Tacikistan və Qırğızıstan arasında illərlə davam edən sərhəd münaqişəsi həll edildi!
Martın 13-də Tacikistan prezidentləri Emomali Rahmon və Qırğızıstan prezidenti Sadır Japarov uzun sürən ərazi mübahisəsini həll edən saziş imzaladılar. Danışıqlardan sonra liderlər bəyan ediblər ki, “bundan sonra da Qırğızıstan-Tacikistan dövlət sərhədi iki qardaş ölkə və xalq arasında əbədi dostluq sərhədi olaraq qalacaq”.
Qeyd ediblər ki, qarşıdakı dövrdə bu istiqamətdə irəliləyişin təmin edilməsi məqsədilə iki ölkənin iqtisadi potensialından səmərəli istifadə etməklə ticari-iqtisadi əməkdaşlığın keyfiyyətcə inkişafı üçün zəruri tədbirlər həyata keçiriləcək.
Dövlət başçıları Tacikistan və Qırğızıstan xalqlarının etnik və linqvistik kimliyinin qorunub saxlanmasına, o cümlədən Qırğızıstanda yaşayan etnik taciklər və Tacikistanda yaşayan etnik qırğızlar üçün onların doğma dillərinin, adət-ənənələrinin qorunub saxlanılması və inkişafı kontekstində münbit şəraitin yaradılmasına, ictimai birliklərin və milli mədəniyyət mərkəzlərinin fəaliyyətinə kömək edəcəklərini vəd ediblər.
Prezidentlər dünən həmçinin iki ölkə arasında 2021-ci ildən bağlanan iki keçid məntəqəsini – “Qayrağaç” və “Qızıl-Bel”i açıblar. Razılaşmaya əsasən, martın 14-dən etibarən iki ölkə arasında Bişkek-Düşənbə və əks, Bişkek-Xucənd və əks istiqamətlər üzrə aviareyslər bərpa olunacaq.
Qırğızıstan və Tacikistan arasında sərhəd müqaviləsi Qırğızıstandakı Ak-Suyu və Tacikistandakı İsfara çayından suyu götürən Qolovnoy qovşağından birgə istifadə üçün əsas yaratdı.
Həm iki ölkənin, həm Mərkəzi Asiyanın digər ölkələrinin mətbuatında bu hadisə tarixi addım kimi dəyərləndirilməkdədir. Bişkekdəki siyasi hadisəyə beynəlxalq və regional təşkilatlar da reaksiya verir. BMT-nin baş katibi Antonio Quterreş hər iki ölkəni bu tarixi nailiyyət münasibətilə təbrik edib və illərlə davam edən danışıqlar prosesini uğurla başa çatdırmaq üçün onların liderliyini, qətiyyətini və siyasi iradəsini yüksək qiymətləndirib. Bəyanatında o, iki ölkə arasında qarşılıqlı etimadın, mehriban qonşuluq münasibətlərinin və xalqları və bütövlükdə regionun sülhsevər gələcəyini gücləndirmək üçün davamlı konstruktiv fəaliyyətə ümid etdiyini bildirib.
Şanxay Əməkdaşlıq Təşkilatı da Qırğızıstan ilə Tacikistan arasında dövlət sərhədi haqqında Müqaviləni “məsələləri bərabərhüquqlu məsləhətləşmələr, qarşılıqlı anlaşma və hörmət ruhunda dinc vasitələrlə həll etmək üçün Tərəflərin xoşməramlılığının təcəssümü” adlandırıb. Təşkilatın açıqlamasında bildirilir ki, ŞƏT-ə üzv dövlətlər imzalanmış Müqavilənin xüsusi əhəmiyyətini qeyd edir və onu Şanxay Əməkdaşlıq Təşkilatı məkanında sülh, təhlükəsizlik və sabitlik işinə dəyərli töhfə kimi qiymətləndirirlər.
Dünyanın başı Ukrayna-Rusiya-ABŞ, İsrail-Yaxın Şərq, ABŞ-İran, ABŞ-Avropa İttifaqı, Donald Trampın rüsum siyasəti kimi qlobal əhəmiyyətli problemlərə qarışarkən iki Asiya ölkəsi arasındakı razılaşma nədən belə yüksək səviyyədə diqqəti cəlb etdi? Sualın cavabı Qırğızıstanla Tacikistan arasında dəqiqləşməyən sərhəd məsələsinin yaratdığı böyük problemlər və həmin problemlərin olmasında maraqlı tərəflə bağlıdır. Bu tərəf isə müxtəlif münaqişəli ərazilər formalaşdırmaqla postsovet ölkələrini öz nəzarət orbitində saxlamağa çalışan Rusiyadır.
