Müəllif: Elçin Alıoğlu
Mənbə: Trend
Ermənistan Azərbaycanla sülhün bərqərar olunması istiqamətində ilk baxışdan önəmli addım ataraq daha əvvəl sülh müqaviləsinin mətnində nəzərdə tutulmayan, üçüncü ölkələrin sərhəddəki qüvvələrinin çıxarılması məsələsinə razılıq verib. Bu məqam rəsmi Bakı üçün əsas şərtlərdən biri idi.
Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, sülh sazişi imzalandıqdan sonra müşahidəçilər Ermənistan-Azərbaycan sərhədini tərk edəcəklər.
Daha əvvəl İrəvan müşahidəçilərin yalnız delimitasiya olunmuş sərhəd bölgələrindən çıxarılmasını tələb edirdi. Sonradan Ermənistan Azərbaycan tərəfinin Avropa İttifaqı qüvvələrinin bütün sərhəddən çıxarılması tələbini qəbul etdi. Buna baxmayaraq, müşahidəçilərin sərhəddən uzaqda, ofis şəraitində fəaliyyətini davam etdirməsi istisna edilmir. Habelə, Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədində patrul nəzarəti həyata keçirilməyəcək.
Bu addım tərəflərin münasibətlərin sülh fazasına keçməyə hazır olduqlarına siqnal sayılsa da, bütün məsələlərin yekun həlli hələ də vaxt tələb edir. Əsas məsələ sülhün yalnız Bakı və İrəvan arasında, üçüncü tərəflərin müdaxiləsi olmadan aparılacaq danışıqlar çərçivəsində həllinin davam etdirilməsidir.
Ermənistanın baş naziri Nikol Paşinyan bir daha "Sülh yolayrıcı" adlı layihəsinə sadiqliyini təsdiqləyərək sözügedən layihəyə uyğun olan bütün məsələlərin həyata keçirilməsinə hazır olduğunu bildirib. Onun sözlərinə görə, İrəvan Azərbaycan tərəfinə Mehri ərazisindən yol verməyə hazırdır və bu məsələnin detalları müzakirə edilən sazişin sonuncu maddəsində əksini tapıb. Paşinyan vurğulayıb ki, Ermənistan bu məsələdə Azərbaycanın rəsmi cavabını gözləyir və cavab alındıqdan dərhal sonra təklifini icra etməyə hazırdır.
Nikol Paşinyan həmçinin Ermənistanla Azərbaycan arasında sülhün mümkün olmadığı fikri ilə razılaşmadığını bildirib. O vurğulayıb ki, tərəflər 1991-ci il Almatı Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımağa razılaşıblar. Bundan əlavə, sülh sazişi layihəsində hər iki tərəfin gələcəkdə bir-birinə ərazi iddiaları irəli sürməmək öhdəliyi də qeyd olunub.
Paşinyanın sözlərinə görə, beynəlxalq sənədin imzalanması və ratifikasiyası artıq gerçəkləşmiş faktlardır. Ermənistanın baş naziri vurğulayıb ki, "bu mərhələdə yeni mexanizmlərin yaradılmasına ehtiyac yoxdur, vacib olan yalnız artıq əldə edilmiş razılaşmaların pozulmamasıdır". O, həmçinin qeyd edib ki, "sülh sazişinin imzalanması prosesi bir neçə ay, hətta bir il də çəkə bilər, lakin bu, yalnız zaman məsələsidir".
Gələcək sazişin vacib hissələrindən biri də beynəlxalq məhkəmələrdə qarşılıqlı iddiaların geri götürülməsi ilə bağlı maddədir ki, bu da sənədin imzalanmasından sonra qüvvəyə minəcək. Paşinyan bəzi məqamların hələ müzakirə olunacağını qeyd etsə də, əsas məsələlər üzrə ümumi anlaşmanın artıq əldə olunduğunu bildirib.
Bununla paralel olaraq Ermənistan hakimiyyəti yeni Konstitusiya layihəsi təqdim etməyi planlaşdırır ki, bu da Paşinyanın sözlərinə görə, "regional əhəmiyyətə malik olacaq". Bu, İrəvanın Cənubi Qafqazda yeni reallıqlara və sabitlik şərtlərinə uyğun olaraq daxili qanunvericiliyini adaptasiya etməyə çalışdığını göstərir.
