Taksilərdə kameraların və taksometrlərin quraşdırılması ilə bağlı illər əvvəl qərar qəbul edilsə də, bu sistemlərin geniş tətbiqi hələ də reallaşmayıb. Nəzarət zəifdir, sürücülər isə bu yeniliyə maraq göstərmir. Halbuki bu sistemlər sərnişinlərin təhlükəsizliyi və xidmətin şəffaf olması üçün vacibdir. Nəqliyyat eksperti Aslan Əsədov Metbuat.az-a açıqlamasında bildirib ki, sözügedən qərar keçən ilin may ayında verilib. Qərara əsasən, taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrinin xüsusi avadanlıqlarla təmin edilməsi nəzərdə tutulur:
“Bu qərar artıq bir müddət əvvəl qəbul edilib, lakin icrası ləngiyir. Bunun bir neçə səbəbi var. Birincisi, proses hələ tam yekunlaşmayıb. Xüsusilə yaş senzuru tətbiq edilən nəqliyyat vasitələrinin sayı kifayət qədər deyil və bu, ümumi prosesin tamamlanmasını gecikdirir. Həmçinin taksilərdə istifadə olunacaq xüsusi avadanlıqların texniki parametrləri digər nəqliyyat vasitələrindən fərqli olmalıdır. Bu da onların istifadəsi və səmərəliliyinə birbaşa təsir edir. Eyni zamanda insanların bu yeniliklərə necə reaksiya verəcəyi və onları nə dərəcədə qəbul edəcəyi də önəmli bir məsələdir”. Sevinc İbrahimzadə / Metbuat.az