Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqlar başa çatıb. “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında” adlı saziş preambula və 17 maddədən ibarətdir.
Bir müddət əvvəl sazişin preambula və 15 maddəsinin razılaşdırıldığı, yerdə qalan 2 maddə üzrə danışıqların davam etdiyi açıqlanmışdı. Sözügedən maddələr sərhəddən üçüncü ölkələrə məxsus qüvvələrin çıxarılması və beynəlxalq məhkəmələrdə iddiaların qarşılıqlı şəkildə geri götürülməsi ilə bağlıdır. Artıq hər iki tərəf maddələri razılaşdırıb.
Ancaq sülh sazişi hələ də imzalanmağa hazır deyiıl. Çünki sülh sazişinin daha dayanıqlı olması üçün Ermənistan bir sıra şərtləri yerinə yetirməli, öhdəlik götürməlidir. Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Ermənistan konstitusiyasında və digər normativ hüquqi aktlarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dair qalan iddiaları aradan qaldırmalıdır.
Ermənistan tərəfi sənədin imzalanma tarixi və məkanının müzakirəsinə hazır olduqlarını bildirib. Əslində bu açıqlama ilə İrəvan Bakını fakt qarşısında qoymağa cəhd edir və beynəlxalq ictimai rəyi yönləndirməyə çalışır. Ancaq Ermənistanın bu cəhdlərlə sülh sazişinin imzalanması üçün lazım olan şərtləri yerinə yetirməkdən imtina edir.
Sülh sazişinin imzalanması üçün rəsmi Bakının şərtləri ayındır. Sazişin maddələrinin razılaşdırılması İrəvan sözügedən şərtləri yerinə yetirməyəcəyi təqdirdə, sülh sazişinin imzalanması çətin görünür.
Ermənistan Konstitusiyasında dəyişikliklər etməlidir
Azərbaycanın əsas tələbi Ermənistan Konstitusiyasında dəyişiklik edilməsidir. Ermənistanın hazırkı Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə iddialarını özündə ehtiva edən müddəalar mövcuddur. Xüsusilə, Konstitusiyanın preambulasında "Artsaxın (Qarabağın) erməni xalqının ayrılmaz hissəsi" kimi ifadələr yer alır, bu da Azərbaycanın suverenliyinə qarşı təhdid təşkil edir. Həmçinin, digər qanunvericilik aktlarında da oxşar müddəlar yer alıb. Ermənistan hökuməti bu cür müddəaları qanunvericiliyindən çıxarmalıdır.Beynəlxalq hüquq çərçivəsində dövlətlərin ərazi bütövlüyünə hörmət etməsi fundamental prinsip hesab olunur. Məsələn, Almaniya İkinci Dünya Müharibəsindən sonra qonşu ölkələrlə barışıq əldə etmək üçün öz Konstitusiyasında müvafiq dəyişikliklər etmişdi.
Ermənistan sürətlə silahlanmadan imtina etməli, sərhəd boyu öz ərazisində demilitarizasiya zonası yaratmalıdır
Ermənistan son bir neçə ildə sürətlə silahlanır. Fransadan, Hindistandan və digər ölkələrdən alınan silahlar hücum üçün nəzərdə tutulub. Rəsmi Bakı silahlanmanın dayandırılmasını tələb edir. Ötən gün Prezident İlham Əliyev də bu məsələyə toxunub. Onların silahlanması – bu, nəyi göstərir? Bu göstərir ki, onlar yeni müharibəyə hazırlaşırlar. “Kim onları yenidən müharibəyə sürükləyir? Fransa və onun Prezidenti. Onların Ermənistanı təchiz etdiyi məhvedici silahlar bizə qarşı yönəlir. Bu gün başqa yerdə lazım ola biləcək “Sezar” haubitsaları Ermənistana göndərilir. Əslində, Avropa İttifaqının kəşfiyyat missiyası olan dırnaqarası Avropa monitorinq missiyası gecə-gündüz casus kimi sərhədlərimizdə dayanır və baxırlar ki, bəlkə haradan, bir yerdən girə bilsinlər”, - dövlətimizin başçısı XII Bakı Qlobal Forumunun açılışında deyib.
