AZ

Adəm İsmayıl Bakuvi: “Ermənistanın müharibəyə başlamaq haqqında düşünməsi belə, bu ölkə üçün acınacaqlı nəticələrə gətirib çıxara bilər”



“13 mart 2025-ci il tarixində Bakıda, “Gülüstan” sarayında XII Qlobal Bakı Forumu öz işinə başlayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Forumun bu dəfəki mövzusu “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi”dir. Ötən illərdə olduğu kimi, bu dəfə də Qlobal Bakı Forumunda müzakirə olunan məsələlər aktuallığı və son dərəcə vacibliyi ilə diqqəti cəlb edir. Forumun açılış mərasimində etdiyi çıxışında cənab ölkə Prezident cənab İlham Əliyev bir çox digər məsələlərlə yanaşı son bir ildə regionumuzda baş vermiş qlobal əhəmiyyətli bir çox hadisələrin də detallı təhlilini təqdim etdi. Təbii ki, həmin dövr ərzində baş vermiş mühüm hadisələr sırasında COP29-un yeri xüsusi qeyd edilməlidir. Bu, ötən il Azərbaycanda keçirilmiş əsas beynəlxalq tədbir oldu. Öz çıxışında bu mövzuya yer ayıran dövlət başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin COP29 tədbirində fəal iştirakını xüsusi vurğuladı. Mərkəzin tədbirin gedişi zamanı 16 panel müzakirəsi keçirdiyi, faktiki olaraq onlara ev sahibliyi etdiyi diqqətə çatdırıldı. Əlbəttə ki, bu, COP29-un uğuruna böyük töhfə idi. Cənab Prezident bir daha bildirdi ki, BMT-nin İqlim Dəyişikliyi Konfransına ev sahibliyi etmək hüququnun təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana verilməsi əlbəttə ki, qürur doğurucu bir nailiyyətdir. Bu, ölkəmizə olan hörmətin və etimadın təzahürü, eləcə də yaşıl keçid üzrə Azərbaycanın fəaliyyətinə verilən qiymət idi.”

Bu fikirləri aia.az-a verdiyi açıqlamasında ictimai xadim, politoloq Adəm İsmayıl Bakuvi ifadə edib.

Fikirlərini davam etdirən müsahibimiz bildirib ki, COP29 Azərbaycanın beynəlxalq aləmdə tutduğu yerin, malik olduğu nüfuzun daha bir göstəricisi kimi çıxış etməklə bərabər, eyni zamanda da ölkəmizə qarşı aşkar düşmənçilik mövqeyi sərgiləyən bəzi Qərb liderlərinin əsil fiaskosuna çevrildi: “COP29-u tamamilə haqlı olaraq “Bakı sıçrayışı” adlandırırlar. Təkcə 10 ildən artıq tərəflərin razılığa gələ bilmədiyi Paris Sazişinin 6-cı maddəsi üzrə konsensusun nəhayət ki, tapılması ən böyük nailiyyətlərdən biridir. Məhz bu maddə üzrə ümumi razılığın əldə olunması ilə karbon bazarı işlək hala gətirildi. Bu, prosesin gələcəkdə inkişafı üçün çox əhəmiyyətlidir. Digər mühüm nailiyyət ondan ibarət oldu ki, COP29-da bərpaolunan enerji layihələri üçün maliyyələşmənin əvvəlki 100 milyarddan 300 milyard dollara qədər artırılmasına nail olundu. Əlbəttə ki, maliyyələşmənin üç dəfə artırılması lazımınca qiymətləndirilməlidir. Bununla belə Bakı İqlim Konfransı bəzi Qərb medialarında qərəzli kampaniyalarla müşayiət olundu. XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında cənab Prezident İlham Əliyev bu kampaniyaların əsasən iki mərkəzdən qaynaqlandığını və idarə olunduğunu açıq mətnlə bəyan etdi. Bunlardan biri ABŞ-ın Dövlət Departamenti, digəri isə Fransa prezidentinin ofisi, cənab Makron özü, onların “Le Monde”, “Fiqaro” və digər bu kimi saxta xəbər mətbuatı idi. Bu, COP29-un boykot edilməsinə yönəlmiş qarayaxma və böhtanın əlaqələndirilmiş kampaniyası idi. Bu iki mərkəzi qatı anti-Azərbaycan mövqeyi tutmağa sövq edən əsas səbəb də bi idi ki, ABŞ və Fransa Azərbaycanla bağlı, Cənubi Qafqazla bağlı öz iradələrini yeridə bilmədilər. Fransa hökuməti hətta COP29-u boykot etmək üçün bir çox ölkələri təhrik edərək, daha uzağa getdi. Şəxsən Fransa prezidenti COP29-a qarşı kampaniya aparırdı. Lakin bütün bu cəhdlər yenə də nəticəsiz qaldı. Qeydiyyata alınmış 77 min iştirakçının, 197 ölkədən təmsilçilərin, 70 dövlət və hökumət başçısının qatıldığı COP29-u boykot edən yeganə ölkə Ermənistan oldu.”

Daha sonra politoloq A.İ.Bakuvi qeyd edib ki, Ermənistanı yeni müharibəyə təhrik edən və hazırlayan dairələr Cənubi Qafqazda destabillik və uzunmüddətli münaqişə ocağı yaratmaq niyyətindədirlər: “Hər zaman olduğu kimi, prinsipial və qətiyyətli mövqelərdən çıxış edən cənab Prezident İlham Əliyev birmənalı olaraq bəyan etdi ki, bu gün Ermənistanı yenidən müharibəyə sürükləyən Fransa və bu ölkənin Prezidenti Makrondur. Fransa Ermənistanı məhvedici silahlar təchiz edir və həmin silahların bizə qarşı yönəldilməsinə nəzarət edir. Mahiyyət etibarı ilə Avropa İttifaqının kəşfiyyat missiyası olan dırnaqarası “Avropa monitorinq missiyası” gecə-gündüz casus kimi sərhədlərimizdə dayanırlar. Avropanın Sülh Fondu milyonlarla dolları Ermənistanı silahlandırmaq üçün bu ölkəyə verir. Fransa onlara məhvedici silahlar göndərir. Belə olan halda, Ermənistan nəyə hazırlaşır? Daha doğrusu Fransa Ermənistanı nəyə hazırlaşdırır? Dövlət başçımızın dediyi kimi, əgər Ermənistan sülh istəyirsə, silahlanmaya ehtiyac yoxdur. Yox, əgər onlar bu dəfə də yeni himayədarlarının təhrikinə uyub silahlı münaqişəni başlatmaq istiqamətində bir səhv addım atarlarsa, bu zaman onları nələr gözlədiyini Ermənistan özü bütün havadarlarından daha yaxşı bilir” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.



Seçilən
10
aia.az

1Mənbələr