AZ

Zaman Ermənistanın əleyhinə işləyir

Ermənistan və Azərbaycan arasında sülh sazişi layihəsinin mətninin razılaşdırılması ilə bağlı danışıqlar prosesinin yekunlaşdırılmasını birmənalı olaraq hər iki tərəfin uğuru hesab etmək olar. Əsas mərhələ, ən gərgin və kritik dövr arxada qaldı. İndi həlledici addımın atılması, Ermənistan və Azərbaycan arasında Cənubi Qafqazda davamlı sülhə yol açmalı olan yekun sülh sazişinin imzalanması üçün tam əlverişli zəmin yaranır. Hərtərəfli və ədalətli sülh sazişi şübhəsiz ki, bütün regionda və ondan kənarda qalıcı sülhü və sabitliyi mümkün edəcək, eyni zamanda, təhlükəsizliyi və iqtisadi tərəqqini gücləndirəcək.

Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatması regionda sülh və sabitliyin əldə edilməsi istiqamətində çoxdan gözlənilən addım idi. Bunun üçün son 4 ildə tərəflər arasında olduqca böyük iş görülüb, gərgin danışıqlar aparılıb, sülh sazişinin mətni üzərində təxminən 12 dəfə redaktə, əlavə və dəyişikliklər edilib. Razılaşdırılması yubanan son iki bənd də artıq razılaşdırılıb. Ermənistan Xarici İşlər Nazirliyi diplomatik kanallar vasitəsilə Azərbaycan Xarici İşlər Nazirliyinə məlumat verib ki, İrəvan “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş” layihəsinin razılaşdırılmamış iki maddəsi üzrə Azərbaycanın təkliflərini qəbul edir.

Beləliklə, sülh müqaviləsinin mətni imzalanmağa tam hazırdır. Yekun sülh sazişinin mümkün qədər tez imzalanacağına ümid etmək olar. Çünki Ermənistan tərəfi də, Azərbaycan da sazişin imzalanma vaxtı və yeri ilə bağlı müzakirələrə başlamağa hazır olduqlarını bildiriblər. Ermənistanın baş naziri Nikol Paşinyan artıq əvvəlki dəyişkən və avantürist siyasətindən əl çəkməli, sülh sazişinin imzalanmasını süni surətdə ləngidən axmaq hərəkətlərinə son qoymalıdır. Çünki zaman Ermənistanın əleyhinə işləyir. Bayden administrasiyasının siyasi səhnədən getməsi və qlobalistlərin iflası ilə Qərbin dəstəyindən məhrum olan Ermənistanın bundan sonra yalnız bir yolu qalır: Azərbaycan və Türkiyə ilə münasibətləri sürətlə normallaşdırmaq, yekun sülh sazişini də mümkün qədər tez imzalamaq. Paşinyanı qarşıdakı ağır siyasi məğlubiyyətdən yalnız bu cür çevik addımlar xilas edə bilər.

Bizim tərəfimizdən yekun sülh sazişinin imzalanması üçün heç bir problem yoxdur. Azərbaycan bu sazişin vaxt itirilmədən imzalanmasında və Cənubi Qafqazda dayanıqlı sülhün tezliklə bərqərar olmasında maraqlıdır. Bunu Prezident İlham Əliyev də ötən gün XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında vurğuladı. Ermənistana təqdim olunan sülh müqaviləsinin ilkin mətninin məhz Azərbaycan tərəfindən hazırlandığını bildirən dövlətimizin başçısı, “Biz Cənubi Qafqazda sülh qurmalıyıq” çağırışını səsləndirməklə ölkəmizin real sülhdə nə dərəcədə maraqlı olduğunu bir daha açıq şəkildə nümayiş etdirdi. İndi necə deyərlər, top Ermənistan tərəfdədir.

Rəsmi İrəvan yekun sazişin imzalanması üçün həm ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunması, həm də Ermənistan konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarına dair bəndin çıxarılması ilə bağlı Bakının tələbini yerinə yetirmək üçün siyasi iradə nümayiş etdirib yekun sülh sazişinin imzalanmasının yolunu açmalıdır. Başqa sözlə desək, Ermənistanın baş naziri müxtəlif siyasi manipulyasiyalara son qoyub sözügedən addımları atmalı, gerçək sülh tərəfdarı olduğunu sözdə yox, əməldə sübut etməlidir. Paşinyanın başqa yolu yoxdur.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Seçilən
4
ictimairey.az

1Mənbələr