəkildə bunu edir. Düşünürəm ki, sülh sazişi imzalanarsa, hərbi ekskalaziya riski ciddi şəkildə ortadan qalxmış olar. Amma bütün hallarda Azərbaycanın mövqeyi bəllidir və bu iki ay öncə Azərbaycan prezidenti tərəfindən verilən müsahibədə də qeyd olunub.Azərbaycan bütün prossesləri dəqiqliklə izləyir. Bizim kəşfiyyatımız digər mənbələrdən alınan məlumatları təhlil edir və prosses diqqətlə izlənilir. Biz hansısa bir formada prosesin nəzarətdən çıxmasına imkan verməyəcəyik. Uzun sözün qısası, bu gün baş verənlər əlamətdar hadisələr olsa da, bizim hələ qət edəcəyimiz bir xeyli yolumuz var.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
25
turkustan.az

1Mənbələr