Sabunçu rayonun və Bakıxanov qəsəbəsində 200-dən çox qəzalı bina mövcuddur, onlardan 47-nin qəzalı vəziyyətdə olduğunu təsdiq edən akt tərtib edilib.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı”nın müzakirəsində parlamentin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa deyib.
Fazil Mustafa bildirib ki, vəsait olmadığı üçün digər binalarla bağlı belə akt tərtib etmirlər: “Qəzalı vəziyyətdə olan 2 və 3 mərtəbəli 174 binanın sakinləri bu məsələyə əncam çəkilməsini gözləyir. Məsələnin həlli sahibkarların bu işə cəlb olunmasıdır. Amma bu, stimullaşdırılmalıdır. Hazırda qəzalı binaların sakinlərinə hər kvadratmetr üçün 1300 manat verirlər. Amma vətəndaş bu pula şəhər mərkəzində ev ala bilmir, məcbur gedib şəhər kənarında gecəqondu tikir”.
Deputat binaların zirzəmisinə yığılan qrunt sularına da diqqət çəkib: “Bu məsələdə də abadlıq işlərinin aparılması vacibdir”.