AZ

Azərbaycanda ərzaqlıq buğda istehsalı ilə bağlı müqavilə bağlanmış sahələrin ölçüsü açıqlanıb

Kənd Təsərrüfatı Nazirliyi 2022-ci ildə 19 rayonda 22,6 min hektar, 2023-cü ildə 8 rayonda 2,9 min hektar, 2024-cü ildə 13 rayonda 3,4 min hektar pivotaltı sahə üçün ərzaqlıq buğda istehsalına dair təsərrüfatlarla müqavilələrin bağlanılması təmin edib.

“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Məlumata görə, hesabat ilində 22,8 min hektar sahədə biçin aparılıb, 92,7 min ton ərzaqlıq buğda istehsal edilib, bundan 85 min ton məhsul tədarük məntəqələrinə təhvil verilib. Ümumilikdə 16 rayon üzrə təhvil verilən 85 min ton ərzaqlıq buğdaya görə dövlət büdcəsinin vəsaiti hesabına 11 milyon 096,2 min manat məhsul subsidiyası verilib.

İl ərzində ərzaqlıq buğda istehsalı ilə məşğul olan sahibkarlıq subyektlərinin 3,1 min hektar ərazidə quraşdırdığı 79 dəst pivot suvarma sisteminin maliyyələşdirilməsi məqsədilə 12 müraciət üzrə 746 min manat məbləğində güzəştli kredit və 5060 min manat məbləğində güzəştli vəsait ayrılıb.

Bundan başqa, Nazirlər Kabinetinin 3 iyun 2024-cü il tarixli qərarı ilə "Ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərək Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlamış sahibkarlıq subyektlərinə müasir suvarma sistemlərinin alınması üçün kredit təşkilatlarının öz vəsaitləri hesabına veriləcək kreditlər üzrə dövlət zəmanətinin verilməsi Qaydası" təsdiq edilib. Qaydaya əsasən ərzaqlıq buğda istehsalçılarının müasir suvarma sistemlərini almaq üçün onlara verilən kreditlərə dövlət zəmanətinin verilməsinə dair müraciət qaydası, ödəniş şərtləri və digər məsələlər müəyyən edilib.

Seçilən
1
1
ikisahil.az

2Mənbələr