Rəsmi Bakı Ermənistanla sülh sazişi mətninin razılaşdırılmasının başa çatdığını təsdiqləyərək, sənədin imzalanması üçün iki əsas şərt irəli sürüb. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına görə, saziş yalnız aşağıdakı şərtlər yerinə yetirildikdə imzalana bilər:
Ermənistan öz Konstitusiyasına dəyişiklik edərək Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dair iddiaları istisna edəcək. Bu, Bakının uzunmüddətli və prinsipial mövqeyi kimi qeyd olunur. ATƏT-in Minsk Qrupu və müvafiq strukturlar rəsmi olaraq ləğv ediləcək, çünki bu qurumlar köhnəlmiş və funksional olmayan strukturlar kimi tanınır.
Azərbaycan Xarici İşlər Nazirliyi sülh sazişinin mətninin razılaşdırıldığını təsdiqləyib və normallaşma prosesi ilə bağlı məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazır olduğunu bildirib. Ermənistan Xarici İşlər Nazirliyi də "Ermənistan ilə Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında" saziş layihəsi üzrə razılaşmaların əldə olunduğunu təsdiqləyib. Ermənistan tərəfi diplomatik kanallar vasitəsilə Bakıya sülh sazişində əvvəl razılaşdırılmayan iki bəndə razılıq verdiyini bildirib. İrəvan sənədin imzalanma tarixi və yeri ilə bağlı Bakı ilə məsləhətləşmələrə başlamağa hazır olduğunu ifadə edib.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da sülh sazişinin mətninin razılaşdırılmasının başa çatdığını bəyan edərək, bu addımın yekun razılaşmaların əldə olunmasına yol açdığını bildirib.
Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh sazişinin Konstitusiya aspekti bu razılaşmanın sabitliyi və effektivliyini müəyyən edən əsas amillərdən biridir. Bu məsələ sırf diplomatik formatları aşaraq Ermənistanın öhdəliklərini yerinə yetirməsi və ya istənilən anda onlardan imtina etməsi üçün hüquqi baza yaradır.
Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə ölkənin yeni Konstitusiyasının qəbul edilməsinin vacibliyindən danışıb. Bu, təkcə daxili qanunvericiliyin islahatı deyil, eyni zamanda, Azərbaycanla imzalanacaq sülh sazişi də daxil olmaqla, istənilən beynəlxalq razılaşmanın yenidən nəzərdən keçirilməsi və ya hətta ləğvi üçün potensial alət kimi görünür. Bu məqam Bakıda ciddi narahatlıq doğurur, çünki İrəvanın mövqeyinin qeyri-sabit və etibarsız olduğunu açıq şəkildə nümayiş etdirir.
Çünki hazırda Ermənistanda 1995-ci ildə qəbul edilmiş və 2005 və 2015-ci illərdə dəyişikliklərə məruz qalmış Konstitusiya qüvvədədir. Onun mətnində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi bütövlüyünə zidd müddəalar yer alır.
Xüsusilə Ermənistan Konstitusiyasının 11-ci maddəsi ciddi problem yaradır. Həmin maddədə qeyd olunur ki: "Ermənistan Respublikası Dağlıq Qarabağ Respublikasının beynəlxalq statusunun tanınması üçün səyləri dəstəkləyir."
Məzkur müddəa birbaşa ərazi iddialarını ifadə etməsə də, Ermənistanın Azərbaycanın daxili işlərinə müdaxiləsini və artıq mövcud olmayan separatçı qurumun saxlanmasını siyasi xətt kimi təsbit edir. Bu norma İrəvanın gələcəkdə ərazi iddiaları irəli sürməsi üçün hüquqi əsas yaradır.
Belə Konstitusiya müddəalarının mövcud olduğu şəraitdə Ermənistanın qanunvericiliyində dəyişikliklər edilmədən sülh sazişinin imzalanması ciddi risklər daşıyır. Hətta Nikol Paşinyan sülh sazişinə imza atsa belə, gələcəkdə Ermənistan bu sənədi Konstitusiya normalarına uyğun gəlmədiyi bəhanəsi ilə asanlıqla ləğv edə bilər.
Ermənistanın siyasi təcrübəsində bu cür manipulyasiyalarla bağlı nümunələr az deyil. Məsələn, 2018-ci ildə Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra İrəvan ATƏT-in Minsk Qrupu çərçivəsində əldə olunmuş bəzi öhdəliklərin yerinə yetirilməsindən imtina edərək, onların ölkə qanunvericiliyinə zidd olduğunu əsas gətirmişdi. Həmin hadisə Ermənistanın beynəlxalq öhdəliklərdən yayınmaq üçün hüquqi boşluqlardan istifadə edə biləcəyini açıq şəkildə nümayiş etdirdi.
