AZ

Formula 1-də növbəti mövsüm - favoritlər, yeniliklər

Formula 1-də bir mərhələsi yenidən Bakıda keçiriləcək yeni mövsüm başlayır. Növbəti dünya çempionatı da 24 mərhələdən ibarət olacaq: yarış həftəsonu Melburnda başlayıb, final isə dekabrda Abu Dabidə təşkil ediləcək.

İdman.biz xəbər verir ki, ötən illə müqayisədə mərhələlərin keçirilmə sırası bir qədər dəyişib.

Əgər əvvəllər mövsümü Bəhreyndəki yarış açırdısa, indi iştirakçılar mübarizəyə yenidən Avstraliyada başlayırlar. Azərbaycan Qran Prisinə gəlincə, 2024-cü ildə olduğu kimi, o, Avropadakı sonuncu mərhələ statusunu saxlayıb. Bakıdakı yarış sentyabrın 19-21-də keçiriləcək, ondan sonra Formula 1 okeanın o tayına yollanacaq.

Ötən il Bakı trekində "McLaren"in pilotu Oskar Piastri qalib gəlib və indi Britaniya komandası mübarizəyə əsas favoritlərdən biri kimi başlayır. Son 26 ildə ilk dəfə Konstruktorlar çempionatının kubokunu qazandıqdan sonra komandanın üzərinə düşən vəzifə tamamilə aydındır. Çempion titulunu qorumaq və pilotların yarışında da qalib gəlmək əsas hədəflərdir. Bu mənada Lando Norris və Piastri 2021-ci ildən mütəmadi çempion olan Maks Ferstappenlə rəqabət aparmağa çalışacaqlar. Dəfələrlə dünya çempionu, "Red Bull"un pilotu titullar uğrunda mübarizəyə davam edir, lakin hazırkı bolidin imkanları suallar doğurur.

Mövsümlərarası fasilədə diqqətçəkici keçidlər baş verib ki, bu da çempionata marağı daha da artırır. Təbii ki, ilk növbədə Lyuis Hemiltonun "Ferrari"yə transferini vurğulamaq lazımdır. Britaniyalıdan çox şey gözlənilir və o özü də karyerasında yeni səhifə açmaq niyyətindədir. Digər tərəfdən Formula 1 bu il Serxio Peresi, necə deyərlər, əldən verib. Azərbaycan Qran Prisinin ikiqat qalibi "Red Bull"dan ayrıldıqdan sonra "Cadillac"da yer almağa namizəd görünür. Amma bu, gələcəyin işidir.

"Kral yarışları"nın reqlamentində də dəyişikliklər edilib. Məsələn, ən yaxşı dövrə üçün bonus xalı olmayacaq. 2019-cu ildə tətbiq edilən qayda əvvəldən mübahisə doğurmuşdu. Bir tərəfdən, ən sürətli dövrəyə can atmaq, xüsusilə darıxdırıcı yarışlarda, finişə rəngarənglik qatırdı. Digər tərəfdən, bu bonus xalının pilotların və konstruktorların çempionatdakı final mövqeyinə ən az belə təsir göstərdiyini xatırlamaq çətindir.

İndi isə bütün diqqətlər artıq sərbəst yarışların keçirildiyi Melburna yönəlib. Əgər cümə məşqində hamıdan sürətli Çarlz Lekler olubsa, onun "Ferrari"dəki yeni komanda yoldaşı Hemilton isə finişə beşinci çatıb.

Lekler ən sürətli dövrəsini 1.16,439 göstərici ilə tamamlayıb və ən yaxın izləyicisi Piastrini 0,124 saniyə qabaqlayıb. Sərbəst yürüşün birinci hissəsinin lideri Lando Norris isə Leklerə cəmi 0,141 saniyə uduzaraq günün nəticələrinə görə ilk üçlüyü tamamlayıb. Dördüncü yerdə isə gözlənilmədən "Racing Bulls" komandasının pilotu Yuki Tsunoda qərarlaşıb.

Məşq yürüşündə ümumilikdə 19 pilot iştirak edib. Avstraliya Qran Prisinin sərbəst yarışların üçüncü - sonuncu hissəsi isə şənbə günü səhər keçiriləcək.

Zəki Feyzullayev
İdman.biz

Seçilən
3
idman.biz

1Mənbələr