Ermənistan, həmçinin sərhəd boyu demilitarizasiya zonasının yaradılmasıdır. Bunun əsas məqsədi hərbi eskalasiyanın qarşısını almaq, sərhəd xəttini sabit və təhlükəsiz vəziyyətə gətirməkdir. 2021-ci ildən etibarən Azərbaycan və Ermənistan sərhədində dəfələrlə atəşkəs pozuntuları qeydə alınıb. Xüsusilə, 2022-ci ilin sentyabrında baş verən toqquşmalar gərginliyi artırıb. Ermənistanın sərhəd boyunca hərbi mövqelərini azaltması və hərbi təchizatını geri çəkməsi münaqişənin yenidən alovlanmasının qarşısını almağa kömək edə bilər. Beynəlxalq təcrübədə də buna bənzər hallar mövcuddur. Məsələn, 1973-cü ildə Misir və İsrail arasında Sinay yarımadasında demilitarizasiya zonası yaradılmış və bu, tərəflər arasında gərginliyi azaldıb.
Zəngəzur dəhlizi açılmalıdır
Azərbaycanın digər tələblərindən biri Zəngəzur dəhlizinin açılmasıdır. Dəhliz Azərbaycanı Naxçıvanla birləşdirəcək və regional iqtisadi əlaqələrin inkişafına töhfə verəcək. 2020-ci il 10 noyabr bəyanatına əsasən, Ermənistan bu dəhlizin açılmasına razılıq versə də, hələ də praktiki addımlar atılmayıb.
Ermənistan Baş naziri Paşinyan Türkiyə mətbuatına müsahibəsində bildirib ki, İrəvan Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqəni təmin etməyə hazırdır. Ancaq bu açıqlama ilə Paşinyan beynəlxalq ictimai rəyi yöləndirməyə cəhd edir. Çünki, Azərbaycanın qərbindən Naxçıvana gedən yük və sərnişinlərin təhlükəsizliyinin kim tərəfindən təmin ediləcəyini, buna necə təminat veriləcəyini açıqlamır. Ermənistanın bu tələbi yerinə yetirməməsi regional layihələrdən kənarda qalmasına səbəb ola bilər.
Ermənistan cəmiyyəti sülhə hazırlanmalıdır
Sülh prosesinin davamlı olması üçün yalnız hökumət səviyyəsində deyil, eyni zamanda, cəmiyyət səviyyəsində də müvafiq addımlar atılmalıdır. Ermənistan mediası və siyasi qüvvələri uzun illər Azərbaycan əleyhinə təbliğat aparıb və bu, cəmiyyətdə düşmənçilik hisslərini gücləndirib. Sülh sazişinin uğurlu olması üçün Ermənistan hakimiyyəti təhsil, media və ictimai platformalar vasitəsilə Azərbaycanla dinc yanaşı yaşamağın mümkünlüyünü vurğulamalıdır. Məsələn, 1990-cı illərdə Fransa və Almaniya arasındakı düşmənçilik tarixi dərsliklərdə neytral şəkildə izah edilib və bu, iki xalq arasında barışığa töhfə vermişdi. Ermənistanda da oxşar yanaşmanın tətbiqi sülhün möhkəmlənməsinə xidmət edə bilər.
Beləliklə, Azərbaycan və Ermənistan arasında sülh sazişinin yekunlaşması tarixi bir hadisədir. Ancaq sazişin müddəalarının razılaşdırılması hələ onun imzalanmağa hazır olması mənasına gəlmir. Sərhəddə demilitarizasiya zonasının yaradılması təhlükəsizliyi təmin edəcək, Konstitusiya dəyişiklikləri gələcək iddiaların qarşısını alacaq, Zəngəzur dəhlizinin açılması regional əməkdaşlığı inkişaf etdirəcək və erməni cəmiyyətinin sülhə hazırlanması qarşıdurmanı bitirəcək. Bu şərtlər həyata keçirildikdə, Cənubi Qafqazda sabitlik və davamlı sülh üçün yeni bir dövr başlaya bilər.
Modern Təhlil və Araşdırma Qrupu