Azərbaycan İnsan Resursları Assosiasiyasının (AİRA) növbəti hesabat-seçki iclası keçirilib. İclas zamanı AİRA-nın bu günə qədərki fəaliyyəti, eləcə də COVİD-19 dövründə və post-covid dövründəki həyata keçirdiyi layihələr qeyd edilib.
Bildirilib ki, AİRA yarandığı 2018-ci ildən aktiv faəliyyətdədir, eləcə də, COVİD-19 pandemiyası dönəmində və sonra onlayn və sinif formatda görüş və layihələr icra edilib.
Bu dövr ərzində HR Debat, HR Digital, HR trendlər, HR ensiklopediya, gənclərlə iş, könüllülük, insan resurslarının idarəedilməsi haqqında maarifləndirmə, xeyriyyə aksiyaları, əmək münasibətlərində mediasiyanın rolu, sosial çağırışlar, qadınların rolu adı altında bir çox tədbirlər və təlimlər uğurla reallaşdırılıb.
Daha sonra, səsverməyə əsasən İbrahim İbrahimov Assosiasiyanın yeni sədri seçilib.
İ. İbrahimov insan resurslarının idarə edilməsi sahəsində geniş təcrübəyə malikdir və öz karyerası boyunca müxtəlif sektorlarda – qeyri-hökumət təşkilatları, dövlət qurumları və özəl şirkətlərdə fəaliyyət göstərib.
O, təşkilati inkişaf, performans menecmenti, elektron təlim sistemlərinin (LMS) tətbiqi, işə qəbul və kadr inkişafı kimi sahələrdə mütəxəssisdir.
Əlavə olaraq, İbrahim İbrahimov Bakı Ali Neft Məktəbindən MBA (Biznesin İdarəedilməsi üzrə Magistr), Qafqaz Universitetindən isə Dövlət İdarəçiliyi üzrə bakalavr dərəcəsinə malikdir. O, həmçinin Strateji İnsan Resursları Lideri (Certified Strategic HR Leader-AİHR) sertifikatına sahibdir və "III Yüksəliş Müsabiqəsi"nin finalçısıdır.
İ. İbrahimov bildirib ki, onun rəhbərliyi dövründə AİRA-nın insan resursları sahəsində innovativ yanaşmaların tətbiqi, yerli və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi, HR mütəxəssislərinin davamlı inkişafı üçün yeni təlim və mentorluq proqramlarının təşkili kimi əsas hədəfləri olacaq.
O, assosiasiyanın mövcud fəaliyyətlərini genişləndirmək və Azərbaycan insan resursları sahəsinin inkişafına töhfə vermək üçün yeni strategiyalar üzərində çalışacaq.