AZ

Kamran Bayramov:“Bakı qlobal problemlərin müzakirə məkanına çevrilib”

“Bakıda keçirilən tədbirlər dünyanın diqqətini cəlb edir. XII Qlobal Bakı Forumu da mühüm beynəlxalq tədbirlərdən biridir. Bu tədbirlər ölkələrarası münasibətlərin səmimiləşməsinə, qarşılıqlı anlaşmanın dərinləşməsinə və beynəlxalq əməkdaşlıq üçün daha əlverişli şəraitin yaradılmasına xidmət edir. Dünyanın bir sıra ölkələrində yaranmış münaqişələr əsasən dialoqun olmaması səbəbindən daha da gərgin xarakter alır”.

Bu sözləri Demokrat.az-a açıqlamasında millət vəkili Kamran Bayramov  bildirib.
 
Millət vəkili qeyd edib ki,bu mənada, ölkəmiz və dövlət başçısı cənab İlham Əliyev dünyada sülhə, əmin-amanlığa və tolerantlığa yönəlmiş fəaliyyətini uğurla davam etdirir. Azərbaycan mürəkkəb geosiyasi vəziyyətlərdə optimal həll yolları təklif edən dövlət kimi tanınır:

“Martın 13-də Bakıda nüfuzlu dövlət və hökumət başçılarının, beynəlxalq ekspertlərin iştirakı ilə XII Qlobal Bakı Forumunun açılışı mühüm məqamlarla yadda qaldı. Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Forumda qlobal təhlükəsizlik, münaqişələrin həlli, informasiya manipulyasiyası və digər aktual məsələlər müzakirə edilib. Forumda çıxış edən Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfələri vurğulayıb. ABŞ-nin Ümumdünya Səhiyyə Təşkilatından çıxmasının mümkün fəsadları, dünya düzənində qütbləşmənin artması və enerji təhlükəsizliyi kimi məsələlər də forumun əsas mövzuları sırasında olub.

Prezident İlham Əliyevin hər bir çıxışı Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan ev sahibliyi etdiyi tədbirlərin miqyasını genişləndirərək hər sahədə öz təcrübəsinin təbliğinə şərait yaradır. Forumda iqlim dəyişikliklərinin yaratdığı problemlərin həlli və Azərbaycanın bu sahədə verdiyi töhfələr xüsusi vurğulanıb. Dövlət başçısı bildirib ki, ötən ilin mühüm hadisəsi olan COP29 iqlim diplomatiyasında dönüş nöqtəsi oldu. Təəssüf ki, bu beynəlxalq tədbir bəzi Qərb mediası tərəfindən məqsədyönlü kampaniyalarla müşayiət olunub. Prezident İlham Əliyev ABŞ Dövlət Departamenti, “Washington Post”, “New York Times”, “News Week”, “Politico”, “Associated Press”, Fransa Prezidenti ofisi, “Le Figaro” və “Le Monde” kimi KİV-lərin bu kampaniyada iştirak etdiyini vurğulayıb. Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfələrə toxunan Prezident İlham Əliyev bildirib ki, ölkə enerji təchizatı sahəsində heç bir problem yaşamır, əksinə, 12-si Avropa olmaqla, 10-larla ölkəyə enerji və təbii qaz ixrac edir. Azərbaycan artıq Pan-Avropa enerji təchizatçısı kimi tanınır”.

K. Bayramov vurğulayıb ki, Prezident İlham Əliyev Forumdakı nitqində postmünaqişə dövrünün reallıqlarına xüsusi diqqət çəkərək Azərbaycanın regionda yeni əməkdaşlıq formatlarının təşəbbüskarı kimi mövqeyinin gücləndiyini bildirib:

“Dövlət başçısı sülh müqaviləsinin imzalanmasının vacibliyini qeyd edərək Azərbaycanın iradəsindən kənar bölgədə heç bir layihənin həyata keçirilə bilməyəcəyini vurğulayıb. Prezident həmçinin, Avropa İttifaqının sərhədlərimizdə apardığı monitorinq missiyasının məqsədlərinə toxunaraq, onların xoş niyyət daşımadığını bildirib. XII Qlobal Bakı Forumu Azərbaycanın beynəlxalq diplomatiyadakı fəallığını və sivilizasiyalararası dialoqun təşviqindəki rolunu bir daha nümayiş etdirdi. Forum qlobal problemlərə qarşı kollektiv yanaşmanın əhəmiyyətini vurğulayaraq dünya ölkələri arasında əməkdaşlığın inkişafına təkan verdi”.

Leyla Turan
Demokrat.az
Seçilən
7
demokrat.az

1Mənbələr