"Biz başa düşürük ki, gördüyümüz işlər tam deyil. Həyat davam edir, qarşımızda yeni tapşırıqlar və həll olunmayan məsələlər var".
News24.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı"nın müzakirəsi zamanı səslənən suallara cavab olaraq bildirib.
"Təbii ki, iş olan yerdə hansısa çatışmazlıqlar var. Bu gün millət vəkilləri tərəfindən söylənilən fikirlərin bəziləri ilə prinsipcə, razı deyilik. Bəzilərinin yeri var. Yəqin ki, biz o məsələləri bu və ya digər səbəblərdən vaxtında icra etməmişik. Keçmiş illərdə olduğu kimi bu məsələlər hökumət tərəfindən nəzarətə götürüləcək. Həlli istiqamətində addımlar atılacaq", - deyə Baş nazir bildirib.
Əli Əsədov çıxışına belə davam edib: "Təbii olaraq ola bilər ki, kabinetlərdə oturaraq bəzi şeyləri biz görmürük. Siz yerlərdə birbaşa seçicilərlə təmasda olaraq bizim görmədiyimiz məsələləri çatdıra bilirsiniz. Biz bunları qəbul edirik.
Burada bir neçə məsələ səsləndi. Təbii olaraq hökUmət üzvləri Prezidentin tapşırıqları və qoyulan hədəflərə çatmaq üçün bəzi məsələləri dəfələrlə müzakirə edirlər. Təkliflərin biri oldu ki, tək İqtisadi Şurada və hökumət çərçivəsində yox, daha geniş məşvərət məclisində bu məsələləri iqtisadçı alimlər, təcrübəsi olan şəxslərlə bərabər müzakirə edək. Bu, tam şəkildə tərəfimdən qəbul olunur. Yəqin ki, təkliflər Milli Məclisə çatdırılacaq. Təbii olaraq sizin işiniz də çoxdur, bizdə də vaxt çox deyil". /"Qafqazinfo"