AZ

Gözlənilən qərəzin nümayişi

Avropa Parlamentinin anti-Azərbaycan qətnamələri saxta, əsassız ittihamlardır

Avropa Parlamenti Azərbaycana qarşı hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin azad olunması barədə qətnamə qəbul edib. Bu faktın özü açıq-aşkar onu nümayiş etdirir ki, Parisin dirijorluğu ilə hərəkət edən Brüssel indiki mərhələdə Ermənistan və Azərbaycanın sülhə yaxınlaşmasına hər vəchlə mane olmağa çalışır. Emmanuel Makron Fransası Cənubi Qafqazın bu iki qonşu ölkəsi arasında sabitliyə səbəb olacaq sülh prosesini ləngitməkdən ötrü bütün resurslarını səfərbər edib. Avroparlamentarilərin növbəti anti–Azərbaycan təxribatını məhz Parisin yeritdiyi ermənipərəst siyasətin tərkib hissəsi kimi qiymətləndirmək lazımdır.

Bütün parametrlərinə görə ermənipərəst “kollektiv Qərb”in anti–Azərbaycan kampaniyasına dəstək verdiyi şübhə doğurmayan Avropa Parlamenti ölkəmizə qarşı növbəti dəfə qətnamə qəbul edib. Gözləri hay konyakı ilə pərdələnmiş Avropanın ali qanunverici qurumunun bəzi üzvlərinin heç bir fakta və sübuta söykənməyən, fərdi mülahizələrdən, qərəzli münasibət sərgiləyən bir qrupun hazırladığı belə qətnamələri qəbul etməsi adi hal alıb. Nizamı pozulmuş öz evində qayda-qanun yarada bilməyən, vətəndaşlarının sivil hüquqlarını tapdayan, irqi, dini ayrı-seçkiliyin bütün təzahürlərinin tüğyan etdiyi ölkələrin parlamentarilərinin cəmləşdiyi, Yelisey sarayında əyləşmiş “dirijor”un çubuğu ilə hərəkət edən bu qurum Azərbaycanın daxili işlərinə qarışmağı özünə rəva bilir.

Avropa Parlamentinin bütün qətnamələri islamofobiya, qərəz və ikili standartları özündə əks etdirib. Avropa Parlamenti bu gün də Cənubi Qafqaz regionunda yaranmış yeni reallıqları həzm edə bilmir. Onlar dərk etmək istəmirlər ki, münaqişə artıq başa çatıb və bu gün “Dağlıq Qarabağ” adlı münaqişə və bu adda ərazi vahidi yoxdur. İndi Bakı o münaqişəni alovlandıranları, xalqımıza qarşı cinayət törətməkdə təqsirləndirlən şəxsləri Femidanın qarşısına çıxarıb. Bunu görməzdən gələn Avropa Parlamentinin bu cür qərəzli mövqeyi Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması ilə ziddiyyət təşkil edir. Bu qurum işğal dövründə olduğu kimi, postmünaqişə mərhələsində də Azərbaycana qarşı qərəzli mövqeyindən əl çəkmək istəmir.

Hay sevdası aşıb-daşan Avroparlament vaxtilə Azərbaycanın tarixi torpaqlarında müharibə cinayətləri, terror aktları törətmiş şəxslərin müdafiəsinə qalxıb. “Qoca qitə”nin ali qanunverici institutunun bu cür davranışı beynəlxalq hüququn norma və prinsipləri ilə ziddiyyət təşkil etməklə yanaşı, açıq-aşkar müstəqil məhkəmənin işinə müdaxilə cəhdidir. Azərbaycan cinayət əməlləri sübuta yetirliməkdə olan erməniiəsilli şəxslərin məhkəməsini beynəlxalq hüquqa və müvafiq konvensiyaların şərtlərinə uyğun şəkildə həyata keçirir.

Birmənalı deyə bilərik ki, Avropa Parlamentinin məlum qətnaməsi Azərbaycana qarşı qərəzin nümayişidir. Bu, həm də onu sübut edir ki, Avropa Parlamenti Cənubi Qafqaz regionuna bir bucaq altında – Ermənistan maraqları prizmasından baxır. Eləcə də Aİ-nin Ermənistandakı müşahidə missiyası, Avropa Sülh Fondunun Ermənistanın silahlandırmasına maliyyə ayırması, üstəlik, ölkəmizin ünvanına təxribatçı açıqlamaları bu çirkin yanaşmanın halqalarıdır.

O ki qaldı, Avroparlamentin ölkəmizin daxili işlərinə qarışması məsələsinə, məqsəd bölgədə sabitliyin bərqərar olmasına yol verməməkdir. Həmin qüvvələr hər vəchlə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasının qarşısını almağa çalışırlar. Bakı və İrəvanın sülhə bu qədər yaxın olduqları məqamda AP-nin məlum qətnaməsini yalnız təxribat kimi dəyərləndirmək olar.

İ.HƏSƏNQALA
XQ

Seçilən
2
xalqqazeti.az

1Mənbələr