Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 14-də XII Bakı Qlobal Forumunda iştirak məqsədilə ölkədə səfərdə olan İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xan ilə görüşüb.
XİN-dən Yenicag.az-a verilən məlumata görə, görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq imkanları, təşkilatın fəaliyyətinin gücləndirilməsi səyləri, qurumun Azərbaycanda keçiriləcək Zirvə görüşünə hazırlıq işləri, habelə regional məsələlər müzakirə olunub.
Ceyhun Bayramov ölkəsinin İqtisadi Əməkdaşlıq Təşkilatının işinə əhəmiyyət verdiyini, təşkilatın əhatə etdiyi regionun iqtisadi-ticarət, nəqliyyat-kommunikasiyalar sahələri üzrə imkanlarla zəngin olduğunu, bu baxımdan bölgənin mövcud potensialından istifadənin vacibliyini qeyd edib.
Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyindən bəhs olunub, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ətraf mühitlə bağlı təşəbbüslərin irəlilədilməsinin əhəmiyyəti qeyd edilib.
Cari ildə ölkədə keçiriləcək Zirvə görüşünün İqtisadi Əməkdaşlıq Təşkilatının inkişafı, gücləndirilməsi baxımından mühüm rol oynayacağı, bu baxımdan üzv ölkələrin fəal iştirak və töhfələrinin vacibliyi vurğulanıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.