Bu il yanvarın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1098,3 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 1096,0 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,7 faizini təşkil edir.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd olunub ki, həmin şəxslərin 64,3 faizi yaşa, 23,2 faizi əlilliyə, 12,5 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz artaraq 496,6 manat təşkil etmiş və orta aylıq əmək- haqqının 49,2 faizinə bərabər olub.
Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Prezidentinin 2025-ci il 5 fevral tarixli 469 nömrəli sərəncamına əsasən bu ilin 1 yanvar tarixindən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılıb.
“Əmək pensiyaları haqqında” qanunda edilən müvafiq dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 14,3 faiz artırılaraq bu ilin 1 fevral tarixindən 320 manat müəyyən olunub.
Bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir. Belə ki, 2025-ci il yanvarın 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 156,2 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 143,7 min) nəfər, əlilliyə görə - 42,6 min nəfəri 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər olmaqla, cəmi 218,4 min (müvafiq olaraq 47,0 min və 217,7 min) nəfər, ailə başçısını itirməyə görə - 56,4 min (57,2 min) nəfər, digər müavinət növlərini alanların sayı isə 22,2 min (23,4 min) nəfər olub.
Eyni zamanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 163 nəfər qəyyumuna aylıq müavinət verilib.