AZ

Qeyri-adi yeməklər: Dünyanın ən qəribə mətbəx ənənələri

Yemək, mədəniyyətin və ənənələrin ən gözəl ifadə formalarından biridir. Dünyanın müxtəlif guşələrində hər bir yemək özünəməxsus ləzzəti və hazırlanma qaydaları ilə fərqlənir. Bəzi mətbəxlər isə o qədər qeyri-adidir ki, onları dadmağa cəsarət etmək, bir çox insan üçün əsl macəraya çevrilir. Hər xalqın mətbəxi, onun tarixi, coğrafiyası və mədəniyyəti ilə sıx bağlıdır. Yeməklər təkcə aclığı doyurmaq vasitəsi deyil, həm də insanların həyat tərzini, inanclarını və bir-biri ilə paylaşdığı ənənələri əks etdirən güclü bir simvoldur.

Dünya mətbəxi, hər bölgənin iqlimi, tarixi və mədəniyyətindən qaynaqlanan unikal ləzzətlərlə zəngindir. Asiyanın ədviyyatlı yeməklərindən tutmuş Aralıq dənizi mətbəxinin yüngül və sağlam təamlarına, Avropanın klassik qastronomiyasından Amerikanın fast food mədəniyyətinə qədər hər bölgə özünəməxsus dad harmoniyası yaradır.

Hər bir xalqın mətbəxi özünəməxsus xüsusiyyətləri və dadları ilə fərqlənir. Məsələn:

Koreya mətbəxi, xüsusən ədviyyatlı və duzlu yeməkləri ilə tanınır. Kimçi, bibimbap, bulgogi və tteokbokki kimi yeməklər bu mətbəxin önəmli hissəsidir. Koreyalılar düyü, tərəvəzlər, ət və dəniz məhsullarından geniş istifadə edir. Kimçi və fermentləşdirilmiş tərəvəz yeməyi Koreya mətbəxinin ayrılmaz hissəsidir.

Ərəb mətbəxi, çoxsaylı və müxtəlif yeməkləri ilə məşhurdur. Humus, falafel, kabab, şaurma, məzhəbə bu mətbəxin populyar yeməklərindəndir. Ərəb mətbəxində zeytun yağı, düyü, qatıq və ədviyyatlar geniş şəkildə istifadə olunur. Çox vaxt yeməklər çox sayda tərəvəzlə zənginləşdirilir.

Vyetnam mətbəxi, təzə, yüngül və ədviyyatlı yeməklərlə tanınır. Pho (şorba), banh mi (sandviç), spring rolls və bun ça kimi yeməklər çox məşhurdur. Bu mətbəxdə təravətli otlar, düyü və dəniz məhsulları istifadə edilir.

Rus mətbəxi, soyuq iqlimə uyğun olaraq qidalanmada doyurucu yeməklərlə xarakterizə olunur. Borş, pelmeni, blini  və pirogi kimi yeməklər rus mətbəxinin ən məşhur təamlarıdır. Kartof, kələm, ət və balıq çox istifadə edilir.

Yapon mətbəx ənənələri sadəlik və təbiətə hörmətlə formalaşıb. Suşi, saşimi, tempura və ramen kimi yeməklər bu mətbəxin əsasını təşkil edir. Dəniz məhsulları, düyü və tərəvəzlər geniş şəkildə istifadə edilir.

Türk mətbəxi zəngin və müxtəlifdir. Kabab, börek, plov, lahmacun və dolma kimi yeməklər məşhurdur. Həmçinin , südlü desertlər (künəfə, sütlaç) və çay mədəniyyəti də öz yerini alır.

İtalyan mətbəxi dünya üzrə çox məşhurdur. Pizza, pasta, risotto və tiramisu kimi yeməklər hər bir regionda fərqli hazırlıq üsulları ilə təqdim olunur. Təzə tərəvəzlər, zeytun yağı, pendir və ət məhsulları ön plandadır.

Meksika mətbəxi zəngin, ədviyyatlı və canlıdır. Tako, burrito, enşilada və tamale kimi yeməklər burada çox populyardır. Meksikalılar mətbəxlərində qarğıdalı, lobya, ədviyyatlar və müxtəlif tərəvəzlərdən geniş istifadə edirlər.

Hind mətbəxi ədviyyatların çox olduğu bir mətbəx növüdür. Çoxlu çörəklər (naan), curry, samosa və çəki (dal) kimi yeməklər məşhurdur. Hindistan mətbəxində həm vegeterian, həm də ət yeməkləri geniş yer alır.

Bu mətbəxlər yalnız yeməklərin hazırlanması ilə deyil, həm də təmizlik, təqdimat və yemək zamanı edilən sosial ritüellərlə əlaqəlidir.

Bəzi mətbəx ənənələri bizim üçün adi görünsə də, bəziləri qeyri-adi inqrediyentlər, qeyri-ənənəvi bişirmə üsulları və gözlənilməz ləzzətləri ilə seçilir. Hər yemək arxasında bir tarix, bir hekayə daşıyır. Dünyanın müxtəlif guşələrində insanlar qida hazırlamağı və istehlak etməyi yalnız fiziki ehtiyac kimi deyil, eyni zamanda mədəni dəyərlərin qorunması və ifadəsi kimi qəbul edirlər. Elə yeməklər var ki, onları görən və ya dadan hər kəs çaşqınlıq içində qalır.

