Övladlığa uşaq götürmək istəyən ailələr üçün proses müəyyən mərhələlərdən ibarətdir və əsas məqsəd uşağın təhlükəsiz və qayğıkeş ailədə böyüməsini təmin etməkdir. Namizədləri əvvəlcə sosial və ailə vəziyyətləri, psixoloji durumları yoxlanılmalı və uyğunluqları təsdiqləndikdən sonra uşaqlarla ünsiyyət qurulmasına başlanılır.
Bəzi ailələr prosesin uzunluğundan şikayət etsə də, dövlətin tələbləri uşağın rifahına yönəlib. Sabit gəlirlər, şəxsi yaşayış sahəsi və digər sosial təminatlar vacibdir. Ailələrin daha çox yeni doğulmuş və sağlam uşaqları istəməsi gözləmə müddətini uzada bilər.
Bəs övladlığa uşaq götürərkən hansı problemlər yaranır? Valideyn olmaq arzusunda olan şəxslər bürokratik əngəllərlə rastlaşırmı?
Mövzu ilə bağlı hüquqşünas Kamandar Hüseynov Avtosfer.az-a açıqlamasında bildirib ki, övladlığa götürmə mürəkkəb və çoxmərhələli bir prosesdir:
“Bu proses Azərbaycan Respublikası Ailə Məcəlləsinin 118-ci maddəsinə əsasən tənzimlənir və üç əsas mərhələdən ibarətdir.
Birinci mərhələdə övladlığa götürmək istəyən şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial portalında uçota alınmalıdır. Daha sonra övladlığa götürmə prosesi uşağın mənafeyinə uyğun olub-olmaması baxımından qiymətləndirilir. Bu mərhələdə övladlığa götürmək istəyən şəxsin sağlamlığı, ailə vəziyyəti, yaşayış şəraiti, maddi durumu və digər vacib faktorlar geniş şəkildə araşdırılır.
İkinci mərhələdə namizədin yoxlamaları müsbət nəticələndikdə, seçilmiş uşaqla potensial valideynlərin sınaq müddəti ərzində ünsiyyəti təmin edilir. Bu müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial işçi təyin olunur. Sosial işçi ailənin uşağa münasibətini, qayğı səviyyəsini və ailə bağlarının necə formalaşdığını mütəmadi monitorinq edir. Eyni zamanda, övladlığa götürən şəxslərlə davamlı söhbətlər aparılır, onlar psixoloji və hüquqi cəhətdən maarifləndirilir.
Üçüncü və sonuncu mərhələdə sınaq müddəti uğurla tamamlandıqda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən övladlığa götürmə ilə bağlı rəsmi sənədləşmə həyata keçirilir. Bunun əsasında övladlığa götürmək istəyən şəxs və ya şəxslər məhkəməyə xüsusi icraat qaydasında ərizə ilə müraciət edirlər. Məhkəmə prosesi zamanı bütün hüquqi aspektlər nəzərdən keçirilir və müsbət qərar qəbul olunduqda övladlığa götürmə rəsmiləşdirilir. Adətən məhkəmə prosesi bir neçə ay çəkir və yekun qərar qəbul olunduqdan sonra uşaq rəsmi olaraq yeni ailəsinə verilir”.
Hüquqşünas əlavə olaraq qeyd edib ki, övladlığa götürmə prosesi uşağın mənafeyinin qorunması baxımından ciddi nəzarət altında həyata keçirilir:
“Bu sistemin əsas üstünlüyü ondan ibarətdir ki, uşaq üçün uyğun ailənin seçilməsi diqqətlə yoxlanılır, gələcək valideynlərin uşağa lazım olan qayğını göstərməyə nə dərəcədə hazır olduqları qiymətləndirilir. Lakin bəzi məhdudiyyətlər də mövcuddur. Məsələn, uzunmüddətli nikahda olan ailələrə üstünlük verilməsi müəyyən hallarda haqlı narazılıqlara səbəb olur. Çünki bəzi gənc ailələr daha diqqətli və qayğıkeş ola bilirlər. Digər bir məhdudiyyət isə övladlığa götürmə prosesinin çox uzun çəkməsidir. Bir çox namizədlər bu uzun müddət ərzində yorulub prosesdən imtina edirlər.
