
Türkiyə-Ermənistan münasibətləri necədir? Normallaşma prosesindən hər hansı nəticə əldə olunubmu? Paytaxt İrəvanda Türkiyədən olan bir qrup jurnalisti qonaq edən Ermənistanın baş naziri Nikol Paşinyan diqqətçəkən açıqlamalar verib. Ermənistan cəmiyyətində normallaşmanın keçmişə nisbətən daha çox bəyənildiyini Facebook nümunəsi ilə izah edən Paşinyan 1915-ci il hadisələrinin onun xarici siyasət prioritetləri arasında olmadığını vurğulayıb.
Ermənistanın baş naziri Nikol Paşinyan paytaxt İrəvanda Türkiyədən gələn bir qrup jurnalistlə görüşüb. Paşinyan Türkiyə-Ermənistan münasibətləri ilə bağlı diqqətçəkən açıqlamalar verib.
T24-dən Barınç Yinançın verdiyi məlumata görə; Paşinyan Ermənistan-Türkiyə münasibətlərində konkret nəticələrin əldə edildiyini bildirərək, “Mən siyasi iradə görürəm, amma önəmli olan odur ki, bu siyasi iradə qarşılıqlı şəkildə inkişaf etməyə davam etsin” deyib.
Nikol Paşinyan normallaşma prosesinə cəmiyyətdən marağını Facebookda aldığı “like”larla izah edib:
"Nyu Yorkda müxtəlif ölkələrin liderləri ilə görüşlər keçirəndə və bu görüşlərdən kiçik hissələri Facebook səhifəmdə paylaşanda görürəm ki, geri dönərkən sosial media istifadəçilərimiz arasında ən çox paylaşılan, ən çox izlənən və ən çox bəyənilən görüş Türkiyə prezidenti ilə keçirdiyim görüşdür. Baxıram və heyrətlənirəm.
İndi düşünə bilərsiniz... "Facebook bəyənmələrini müzakirə edirikmi?" Amma bir daha deyirəm, biz prosesi dinamik dəyərləndirməliyik. Məsələn, bizim ilk görüşümüz belə deyildi. Tam əksinə, hətta görüş əksərən mənfi reaksiya ilə qarşılandı: “Ermənistan Respublikasının baş naziri niyə belə bir görüş keçirməlidir?” kimi suallar gündəmə gəlirdi".