Paşinyanın hazırkı bəyanatları və Ermənistanın yeni Konstitusiyasının hazırlanması ilə bağlı planları ciddi narahatlıq doğurur. Keçmiş təcrübəni nəzərə alaraq demək olar ki, yeni Konstitusiya elə formada tərtib edilə bilər ki, sülh sazişindən çıxış və ya onun yenidən nəzərdən keçirilməsi üçün hüquqi baza yaratsın. Bu yanaşma Ermənistanın revanşist ambisiyalarının baş tutmaması halında "B planı" saxlamaq cəhdini açıq şəkildə nümayiş etdirir.
Faktiki olaraq, sülh sazişi imzalandıqdan sonra belə İrəvanda daxili qanunvericiliyin yenidən nəzərdən keçirilməsi prosesi başladılıb, sazişin yeni Konstitusiyaya zidd olması bəhanəsi ilə ləğvi məqsədilə istifadə edilə bilər. Bu, bölgədə sabitliyə təhlükə yaradır və Cənubi Qafqazda davamlı sülh ideyasını şübhə altına alır.
Bəhs etdiyimiz kontekstdə Azərbaycanın sülh sazişi imzalanmazdan əvvəl Ermənistan Konstitusiyasına dəyişikliklər edilməsində israr etməsi tamamilə əsaslıdır. Bu addım Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından hüquqi baxımdan birdəfəlik imtina etməsi üçün zəruridir. Əks halda, Ermənistanın qanunvericiliyində dəyişikliklər edilmədən sənədin imzalanması mənasız ola bilər, çünki İrəvan yeni Konstitusiyaya əsaslanaraq sazişi istənilən vaxt ləğv edə bilər.
Paşinyanın yeni Konstitusiyanın qəbul edilməsinə ehtiyac barədə bəyanatları danışıqlar prosesini uzatmağa yönəlmiş taktiki gediş kimi də qiymətləndirilə bilər. O, zahirən sülhə hazır olduğunu nümayiş etdirsə də, eyni zamanda öhdəliklərdən yayınmaq üçün hüquqi baza formalaşdırır. Bu yanaşma İrəvana beynəlxalq tərəfdaşların tələbləri ilə daxili siyasi maraqlar arasında manevr etməyə imkan verir.
Aydındır ki, Cənubi Qafqazda davamlı sülh yalnız Ermənistanın sülh sazişini imzalaması ilə deyil, həm də bu sənədin qanunvericilik səviyyəsində təmin edilməsi ilə mümkün olacaq. Paşinyanın konstitusiya normalarını manipulyasiya etməsi və ya onları revanşist planlarının alətinə çevirməsi cəhdləri yalnız bölgədə sabitliyin əldə olunmasını ləngidir.
Paşinyanın siyasi strategiyası sülh danışıqlarına hazır olduğu təəssüratını yaratmaqla yanaşı, əslində prosesi müxtəlif bəhanələrlə uzatmağa yönəlib. Aİ müşahidəçilərinin iştirakı ilə manipulyasiya, Konstitusiya çərçivəsində hüquqi boşluqlardan istifadə və əlavə məsləhətləşmələrə ehtiyac barədə daimi açıqlamalar İrəvanın Bakıya təzyiq rıçaqlarını saxlamağa çalışdığını və eyni zamanda Qərb tərəfdaşları qarşısında diplomatik çeviklik görüntüsü yaratmaq niyyətində olduğunu göstərir.
Paşinyan həmçinin Ermənistanı regionda mühüm tranzit qovşağına çevirmək ideyasını əks etdirən "Sülh yolayrıcı" layihəsini fəal şəkildə təşviq edir. Bu layihə Ermənistanı regional proseslərin konstruktiv iştirakçısı kimi təqdim etməyi hədəfləsə də, onun həyata keçirilməsi Azərbaycanın əsas maraqları, xüsusən də Zəngəzur dəhlizi layihəsi ilə ziddiyyət təşkil edir. Paşinyan "Azərbaycanın kommunikasiyalarına çıxış" məsələsini qabartsa da, təhlükəsiz və etibarlı nəqliyyat dəhlizinin yaradılması ilə bağlı konkret zəmanətlərdən yayınır.