Daha optimal nəticələr əldə etmək üçün prosesin bəzi mərhələləri qısaldıla bilər. Məsələn, sənədlərin hazırlanması, təlim-tərbiyə mərhələsi və sınaq müddəti daha çevik və səmərəli şəkildə təşkil edilə bilər. Bu, həm uşaqların daha tez ailəyə qovuşmasına, həm də övladlığa götürmək istəyən şəxslərin həvəsdən düşməsinin qarşısını almağa kömək edər”.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə qeyd edib ki, övladlığa uşaq götürərkən hər hansı ciddi problem yaranmır, sadəcə ailələr düzgün qaydada müraciət etməlidirlər:
“Bunun üçün ən uyğun addım DOST Agentliyinə müraciət etməkdir. Əgər sənədləşmə dəqiq aparılarsa və bütün tələb olunan sənədlər qaydasında olarsa, heç bir maneə olmur. Namizədlər sənədləri təqdim etdikdən sonra təlimə cəlb olunurlar və müəyyən imtahanlardan keçirlər. Uşaqların seçimi isə olduqca ciddi yanaşmalar əsasında həyata keçirilir.
Övladlığa götürmək istəyən ailələr bəzən prosesin uzunluğu və tələblər səbəbindən bunun bir problem olduğunu düşünə bilirlər. Halbuki burada əsas məqsəd uşağın gələcək rifahını təmin etməkdir. Məsələn, dövlətin qərarına əsasən, övladlığa götürən şəxsin şəxsi evi olmalıdır ki, uşağın yaşayışı üçün uyğun şərait yaradılsın. Bundan əlavə, stabil əməkhaqqı və müəyyən edilmiş yaşayış standartlarına uyğun bazar səbətinin qarşılanması da vacib şərtlərdəndir. Əgər bu tələblər yerinə yetirilirsə, hər hansı problem yaranmır”.
Kamlə Ağazadə sonda bildirib ki, bəzi ailələr daha çox yeni doğulmuş və ya üç yaşına qədər olan uşaqları övladlığa götürmək istəyirlər:
“Halbuki valideyn himayəsindən məhrum olan daha böyük yaşlı uşaqlar da var və onların ailə mühitinə qovuşması vacibdir. Azərbaycanda yeni doğulmuş və övladlığa verilə biləcək uşaqların sayı azdır. Buna görə də bir çox ailələr uzun müddət növbədə qalmalı olurlar.
Digər bir məsələ də odur ki, tərk edilmiş və ya himayəsiz qalan uşaqların arasında müəyyən patoloji xəstəliklərə malik olanlar da olur. Lakin övladlığa uşaq götürmək istəyən ailələrin əksəriyyəti sağlam uşaqlara üstünlük verdiyi üçün bu cür uşaqların ailə tapması daha çətinləşir. Ümumiyyətlə, övladlığa götürmə prosesində hər hansı əlavə maneə və ya qərəzli yanaşma yoxdur. Əsas məqsəd uşaqların sağlam və təhlükəsiz bir ailə mühitində böyüməsini təmin etməkdir”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirildi ki, Prezident İlham Əliyev tərəfindən 12 iyul 2023-cü il tarixdə imzalanan qanunvericilik aktları ilə Azərbaycanda himayədar ailə institutunun tətbiqinə başlanıb:
“Uşaqlara qayğının dünyada geniş yayılmış nümunələrindən biri olan “Himayədar ailə” qayğı modeli valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, valideynləri tərəfindən müəssisəyə qoyulmuş uşaqların qısa və ya uzun müddət ərzində dövlət nəzarəti altında ödənişli əsaslarla ailə mühitində böyüməsi və inkişafını nəzərdə tutur. Eyni zamanda məqsəd valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisələrə düşməsinin qarşısının alınmasıdır.
Valideyn himayəsindən məhrum olmuş uşaqlar onların mənafeyinə uyğun olduğu hallarda himayədar ailəyə verilə bilər.
Ötən dövrdə valideyn himayəsindən məhrum olmuş 39 uşaq himayədar ailəyə verilib”.
Nazirlikdən əlavə olaraq bildirilib ki, himayədar ailələrə verilən uşaqlardan 15-i oğlan, 24-ü qızdır:
“Qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb. Bu müddətdə 4 uşaq himayədar ailədən öz bioloji valideynlərinə və müəssisələrə qaytarılıb”.
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanıb.
Müəllif: Eltac Zülfüqaroğlu