AZ

Ukrayna böhranı: Savaş meydanda, barış dalandadır

Səudiyyə Ərəbistanın Ciddə şəhərində Ukraynanın cəbhənin bütün təmas xətti boyu 30 günlük atəşkəsə razı olmasından sonra Vaşinqton artıq Rusiya rəsmiləri ilə danışıqlara başlayıb.

Xatırladaq ki, Ciddədə qəbul edilən birgə bəyanatda qeyd olunur ki, Kiyev 30 günlük atəşkəsə və Vaşinqtonla faydalı qazıntılar üzrə saziş imzalamağa hazırdır. Bunun müqabilində ABŞ Ukrayna ilə hərbi yardım və kəşfiyyat mübadiləsini dərhal bərpa edəcəyinə söz verib.

Vaşinqton Kiyevi atəşkəsə razı salandan sonra eyni təkliflə Moskvaya müraciət edib. Dünən ABŞ-nin milli təhlükəsizlik müşaviri Mayk Uolts rusiyalı həmkarı ilə telefonla danışıb.

Prezident Tramp isə Ağ evdə jurnalistlərə deyib ki, “Moskva Ukrayna ilə atəşkəslə bağlı müsbət siqnallar göndərir”. Dövlət başçısı, eyni zamanda, Moskvadan tez cavab gözlədiyini vurğulayıb: “Tezliklə öyrənəcəyik, müsbət mesajlar alıram, amma müsbət mesajlar heç nə demək deyil”.

ABŞ Prezidenti, həmçinin qeyd edib ki, vəziyyət çox ciddidir və münaqişə Üçüncü dünya müharibəsinə səbəb ola bilər: “Bu vəziyyətə ABŞ-ın keçmiş prezidenti Co Baydenin səriştəsizliyi səbəb olub”.

Yeri gəlmişkən, Ukrayna böhranının qismən də olsa həllinə ümidlər artır. BMT-nin Baş katibi A.Quterreş vurğulayıb ki, Rusiya–Ukrayna münaqişəsində atəşkəs əldə edilə bilsə, dünya birliyi bunu yalnız alqışlayacaq.

Bu arada Rusiya Prezidenti Putin Kursk vilayətindəki komanda məntəqələrindən birində müşavirə keçirib. Kremlin sözçüsü Peskov isə qeyd edib ki, Kursk əməliyyatı son mərhələyə qədəm qoyur.

Ukraynada Avropa sülhməramlı kontingentinin yerləşdiriləcəyi barədə məlumatlar yayılıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib ki, Moskva üçün istər xarici kontingent, hərbi bazalar, istərsə də sülhməramlı əməliyyatlar olsun, hər hansı bayraq altında digər dövlətlərin silahlı qüvvələrinin Ukraynada yerləşdirilməsi tamamilə qəbuledilməzdir. Onun sözlərinə görə, hətta bu cür təşəbbüslərin müzakirəsi belə münaqişənin həllinə kömək etməyən təxribat xarakterli addımdır.

Rusiya rəsmilərinin mediaya bir sıra açıqlamları, təəssüf ki, atəşkəsin hələ də üfüqdə görünmədiyindən xəbər verir. Belə ki, dünən Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib ki, Moskva Kiyev ilə müvəqqəti atəşkəs ideyasını dəstəkləmir, münaqişənin uzunmüddətli nizamlanmasının tərəfdarıdır. “Bizim məqsədimiz ölkəmizin qanuni maraqlarını və narahatlıqlarımızı nəzərə alan dayanıqlı sülh nizamlanmasına nail olmaqdır. Biz buna çalışırıq”.

O əlavə edib ki, hazırkı vəziyyətdə “sülh prosesini təqlid edən hər hansı addımları” zəruri hesab etmir. Qlobal mediaya sızan bəzi informasiyalara görə, Rusiya Ukraynanın 4 vilayətini, Donetsk və Luqanskdan başqa, Zaporojye və Xersonu da özünə ilhaq etməklə atəşkəsə razılıq verə biləcəyini bildirib.

Rusiyanın 2014-cü ildə ələ keçirdiyi Krım isə danışıqlar predmeti deyil. Moskva bu barədə eşitmək belə istəmir.

Məsaim ABDULLAYEV
XQ

Seçilən
6
xalqqazeti.az

1Mənbələr