AZ

Bakıda məktəbin sinif otağına şəhidin adı verildi

Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların göstərdikləri igidlik və şücaətin təbliği istiqamətində ölkəmizdə məqsədyönlü işlər görülür.

Bakının Xətai rayonunun Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 5C sinfinə Birinci Qarabağ müharibəsində könüllü iştirak edib, Şəhidlik zirvəsinə ucalan Məhərrəmov Akif Vəli oğlunun adı verilib. Sinif otağının qapısı üzərində şəhidin adı yazılmış lövhə yerləşdirilib, otaqda Akif Məhərrəmovun həyat və döyüş fəaliyyətini əks etdirən guşə yaradılıb.

Bu nəcib addım həm şəhidin yaxınları, həm pedaqoji kollektiv, həm də ictimaiyyət tərəfindən qürurla qarşılanıb.

Tədbirdə iştirak edən şəhidin qardaşı Azərbaycan Silahlı Qüvvələrinin veteranı, Çeçenistan Respublikasının Milli Qəhrəmanı və Cövərqala şəhərinin ilk Fəxri vətəndaşı, Arif Məhərrəmov qeyd edib ki, şəhidlərimizin qanı bahasına bizə bəxş etdikləri azadlıq və dövlət müstəqilliyini göz bəbəyimiz kimi qorumalıyıq. Prezident İlham Əliyevin qətiyyəti hesabına Azərbaycan xalqı tarixinin ən böyük Zəfərinə imza atıb: “Üzərimizə olduqca məsuliyyətli vəzifə düşür. Şəhidlərimizin xatirəsini daim uca tutaraq müstəqilliyin dəyərini gənc nəslə aşılamalı, onları Azərbaycanın çiçəklənməsinə töhfə verəcək layiqli vətəndaşlar kimi tərbiyə etməliyik. Xatirə lövhəsinin açılışı və sinif otağına şəhidin adının verilməsi də məhz bunun nümunəsidir”, - deyə Arif Məhərrəmov vurğulayıb. 

Arif Məhərrəmov eyni zamanda şagirdlərlə görüşüb, onların dərsləri ilə maraqlanıb, fikir mübadiləsi aparıb. Daha sonra şagirdlər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Mövzuya dair fotomateriallar:

Mətanət İmanquliyeva

Hurriyyet.Az

Seçilən
3
1
hurriyyet.az

2Mənbələr