Azərbaycan xalqına qarşı ağır cinayətlərdə, konstitusiyamızı və qanunlarımızı kobud şəkildə pozmaqda ittiham olunan Ruben Vardanyan 23 günlük aclıq şousunu dayandırıb. Təcrübə göstərir ki, bu qədər müddət qida qəbul eləməyən adam yerindən qalxa, ayaq üstə dura bilməz. Erməni oliqarx isə əksinə, məhkəmədə gümrah görünürdü, həyatı təhlükədə olana bənzəmirdi. Demək ki, aclıqdan yox, hansısa pəhrizdən-zaddan söhbət gedə bilər.
Erməni internet istifadəçilərinin də qeyd etdiyi kimi, “müalicəvi dieta” Vardanyana düşüb, onun görünüşünə babat təsir edib, “o, uzun müddət mübarizə apardığı artıq çəkidən qurtulub, gümrahlaşıb”. Daha bir səbəb var: Azərbaycan saxlanılan soydaşlarımıza, o sırada yolunu azıb o tərəfə keçmiş əsgərlərimizə qarşı antiinsani, vəhşicəsinə davranan, onların ləyaqətini alçaltmağı sevən Ermənistan deyil. Düşmən tərəfin quldur-banditinə münasibətdə belə, humanitar çərçivəni gözləyən dövlətdir.
Məlum tayfanın hər cür hoqqasını, saxtakarlığını, iblisliyini görmüşdük, buna da şahidlik elədik. Ancaq mövzu bu deyil...
Məsələ ondadır ki, “aclığa” son verən gün Vardanyanın ermənilərə ikinci müraciəti yayılıb. Və orada Azərbaycana əməlli-başlı meydan oxuyub. Özü də hər addımbaşı “artsax” sözünü işlətməklə. Məhkəməni şou adlandıran bu yaramaz erməni xalqını sətiraltı Azərbaycana qarşı mübarizəyə səsləyib. Lakin bundan əvvəl qonşu ölkədəki soydaşlarını Nikol Paşinyan hökumətinin işini bitirməyə çağırıb (İndi Nikol onun türmədən çıxmasına çalışarmı?!).
Hələ Bakıda istintaq altında ola-ola belə qələtlər edir, gör bu varlı qulduru, insanlıq düşmənini sərbəst buraxsaq, daha hansı şərəfsizlikdən çıxar. Məqsədini gizlətmir də. Görünür Avropa Parlamenti kimi satqın qurumların şər-böhtan dolu bəyanatları, olmayan vicdanını 5 sentə satmış bəzi amerikalı və avropalı siyasət dəllallarının ermənidən çox ermənilik edib yaxa cırması Rubeni içəridə ruhlandırıb.
Belədirsə, o, ciddi surətdə yanılır və öz vəziyyətini yalnız ağırlaşdırır. Çünki onun yerində olan tam fərqli, yumşaq və sülhpərvər taktika seçər, istintaqla əməkdaşlıq edərdi. O isə Azərbaycan xalqı və dövlətinə qarşı törətdiyi əməllərə görə zərrəcə peşmançılıq hissi keçirənə oxşamır. Dilinə peşmançılıq gətirmir. Öz aləmində günahsız olduğunu zənn edir. O zaman bədəlinə də artıqlaması ilə hazır olsun...
Bu xüsusda qardaş Türkiyə təcrübəsi də karımıza gələ bilər. Yəni Vardanyan və cinayətkar dəstəsi uşaq qatili Abdulla Öcalan, separatçı Səlahəddin Demirtaş kimi layiqli cəzalarına çatdırılmalıdır ki, digərlərinə əbədiyyən dərs olsun. Bir daha Azərbaycan xalqına qarşı murdar və xain iddialara, xam xəyallara düşməsinlər. Öncə iki-üç dəfə fikirləşsinlər. Onların havadarları isə zalımların cəzalandığını görüb də özlərini yığışdırsınlar.
Bakıda davam edən ədalət məhkəməsinin, XXI əsrin ilk “Nürnberq prosesi”nin əsas hədəfi bu. Zira, cinayət, terror cəzasız qalanda körpələr də əziyyət çəkir, qətliam edilir, qan donduran başqa vandallıqlar törədilir. Xuntaçıların mühakiməsi həm də günahsız körpələrin haqqı naminədir!
Şər cəzalanmayınca Xeyir rahatlıq tapa bilməz. Tapmamalıdır...
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta