AZ

XII Qlobal Bakı Forumundan Ermənistana ciddi mesajlar

“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunda çıxış edən Prezident İlham Əliyev Cənubi Qafqazda sülhə nail olmağın vacibliyini və Azərbaycanın sülh prosesinin təşəbbüskarı olduğunu diqqətə çatdırdı. Ölkə başçısı vurğuladı ki, Azərbaycan hətta bu gün Ermənistanla müzakirə olunan və əsasən razılaşdırılmış sülh sazişi layihəsinin, həmin sülh müqaviləsinin müəllifidir.

Azərbaycanın mübarizəsinin ədalət, beynəlxalq hüquq və ləyaqət mübarizəsi  olduğunu bildirən Prezident İlham Əliyev ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalan qətnamələrini icra etdiyini xatırlatdı. 

Əgər Azərbayan öz torpağını güclə azad etməsəydi, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri növbəti 27 il də kağız üzərində qalardı. Bəzən sülhə nail olmaq və ədaləti bərpa etmək üçün gücdən istifadə qaçılmaz olur. Prezident İlham Əliyev güclü ordu yaratdı və bu ordu torpaqlarımızı azad etdi, ölkəmizdə separatçılığa, separatçılara son qoydu.

“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunda Prezident İlham Əliyev qeyd etdi ki, ərazi bütövlüyü və suverenliyin tam bərpası nəinki Azərbaycan xalqının güclü iradəsinin təzahürüdür, o cümlədən beynəlxalq ədaləti nümayiş etdirir.

Ölkə başçısı bu gün Ermənistanı sülh göyərçini kimi təqdim etməyə çalışan bəzi Avropa bürokratlarına da çox ciddi faktları xatırladaraq bildirdi ki,  İkinci Qarabağ müharibəsində ermənilər Azərbaycanın şəhər və kəndlərini atəşə tuturdu. İxracı qadağan olunmuş “İsgəndər M” raketinə görə  yüzdən artıq Azərbaycan vətəndaşı həyatını itirdi. Lakin Ermənistan ordusu ixracı qadağan olunmuş “İsgəndər M” raketini necə əldə etməsi haqqında hələ də açıqlama vermir. Ermənistan baş nazirinin əmri ilə Gəncə, Tərtər, Bərdə, Mingəçevir, Ağcabədi və bir çox digər şəhərlər dövri olaraq atəşə tutulurdu.

XII Qlobal Bakı Forumunda Prezident İlham Əliyev bəyan etdi ki, Ermənistana etimad səviyyəsi sıfra bərabərdir. Odur ki, Azərbaycana sənədlər, yazılı kağızlar lazımdır. Ölkə başçısı həmçinin bildirdi ki, Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları hələ də qalır. Bu hal əsla qəbul edilməzdir. Eyni zamanda, ATƏT-in Minsk qrupu da buraxılmalıdır. Minsk qrupunun saxlanılmasında məntiq yoxdur. Bu qrup Qarabağ məsələsinin həlli üçün yaradılmışdı. İndi isə Qarabağ məsələsi həll olunub və Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Buna baxmayaraq Ermənistan ATƏT-in Minsk qrupunun buraxılması üçün Azərbaycanın müraciətinə qoşulmur. Bu isə Ermənistanın məkrli planlarının olduğunu təsdiqləyir. Həmçinin Ermənistanın silahlanması da bunu sübut edir. Ermənistan İkinci Qarabağ müharibəsində dərs çıxarmalı, Prezident İlham Əliyevin XII Qlobal Bakı Forumunda verdiyi ciddi mesajları nəzərə almalı və səhv siyasətindən əl çəkməlidir.

Anar Şahmuradov,

YAP Ağdaş rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi

Seçilən
11
2
ikisahil.az

3Mənbələr