Jeleli maral başı

Kanadada olduqca populyar olan bu yemək ovlanan maralların baş ətindən hazırlanır. Onlar maralın başındakı sümükləri çıxarıb əldə olunan ət ilə kolbasa formasında bir məhsul hazırlayırlar. Görüntü olaraq da üzərinə yeməli jele əlavə edirlər.

Krakerli eşşək arıları

Yaponiyada hazırlanan bu yemək olduqca maraqlıdır. Arıları qaynadıb daha sonra peçenyelər ilə birlikdə bişirirlər.Onlar  bu eşşək arılarının 81 faizi protein verdiyini deyirlər.

Balut - Filippinin canlı embrionu

Filippində küçə yeməklərinin şahı hesab olunan balut, inkişaf etməkdə olan ördək embrionunun qaynadılmış versiyasıdır. Adətən 14-21 günlük olarkən bişirilən bu yumurta, həm dadı, həm də görünüşü ilə çoxlarını təəccübləndirir. Filippinlilər onu yüksək protein mənbəyi hesab edir və xüsusilə gecə yeməyi kimi yeyirlər. Balut yeyənlərə tövsiyyə olunur ki, əvvəlcə yumurtanın içindəki suyu içsinlər, sonra isə qalan hissəsini dadsınlar.

Casu Marzu - Canlı sürfəli pendir (İtaliya)

İtaliyanın Sardiniya adasında hazırlanan bu pendir, sadəcə dadına görə yox, hazırlanma üsuluna görə də dünyada ən qeyri-adi yeməklərindən biri sayılır. Casu Marzu adlı bu pendirin içərisində canlı sürfələr olur və pendir bu sürfələrin təsiri ilə yumşalır. Hətta bəzi insanlar onu yeməzdən əvvəl sürfələri çıxarmağa çalışır, digərləri isə pendiri tam olaraq dadmağı üstün tutur.

Hákarl - Fermentləşdirilmiş köpəkbalığı (İslandiya)

İslandiyada məşhur olan hákarl, fermentləşdirilmiş qrenland köpəkbalığı ətindən hazırlanır. Bu balıq zəhərli olduğuna görə, onu çiy halda yemək mümkün deyil. Aşpazlar əvvəlcə ətini duzlayır, sonra isə bir neçə ay fermentasiya edirlər. Yeməyin ən xarakterik xüsusiyyəti isə onun olduqca güclü ammonyak qoxusudur. Buna görə də, ilk dəfə yeyənlər üçün çətin təcrübə ola bilər. Amma islandiyalılar üçün bu yemək qürur mənbəyidir və ölkəyə gələn turistlərə mütləq təklif edilir.

Sannakji - Hərəkət edən ahtapot parçaları (Cənubi Koreya)

Bu yemək Cənubi Koreyada ənənəvi dəniz məhsullarından biridir. Sannakji, hələ diri olan kiçik ahtapotun doğranmış və bir qədər susam yağı ilə servis edilən versiyasıdır. Maraqlı olan odur ki, ahtapot parçaları hələ də tərpənir və yeyərkən dişlərinizə yapışa bilər. Buna görə də, onu yemək xüsusi diqqət tələb edir.

Fugu - Ölümcül zəhərli balıq (Yaponiya)

Yaponiyada çox məşhur olan fugu, ən təhlükəli yeməklərdən biri sayılır. Çünki bu balığın orqanizmində ölümcül zəhər - tetrodotoksin var. Əgər düzgün təmizlənməsə, bir insanı bir neçə saat ərzində öldürə bilər. Ona görə də, bu balığı ancaq xüsusi təlim keçmiş aşpazlar hazırlaya bilir. Maraqlıdır ki, fugu yemək bir çox yapon üçün cəsarət sınağı hesab edilir və onu dadmaq böyük qürur gətirir.

Qara Yumurtalar - Yaponiyanın sirli yeməyi

Yaponiyanın Hakone bölgəsində yerləşən Ovakudani vadisində xüsusi termal suların içində qaynadılan qara yumurtalar yerli əfsanələrə görə insan ömrünü uzadır. Yumurtalar vulkanik kükürd qazları ilə qaynadıldığı üçün qabıqları qaralır. Dadı adi yumurtadan fərqli olmasa da, görünüşü ilə diqqət çəkir.

Belə yeməklər bizə qəribə görünsə də, onlar həmin xalqlar üçün çox dəyərlidir.  Bu yeməkləri dadmaq, heç şübhəsiz, qeyri-adi bir təcrübədir. Hər bir ləzzət yeni bir qapı açır, yeni bir dünyaya səyahət etməyə imkan verir. Beləliklə, mətbəxlərin sərhədsiz dünyasında bəzən ən qeyri-adi yeməkləri kəşf etmək, həm mədəniyyətə daha yaxın olmaq, həm də zövqünüzü genişləndirmək üçün əvəzsiz bir fürsət yaradır.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
23
olaylar.az

1Mənbələr