Yenilənmiş məlumatlara görə, Qırğızıstan-Tacikistan sərhədinin ümumi uzunluğu 1006,84 kilometrdir ki, bunun da 519,9 kilometri 2011-ci ilə qədər yenilənib, 486,94 kilometri isə son üç ildə müəyyən edilib. 2011-ci ildən sonra məhz sərhədlərin qeyri-müəyyənliyi səbəbindən münaqişələr yaranıb. Bir çox postsovet ölkələrində etnik qruplara dəstək verib, separatçı rejimlər yaratmağa nail olan Rusiya Mərkəzi Asiyada bunu bacarmadı – etnik-dini amillər imkan vermədi. Bu səbəbdən də diqqət ölkələr arasında məhdud su resurslarının bölünməsi və sərhəd iddialarını qızışdırmağa yönəldildi. Krımı ilhaq etdikdən sonra Moskvanın diqqəti Mərkəzi Asiyaya yönəldi.
Özbəkistan-Qırğızstan, Qırğızıstan-Tacikistan, Tacikistan-Özbəkistan sərhəd münaqişələri alovlandı, çoxsaylı tələfatlarla nəticələnən toqquşmala yarandı.
Bölgədə sürətlə artan əhali sayı müqabilində su və münbit torpaq ehtiyatlarının məhdudluğu bu baxımdan Rusiyanın əlinə fürsətlər verdi. Belə ki, Mərkəzi Asiyanın əhalisi təkcə MDB ölkələri ilə müqayisədə deyil, həm də orta göstəricinin daha aşağı olduğu bütün Asiya ilə müqayisədə sürətlə artır – bir qadına 1,8 uşaq. O cümlədən Qırğızıstanda artıq bir qadına 2,9 uşaq düşdüyü halda, Tacikistanda bu rəqəm daha çox – 3,1, Özbəkistanda isə 2,7-dir. Rusiyanın əli ilə üç dövlətin paylaşdığı sıx məskunlaşan Fərqanə vadisinin resursları daha çox mübahisələndirilməyə başlayıb. Münaqişənin alovlanma nöqtəsi son onilliklərdə taciklərin sayının artdığı Qırğızıstanın sərhəd rayonları, həmçinin 2010-cu ildə özbəklərlə qırğızlar arasında qanlı toqquşmaların baş verdiyi Oş bölgəsidir.
Qlobal Cənubda ümumi olan su ilə bağlı münaqişələr Mərkəzi Asiyanın cənubunda siyasi coğrafiyaya görə daha da şiddətlənir. Hər iki ölkə Tacikistandan çıxan çaylardan (məsələn, İsfara) asılıdır. Bunlardan əlavə, ortaq torpaqlarda yerləşən Qolovnoye su anbarı Qırğızıstanda suvarma üçün vacibdir. Anbardan həm də Tacikistan istifadə edir. Anbar Sovet dövründə bəlkə də məqsədyönlü şəkildə iki respublikanın ərazisində inşa edilib.
Tacikistan ərazisinin 47 faizi, Qırğızıstan ərazisinin isə 42 faizi bu və ya digər formada quraqlığa məruz qalır. Belə bir şəraitdə razılığa gəlmək asan deyil – hamının suya ehtiyacı və ortada həmin suyu bulandıran qüvvə var.