Sülh sazişinin mətninin razılaşdırılmasının diplomatik prosesdə yekun razılaşmanın əldə olunması anlamına gəlmədiyi aydındır. Proses yalnız sənədin məzmununun razılaşdırılması deyil, həm də Cənubi Qafqazda uzunmüddətli sülhü təmin edəcək konkret şərtlərin yerinə yetirilməsini tələb edir. Ermənistanın Xarici İşlər Nazirliyinin sülh sazişinin imzalanma vaxtı və yeri ilə bağlı məlumat yayması bu addımın qaçılmaz olması illüziyasını yaratmaq cəhdinə bənzəyir. Bununla İrəvan Bakı üzərində təzyiq formalaşdırmağa və Ermənistan Konstitusiyasında dəyişiklik edilmədən sənədin imzalanmasına nail olmağa çalışır. Bu manipulyativ yanaşma Ermənistanın Qarabağa qarşı potensial revanşizm planlarını həyata keçirmək üçün özünə hüquqi boşluq saxladığını açıq şəkildə göstərir.
Azərbaycanın Ermənistanla apardığı davamlı sülh danışıqları fonunda Ermənistanın baş naziri Nikol Paşinyan yeni bir təkliflə çıxış edib. O, hər iki tərəfin qarşılıqlı əsasda bir-birinə qarşı irəli sürdüyü hüquqi iddialardan imtina etməsini təklif edib. Lakin bu təklifin mahiyyətində Azərbaycan üçün ciddi təhlükələr gizlənir, çünki belə bir addımın riskləri Bakının xeyrinə deyil, əksinə, Ermənistanın məkrli planlarının gerçəkləşməsinə xidmət edə bilər.
Paşinyanın təklifində Ermənistanın Azərbaycan əleyhinə dövlət səviyyəsində irəli sürdüyü iddialardan imtina nəzərdə tutulur. Bunun müqabilində rəsmi İrəvan gizli və qeyri-rəsmi yollarla Azərbaycana qarşı fərdi iddialar irəli sürməyə hazırlaşır. Bu iddialar Ermənistanın rəsmi strukturlarının dəstəyi ilə hazırlanır və Azərbaycan könüllü tərk edərək Ermnistana yollanmış qarabağlı ermənilərin adından müxtəlif məhkəmələrə təqdim ediləcək. Məqsəd Azərbaycandan maddi kompensasiya tələb etməkdir.
Bəhs etdiyimiz iddialar formal olaraq fərdi şəxslərin adından təqdim olunsa da, əslində onların arxasında Ermənistan hökumətinin dəstəyi və təşkilatçılığı dayanır. Beləliklə, əgər Azərbaycan Paşinyanın təklifinə razılaşaraq öz iddialarından imtina edərsə, sonradan minlərlə erməni köçkününün iddiaları ilə üzləşəcək. Bu isə Azərbaycanın mövqelərini zəiflətməklə yanaşı, Ermənistanın məkrli planlarının həyata keçməsinə imkan yarada bilər.
Azərbaycanın bu təklifə razılaşması məntiqsiz və qeyri-rasional addım olardı. Çünki Ermənistan 30 ilə yaxın ərzində Azərbaycanın 20%-ə yaxın ərazisini işğal altında saxlayıb, yüzlərlə yaşayış məntəqəsini dağıdıb, məscidləri murdarlayıb, Azərbaycanın ekologiyasına və təbii sərvətlərinə bərpası mümkün olmayan ziyan vurub. Bununla yanaşı, Ermənistan işğal illərində Azərbaycanın təbii sərvətlərini talan edib, mədənlərdən qeyri-qanuni şəkildə faydalanıb və ətraf mühiti çirkləndirib.
Xalqımız 30 illik işğal dövründə çəkdiyi əzab və məhrumiyyətləri unutmamış və unutmayacaq. Bundan əlavə, 1988-1990-cı illərdə İrəvan, Göyçə, Zəngəzur və digər tarixi Azərbaycan torpaqlarından minlərlə azərbaycanlı zorla qovulub. Bu hadisələr zamanı yüzlərlə azərbaycanlı işgəncələrə məruz qalıb, onlarla insan qətlə yetirilib.
