Məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş, həmçinin sonradan boşanmış qadınlara da vahid aylıq müavinətin verilməsi təklif olunur.
Publika.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.
Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan hesabata əsasən, bu təkliflə Ədliyyə Nazirliyi çıxış edib və Konstitusiya Məhkəməsinə məktub ünvanlayıb.
Belə ki, "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair" Qaydanın 2.4-cü bəndinə görə qadınlar məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getdikdə, həmçinin sonradan boşandıqda onlar məcburi köçkün statusunu, habelə həmin şəxslər üçün nəzərdə tutulmuş vahid aylıq müavinətdən istifadə hüquqlarını itirirlər.
Lakin bu hal ailə vəziyyətini dəyişən kişilərə münasibətdə nəzərdə tutulmayıb.