Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi dövlət vəsaitinin mənimsənilməsinə görə vəzifəsindən azad edilən məktəb direktorunun iddiaları ilə bağlı açıqlama yayıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, təlim-tədris prosesində baş vermiş neqativ hallarla bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbdə yoxlamalar aparılıb.
Nəticədə sabiq direktor Qazıyev Azər Arif oğlunun fəaliyyəti zamanı dövlət büdcəsi vəsaitlərinin düzgün istifadə edilməməsi və ya təyinatı üzrə xərclənməməsi ilə bağlı əsaslı şübhələr müəyyən edilib. Bu səbəbdən Qazıyev Azər Arif oğlu 27 fevral 2024-cü ildə vəzifəsindən azad olunub.
Daha sonra o, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı işə bərpa olunmaq və məcburi iş buraxmaya görə əməkhaqqı tələbi ilə məhkəməyə müraciət edib.
Qeyd olunub ki, Nərimanov Rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən, sabiq direktorun iddiası təmin edilməyib və onun işə bərpa olunması ilə bağlı tələbi rədd edilib.
Xatırladaq ki, ötən il Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbin direktoru Azər Qazıyevin müəllimlərdən dərs saatlarına görə rüşvət alması ilə bağlı görüntülər yayılmışdı.
Milli.Az