Bütün bu cinayətlər Ermənistanın hüquqi və tarixi məsuliyyət daşımasını tələb edir. Beynəlxalq hüququn əsas prinsiplərinə əsasən, işğal nəticəsində vurulan ziyanın qarşılanması zəruridir. Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 2-ci maddəsinə əsasən, dövlətlər öz ərazilərində baş verən hüquq pozuntularına görə məsuliyyət daşıyır və bu pozuntulardan zərərçəkənlərin kompensasiya hüququ var.
Habelə, BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri açıq şəkildə Ermənistanın işğalçılıq siyasətini pisləyərək, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü təsdiqləyir. Bu qətnamələrdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxmalı olduğu vurğulanır. Lakin bu qərarlar uzun müddət kağız üzərində qalmış və Ermənistan heç bir məsuliyyətə cəlb olunmamışdır.
Azərbaycanın haqlı mövqeyini əsaslandıran digər vacib hüquqi sənədlərdən biri 1907-ci il Haaqa Konvensiyasıdır. Bu sənədin 3-cü maddəsinə əsasən, müharibə zamanı baş verən qanunsuz hərəkətlərin törətdiyi ziyana görə təqsirkar tərəf məsuliyyət daşıyır və kompensasiya ödəməlidir. Ermənistanın işğal illərində Azərbaycanın yaşayış məntəqələrini dağıtması, mədəni irs obyektlərini məhv etməsi və təbii sərvətləri talan etməsi bu konvensiyanın pozuntusudur və hüquqi məsuliyyət yaradır.
Bununla yanaşı, Ermənistanın Azərbaycana vurduğu zərərin miqyası müxtəlif beynəlxalq hesabatlarda da əksini tapıb. Məsələn, BMT-nin İnkişaf Proqramı (UNDP) və digər beynəlxalq qurumların hesabatlarına əsasən, Ermənistanın işğal etdiyi ərazilərdə infrastruktur tamamilə dağıdılıb, 900-dən çox yaşayış məntəqəsi yer üzündən silinib, 700 mindən çox azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb. Ermənistanın qeyri-qanuni fəaliyyətləri nəticəsində Azərbaycanın iqtisadiyyatına yüz milyardlarla dollar ziyan dəyib.
Azərbaycanın hüquqi iddialarından imtina etməsi bu tarixi ədalətsizliyi ört-basdır edər və Ermənistanın məsuliyyətdən yayınmasına şərait yaradardı. Məhz bu səbəbdən rəsmi Bakı öz hüquqi iddialarından imtina etməyəcək və beynəlxalq hüquq çərçivəsində haqqını tələb edəcək.
Azərbaycanın mövqeyi həm tarixi ədalətə, həm də beynəlxalq hüququn əsas prinsiplərinə əsaslanır. Paşinyanın təklifinin pərdəarxası niyyətləri isə bu hüquqi əsasları pozmaq və Ermənistanın məsuliyyətdən yayınmasına şərait yaratmaq məqsədi güdür. Rəsmi Bakı öz mövqeyində israrlıdır və Ermənistanın törətdiyi hərbi cinayətlərin hüquqi məsuliyyətə cəlb edilməsi istiqamətində mübarizəsini davam etdirəcək.
Əsas məsələ dəyişməz qalır: Ermənistan Konstitusiyasına dəyişiklik etməlidir və bu, Azərbaycan diplomatlarının qəti şəkildə vurğuladığı məqamdır. Nikol Paşinyan daha əvvəl yeni Konstitusiyanın qəbulu planlarından bəhs etsə də, hələlik bu yalnız söz və eyhamlarla məhdudlaşır. Azərbaycan isə vədlər deyil, konkret addımlar - "Miatsum" konsepsiyasına əsaslanan, Azərbaycanın ərazilərinə iddialar irəli sürən müddəaların Ermənistan Konstitusiyasından çıxarılmasını tələb edir. Bu baş vermədiyi halda, sülh sazişinin imzalanması təkcə mənasız deyil, eyni zamanda gələcəkdə münaqişənin yenidən alovlanması riskini də artırır.
Mövcud vəziyyəti çətinləşdirən əsas amil isə odur ki, guya sülh sazişi mətninin razılaşdırılması barədə razılıq əldə olunmasına baxmayaraq, Ermənistan hələ də mümkün revanş üçün hazırlıq xarakteri daşıyan addımlar atmaqda davam edir. Ermənistan hakimiyyəti aktiv şəkildə hücum xarakterli silahlar alır, sərhəddə hərbi infrastrukturu gücləndirir və VOMA və "Yerkrapa" kimi ekstremist qruplara dəstək verir. Belə addımlar İrəvanın sülhə can atmaq barədə bəyanatlarının yalnız diplomatik ritorikadan ibarət olduğunu açıq şəkildə göstərir.
