Martın 14-də Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb.
Publika.az xəbər verir ki, iki gün davam edəcək konfransda bir sıra ölkələrdən elm adamları, tədqiqatçılar, ekspertlər, eləcə də qeyri-hökumət təşkilatlarının təmsilçiləri və media nümayəndələri bir araya gəliblər. İştirakçılar əvvəlcə Azərbaycan ərazisindəki qədim yaşayış məskənlərindən aşkar olunan eksponatlardan ibarət sərgi ilə tanış olublar.
Beynəlxalq konfransın iştirakçılarını salamlayan mədəniyyət naziri Adil Kərimli bildirib ki, Azərbaycanın zəngin mədəni irsinin ən qiymətli elementini ölkəmizdə yerləşən tarixəqədərki insan məskənləri təşkil edir. Belə ki, ibtidai insanların yaşadıqları çoxsaylı qədim məskənlər, xüsusilə də Azıx, Tağlar və Damcılı kimi mağara düşərgələri, həmçinin Qobustan qayaüstü rəsmləri bəşər sivilizasiyasının inkişaf mərhələlərinin öyrənilməsində mühüm rol oynayır: “Bu abidələr sivilizasiya və mədəniyyətin beşiyi hesab edilməklə yanaşı, insanların fiziki və mənəvi inkişaf mərhələlərinin, kamilləşmə yolunun, əmək vərdişləri və yaşam tərzlərinin, həmçinin onların miqrasiya yollarının tədqiqi baxımından müstəsna əhəmiyyət kəsb edir”.
Nazir deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən milli mədəniyyət siyasətinin qayəsində ölkə ərazisində yerləşən bütün mədəni irsimizin, o cümlədən tarixi və mədəni abidələrin etnik və dini mənsubiyyətindən asılı olmayaraq dövlət tərəfindən mühafizə, bərpa və təbliğ edilməsi dayanır. Dövlət başçısının çıxışlarında qeyd etdiyi kimi multikultralizm Azərbaycan xalqının həyat tərzinə çevrilib.
Konfransın gedişatında qədim insan məskənlərinin ortaq tədqiqi və təbliği ilə bağlı vahid platformanın təsis edilməsi məsələsinin də nəzərdən keçirilməsini təklif edən nazir deyib ki, bu sahədə çoxsəviyyəli beynəlxalq mübadilə proqramları yalnız dövlətlərarası və beynəlxalq təşkilatlar çərçivəsində olmamalı, həm də elmi institutlar, universitetlər, beyin mərkəzləri, muzeylər, hətta QHT-lər arasında da həyata keçirilməlidir.
“Hərbi təcavüzə məruz qalmış və torpaqlarının bir hissəsinin 30 ilə yaxın işğal altında qalmış bir dövlət olaraq, biz bu acı həqiqəti öz təcrübəmizdə yaşamışıq. İşğalçı qüvvələr tərəfindən tarixi abidələr dağıdılmaq və xalqımıza məxsus zəngin və qədim eksponatlar talanmaqla yanaşı, dünyanın ən qədim insan məskənlərindən olan Azıx mağarasında qanunsuz arxeoloji ekspedisiyaların aparılması da müşahidə edilmişdir. Bu xüsusda, düşünürəm ki, ikinci panel sessiya zamanı müzakirələr çərçivəsində həm də beynəlxalq təşkilatların mövcud mexanizmlərinin təkmilləşdirilməsi və monitorinq imkanların genişləndirilməsi yollarına da toxunulmalıdır”, - deyə mədəniyyət naziri vurğulayıb.
Adil Kərimli qeyd edib ki, Azərbaycan hökuməti Prezidentin iradəsi və tapşırığı ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirir. Bu tədbirlər həm də mədəniyyətimizin yenidən dirçəlməsinə hesablanıb.
Konfransın əhəmiyyətini qeyd edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli bildirib ki, bu tədbir gələcəkdə ölkəmizin ərazisindəki tarixi abidələrin tədqiqinə və təbliğinə öz töhfəsini verəcək. Dünyada bərabəri olmayan Azıx mağarası haqqında məlumat verən akademik deyib ki, ermənilərin torpaqlarımızı işğalı nəticəsində Qarabağdakı bütün tarixi mirasımızla yanaşı, bu abidəyə də böyük ziyan dəyib. Vətən müharibəsində qazandığımız tarixi Qələbədən sonra bu ərazilərdəki abidələrin tədqiqinə xüsusi önəm verilir. Son iki ildə Azıx mağarasında Azərbaycan və xarici mütəxəssislərin iştirakı ilə ciddi tədqiqat işləri aparılmaqdadır,.