Ölkələr arasında ilk toqquşma 11 yanvar 2014-cü ildə baş verdi. Bişkek Qırğızıstan ərazisində yerləşən, 40 minə qədər əhalisi olan tacik anklavı Vorux kəndinin ərazisindən keçməklə öz yaşayış məntəqələrinə yol çəkməyə çalışdı. Bu cəhd Tacikistan və Qırğızıstan hərbçiləri arasında sərhəd döyüşü ilə nəticələndi. Həmin ilin avqust ayında sərhədçilər arasında bu dəfə çaylardan birinin sahilində yenidən toqquşma olub. Və yenə də ssenari təkrarlandı: infrastruktur obyekti – keçid tikmək cəhdi qonşu icma tərəfindən düşmənçiliklə qarşılandı. Həm qırğızlar, həm də taciklər, könülsüz də olsa, öz aralarında “boz” zonalara dözməyə razı oldular. Bu sözsüz anlaşma tərəflərdən biri həmin ərazilərdə nəsə etmək istədikdə isə münaqişələr yarandı. 2019-cu ildə mübahisəli ərazidə dolama yolun tikintisi ilə bağlı qarşıdurma yenidən canlandı. 2021–2022-ci illərdə isə su faktoru yenidən gündəmə gəldi: Qolovnoye su paylayıcı məntəqəsinə (eyni adlı su anbarının yaxınlığında) girişlə bağlı mübahisə yarandı. Bu, vəziyyəti xeyli gərginləşdirdi. Toqquşmalar fasilələlərlə davam etdi, zorakılığın zirvəsi 2022-ci ilin payızında baş verdi və ən azı 59 adam öldü. Ondan sonra Rusiyanın başı Ukraynadakı işğalçı müharibəyə qarışdı və iki ölkə arasında münasibətlər tədricən yumşalmağa doğru getdi.
Rusiya mətbuatının dünənki anlaşmadan sonra dərc etdiyi materiallardan aydın görünür ki, Moskva ondan heç də razı qalmayıb: az qala bütün materiallarda Tacikistanın milli kimliyinə görə İrana, Qırğızıstanın Türkiyəyə bağlı olduğu, hər iki ölkənin Sovet dövrünə qədər müstəqil dövlət olmadığı kimi amillər qabardılır. Eyni zamanda Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın Qırğızstanla Tacikistan arasında sərhəd və digər problemlərin aradan qaldırılmasında mühüm rol oynadığı açıq qəzəb hissi ilə vurğulanır.
Qeyd edək ki, martın 31-də Tacikistanın Xocənd şəhərində Özbəkistan və Qırğızstanla üçtərəfli sammitdə iki ölkənin düşmənçilikdən dostluğa keçidini daha da möhkəmləndirəcək. Hər iki ölkə üçün Özbəkistan bir vaxtlar qorxulu qonşu olub. Prezident Şavkat Mirziyoyev regionun ən sıx məskunlaşdığı ölkəyə rəhbərlik etməyə başlayandan sonra bu yanaşma tamamilə dəyişdi. Məhz Mirziyoyev qonşuluğa təhlükə yox, fürsət kimi baxdı və öz ölkəsinin sərhəd mübahisələrinə son qoymaq üçün sürətli hərəkətə keçdi. Onun təşəbbüskarlığı sayəsində həm Tacikistan, həm Qırğızıstanla sərhəd mübahisələri tamamilə aradan qaldırıldı. Martın 31-də Xocənddə Tacikistan Respublikası, Qırğızıstan Respublikası və Özbəkistan Respublikası arasında dövlət sərhədlərinin qovşağına dair Saziş bağlanacaq. Beləliklə, Rusiyanın bu üç ölkəyə çox mühüm təzyiq rıçaqlarından biri həmişəlik tarixə gömüləcək.
Asiyanın postsovet ölkələri arasında əldə olunan sərhəd razılaşmaları bölgədə öz iqtisadi maraqları olan və getdikcə bu maraqları artıran Çin üçün çox əlverişlidir. Pekin Tacikistanın, Özbəkistanın nəqliyyat infrastrukturuna böyük investisiyalar yatırır, Qırğızıstanda Türkiyənin böyük investisiyaları var. Hər iki dövlət region ölkələri arasında sabit, mehriban münasibətlərin olmasında maraqlıdır. Bu, Azərbaycanın da maraqlarına uyğundur. Çünki Bakı Asiyadan, ələlxüsus da Çindən Tacikistan, Qırğızıstan və Özbəkistan üzərindən Avropaya göndərilən yüklərin mühüm bir qismini ötürmək niyyətindədir, bunun üçün müvafiq infrastruktur qrumağa milyardlarla dollar sərf edib, etməkdədir. Digər tərəfdən, Qırğızıstan və Özbəkistanla Türk Dövlətləri Təşkilatında da sıx əməkdaşlıq edən Azərbaycan həm onların öz arasında, həm də əhəmiyyətli qonşu olan Tacikistanla münasibətlərinin yüksək səviyyədə olmasından yalnız fayda görə bilər…Musavat.com