AZ

Azərbaycan Avropa enerji bazarında mövqeyini daha da möhkəmləndirir

Ölkəmizin yanacaq ixrac etdiyi ölkələrin sayı 12-yə çatıb

Bu gün Azərbaycan qazı bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin edir. Rusiya qazından imtina etdikdən sonra qitədə qiymətlər 7 dəfə artıb və enerji böhranı yaranıb. Sənayedə və istehsal müəssisələrində təbii qaza tələbat çox böyük həcmdədir və yaxın gələcəkdə də eyni səviyyədə qalacaq. Bu səbəbdən Avropada Azərbaycan qazına tələbat böyükdür. Son vaxtlar ölkəmizin Avropaya qaz təchizatının coğrafiyası xeyli genişlənib. Martın 11-də Prezident İlham Əliyev və Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova ilə birgə mətbuata bəyanatla çıxış edərkən bu məsələyə toxunub. Ölkə başçısı bildirib: “Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir. On iki ölkədən 10 ölkə Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur. Çünki biz yerli tələbatı da ödəyirik. Ancaq əhatə dairəsi, qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi də gündəlikdə duran məsələdir”.

Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir. 2027-ci ilin sonunadək isə bu həcmin 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Azərbaycan qazı 2024-cü ilin sonlarından Şimali Makedoniyanın bazarına çatdırılır. Bu il enerji əməkdaşlığının daha da dərinləşməsi hədəflənir. Hazırda TAP vasitəsilə Şimali Makedoniya və Yunanıstana qaz nəqlinin artırılması, habelə Serbiyaya “mavi yanacaq” təchizatını təmin etmək üçün işlər görülür. Energetika sahəsində əməkdaşlıq iki ölkə arasında əlaqələrin əsas istiqamətlərindən biridir. Artıq Azərbaycan təbii qazını Şimali Makedoniyanın bazarına çatdırıb və bu, iki ölkə arasında enerji əməkdaşlığının əhəmiyyətli bir mərhələsidir. Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsinin imzalanması dövlətimizin Avropa üçün enerji təhlükəsizliyinin təmin edilməsində rolunu bir daha təsdiqləyir. Cənab İlham Əliyev bildirib ki, Azərbaycan Avropadakı tərəfdaşlarının ehtiyaclarına hər zaman diqqətlə yanaşır. Energetika sahəsində əməkdaşlıq digər sahələrdə də əməkdaşlığın genişlənməsinə şərait yaradır.

Qeyd edək ki, Azərbaycan qazının həcminin artması və Avropa ölkələrində yanacaq əldə edən ölkələrin sayının genişlənməsi Cənub Qaz Dəhlizi konsorsimunu Transadriatik Qaz Boru Kəmərinin (TAP) genişləndirilməsi üçün dayanmadan tədbirlər görməyə vadar edib. Çünki yaxın 5 ildə qazın nəql həcmləri 10 milyard kubmetrə qədər artacaq ki, bu da TAP və nəql zəncirindəki ötürmə infrastrukturlarının gücləmdirilməsini tələb edir. TAP-ın genişləndirmə layihəsinin ilk mərhələsi yekunlaşdıqdan sonra ikinci fazaya starat veriləcək. 2027-ci ildə nəzərdə tutulan bu genişləndirmə mərhələsinin tamamlanmasından sonra isə kəmərin gücü rekord həcmlərdə - ən azı 25 milyard kubmetr qaz ixrac etməyə imkan verəcək. TAP-ın Avropa İttifaqına qaz tədarükünün artırılması imkanlarının genişləndirilməsində qiymətləndirmə və proqnozlaşdırma planı hazırlayan “REPowerEU”nun ehtimallarına görə, 2030-cu ilə qədər kəmərin hazırkı nominal ötürücülük qabiliyyəti ən azı 10 milyard kubmetr artacaq. Kəmərin ötürücülük gücünün artmasında əsas mənbə “Şahdəniz” yatağından əldə edlən qaz olacaq. Mövcud resursların qiymətləndirilməsinə əsasən, növbəti illərdə ixracın artırılması üçün digər mənbələr də səfərbər olunacaq. Mütəxəssislərin apardıqları kəşfiyyat işləri nəticəsində əldə edilmiş qiymətləndirmələrə əsasən, Azərbaycan Xəzər regionunda kifayət qədər qaz ehtiyatlarına malikdir və təsdiq edilmiş ehtiyatların həcmi 2.6 trilyon kubmetr proqnozlaşdırılır. Bu həcm daxili tələbat və ixracla birlikdə ən azı 100 ilə kifayət edir. Bu baxımdan Azərbaycanın Avropa İttifaqının qaz təchizatında bir əsrə yaxın tədarükçü dövlət olacağı şübhəsizdir.

Azərbaycanın enerji siyasətindəki əsas məqsədlərindən biri bərpaolunan enerji mənbələrinin fəal inkişafıdır ki, bu da ölkənin daxili enerji tələbatının artan tələblərini qarşılamaq və enerji balansını diversifikasiya etmək üçün mühüm bir element olmalıdır. Azərbaycan ənənəvi neft və qaz istehsalçısı olsa da, son illərdə ölkə bərpaolunan enerji sahəsindəki layihələrə daha çox diqqət yetirməyə başlayıb. Bu da enerji təchizatı və ekoloji dayanıqlılıq sahəsində yanaşmalarda baş verən dəyişiklikləri əks etdirir. 2024-cü ildə keçirilən COP29 iqlim sammitində Azərbaycan hökuməti elektrik enerjisinin istehsalını bərpaolunan enerji mənbələrindən ən azı 6 QVt artırmağı planlaşdırdığını açıqlayıb. Bu bəyanat ölkənin enerji müstəqilliyini yaxşılaşdırmaq və Azərbaycanı beynəlxalq aləmdə ekoloji cəhətdən təmiz enerji təminatçısı kimi möhkəmləndirmək məqsədi güdən ambisiyalarını ortaya qoyur.

Sevinc Azadi, “İki sahil”

Seçilən
11
ikisahil.az

1Mənbələr