Cümə axşamı, martın 13-də Rusiya və Belarus arasında bağlanmış təhlükəsizlik zəmanətləri haqqında saziş qüvvəyə minib. Bunu Rusiya prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenko ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.
“2024-cü il dekabrın 6-da Minskdə imzalanmış təhlükəsizlik zəmanətləri üzrə ikitərəfli sazişin ratifikasiya sənədlərinin mübadiləsi baş tutub və beləliklə, saziş qanuni qüvvəyə minib”, - Rusiya lideri bildirib.
O qeyd edib ki, hər iki ölkə müasir çağırışlara birgə cavab verməyə və Birlik Dövləti çərçivəsində təhlükəsizliyi gücləndirməyə davam edəcək.
Putinlə Lukaşenko arasında görüşün ilk raundu martın 13-də baş tutub. Bir saatdan çox müddət ərzində iki ölkənin liderləri bağlı qapılar arxasında üzbəüz danışıblar. Bunun ardınca genişlənmiş danışıqlar formatı baş tutub.
Tədbirin mövzularından biri də Ukraynanın Ciddədə ABŞ-la görüşündən sonra razılaşdığı 30 günlük atəşkəs olub. Belarus liderinin sözlərinə görə, Putin Amerika tərəfi ilə bu məsələ ilə bağlı danışıqlar aparacaq.
Əziz Mustafa, Oxuməni.az