Azərbaycan Prezidenti İlham Əliyev XII Qlobal Bakı Forumunun açılışında çıxış edərkən aydın şəkildə bildirdi ki, Azərbaycan erməni təcavüzünün vurduğu ziyanı və illər boyu davam edən işğalı unutmayacaq.
Prezident İlham Əliyev Xocalı faciəsini xatırladaraq vurğuladı ki, bu soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 100-dən çox qadın və 60 uşaq qətlə yetirilib. Lakin dövlət başçısının sözlərinə görə, bu faciəyə baxmayaraq, Azərbaycan Cənubi Qafqazda sülh və sabitliyə nail olmaq istəyir.
Sülhün əldə edilməsi üçün Ermənistan konkret şərtləri yerinə yetirməlidir. Birinci növbədə, Konstitusiyaya ediləcək dəyişikliklər yalnız ictimai bəyanatlarda deyil, qanunvericilik səviyyəsində də Azərbaycanın ərazi bütövlüyünə iddialardan imtinanı təsbit etməlidir. İkincisi, Ermənistan Azərbaycana vurduğu ziyanı ödəmək üçün kompensasiya verməlidir ki, bu ziyana aşağıdakılar daxildir:
1. İnfrastrukturun dağıdılması və genişmiqyaslı urbanistik vandalizm
2. Təbii sərvətlərin oğurlanması və qeyri-qanuni istismarı
3.Beynəlxalq ekspertlər tərəfindən qiymətləndirilən ekoloji fəlakət.
Mütəxəssislərin hesablamalarına görə, bu kompensasiya on milyardlarla dollar təşkil edə bilər.
Bundan əlavə, Ermənistan Bakıda aparılan və qeyri-rəsmi olaraq "Azərbaycanın Nürnberqi" adlandırılan məhkəmə proseslərinə fəal şəkildə dəstək verməlidir. Bu, yalnız informasiya təqdim etməyi deyil, həm də insanlığa qarşı cinayətlərdə, xüsusilə Xocalı faciəsinin təşkilində və icrasında iştirak edən şəxslərin təhvil verilməsini nəzərdə tutur.
Belə bir fonda İrəvanın saziş mətninin razılaşdırılmasını sülh sazişinin imzalanmağa hazır olduğu kimi təqdim etmək cəhdi növbəti siyasi manipulyasiya kimi görünür. Ermənistan Konstitusiyasında dəyişiklik etmədən Bakını sənədi imzalamağa məcbur etmək cəhdi yeni təxribatların və münaqişənin yenidən alovlanması riskinin əsasını qoyur.
Bu baxımdan haqlı sual yaranır: Ermənistan həqiqətən sülhə can atırmı, yoxsa Nikol Paşinyan yenidən siyasi fırıldağa əl atır? İstisna deyil ki, diplomatik prosesin sürətləndirilməsi yalnız bölgədə yeni gərginlik dalğasına hazırlığın ört-basdır edilməsi məqsədini güdür.
Cənubi Qafqazda ədalətli və dayanıqlı sülh yalnız bu şərtlərin yerinə yetirilməsi ilə mümkündür. Rəsmi diplomatik bəyanatlarla manipulyasiya və Ermənistanın oyunbaz mövqeyi mövcud vəziyyəti yalnız daha da gərginləşdirir və real sabitliyin əldə olunmasını gecikdirir.
Paşinyanın siyasi xətti hüquqi boşluqlara əsaslanır, Avropa İttifaqının müşahidəçilərinin yerləşdirilməsi ilə manipulyasiyalar aparır və yeni Konstitusiya ətrafındakı qeyri-müəyyənliklər vasitəsilə sülh prosesini uzatmağa çalışır.
Azərbaycanla sülh sazişi barədə bəyan edilən "irəliləyişə" baxmayaraq, Ermənistan rəhbərliyinin məqsədyönlü strategiyası bu sənədin imzalanmasını hələ də təhlükə altına qoyur.
Paşinyan güzəştə getdiyi görüntüsünü yaratsa da, əslində Ermənistanın maraqlarına uyğun olmayan hər hansı sazişin ləğvi üçün özünə hüquqi boşluq saxlamağa çalışır.