AZ

Bu malları alarkən dəyişdirmək olmaz - SİYAHI

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda lazımi keyfiyyətli qeyri-qida malının dəyişdirilməsinə dair müddəalar təsbit olunub.

Bu sözləri Far.Az-ə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Elşən Cəfərov bildirib.

O əlavə edib ki, qanuna əsasən, lazımi keyfiyyətli qeyri-qida malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ var:

"Malın alınma günü sayılmamaq şərti ilə, istehlakçı 14 gün ərzində onu lazımi keyfiyyətli mala dəyişdirə bilər. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər.

İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli maldəyişdirilərkən istifadə olunmamış olmasına diqqət yetirilməlidir. Yəni, malın əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı saxlanılmalıdır.

Malın alınmasına dair kassa qəbzi və digər sənədlər mövcuddursa, bu halda mal dəyişdirilə bilər. Göründüyü kimi, qanunvericilik ilk növbədə lazımi keyfiyyətli qeyri-qida malının dəyişdirilməsi ilə bağlı tələbləri müəyyən edir".

Agentlik rəamisi qeyd edib ki, malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, istehlakçı malın qaytarılmasını tələb edə bilər:

"Malın istifadə olunmamasına və təsdiqedici sənədlərin təqdim edilməsinə olan tələblər malın dəyişdirilməsində olduğu kimi, qaytarılmasına da şamil olunur.

Lakin bəzi mallar var ki, onlar dəyişdirilmir. Dəyişdirilməli olmayan malların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.05.1998-ci il tarixli 114 nömrəli Qərarı ilə təsdiq edilib.

Həmin siyahıya aşağıdakılar daxildir:

1. Qızıl və qızıl məmulatları

2. Qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar

3. Bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr)

4. Parfümer-kosmetika malları

5. Kişi, qadın və uşaq çimərlik paltarları

6. Bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları

7. Məişət-kimyası malları

8. Şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.)

9. Uşaq oyuncaqları

10. İstehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları

11. Ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar

12. Dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları.

Malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək, ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir. Satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən istehlakçıya məlumat verməlidir".

Seçilən
0
2
far.az

3Mənbələr