AZ

Savaşın qəhrəmanı: Türk həkim Tarık Nüsret kimdir?

1915-ci il, Böyük Britaniya və Fransa İstanbulu tutaraq Osmanlı dövlətini Birinci dünya müharibəsindən çıxarmaq və müttəfiqlərin Rusiyaya dəniz yolunu açmaq üçün Dardanel əməliyyatını (Çanaqqala savaşı) keçirirlər. Türklər bütün qüvvələrini toplayıb müqavimət göstərirlər.
İtkilər çox böyükdür. O zaman yaralıların ağrı şokundan ölməməsi üçün istifadə olunan əsas preparat morfindir. O da hamıya çatmır.

Cərrahi əməliyyat üçün nəzərdə tutulan çadırların önündə bir masa qoyulub. Yaralılar həmin masaya uzadılır, doktorlar da onları müayinə edərək yaşamaq şansını nə qədər olduğunu qiymətləndirirlər: çatışmayan, qızıl qiymətinə olan morfini bu yaralıya vurmağa dəyər, ya dəyməz?
Əslində bütün yaralıların ağrıkəsiciyə ehtiyacı vardı. Ən azı, ölüm öncəsi əzablarını azaltmaq üçün. “Sıravi Rayanın xilası” filmində bir epizod var. Ölümcül yaralanmış ABŞ əsgərinə iki, ya üç morfin vurulur. O da aldığı yaradan yox, həzz içində “peredoz”dan ölür.

Amma 1915-ci ildə Osmanlı həkimlərinin o lüksü yoxdu. Onlar çox vaxt xəstənin heç üzünə baxmadan, saniyələr içində yarasına nəzər yetirərək yaşamaq şansının olub-olmaması və buna söykənərək morfin vurulub-vurulmaması barədə hökm verirlər.
Belə həkimlərdən biri də Tarık Nüsret idi. Bir gün eyni işlə məşğul olarkən, ümidsiz hesab edib morfin vurmaqdan imtina etdiyi əsgərlərdən birindən “baba” sözünü eşitdi. Üzünə baxanda həmin yaralının öz oğlu olduğunu gördü. Bir daha yarasına baxdı, ümidsiz olduğuna bir daha əmin oldu. O, yenə də oğlunun ağrısız ölməsi üçün morfin vura bilərdi. Amma morfin çatışmırdı. Yaşamaq şansı olan başqa əsgərin ona ehtiyacı vardı. Buna görə də vurmadı.

Həmin əsgər təxminən bir saat sonra ağrılar içində canını tapşırdı. Doktor Tarık Nüsret növbəsini təhvil verəndən sonra oğlunun cəsədinə baş çəkdi və “Bağışla, oğlum, o morfin sənin haqqın deyildi” söylədi.

Bəzən elə tarixi məqamlar olur ki, ölkəni qurtarmaq üçün təkcə siyasətçilər və hərbçilərin deyil, cəmiyyətin bütün təbəqələrinin fədakarlığı lazım olur. Çanaqqalada başlayan və Lozannaya qədər davam edən dövr türklər üçün məhz belə məqam idi. Ölkəni təkcə Mustafa Kamal paşa deyil, həm də Tarık Nüsret kimi kiçik insanlar qurtardı.

Bugün Türkiyədə tibb bayramıdır. Tarık Nüsreti xatırlamamaq olmaz.

Yadigar Sadıqlı

Seçilən
19
veteninfo.az

1Mənbələr