Fransa və Əlcəzair arasında gərginlik davam edir. Fransanın Bercidə yerləşən İqtisadiyyat və Maliyyə Nazirliyinin əməkdaşı Əlcəzairə cəsusluqda ittiham olunub.
AZƏRTAC xəbər verir ki, nazirliyin əməkdaşı Fransadakı Əlcəzair vətəndaşları, eləcə də Əlcəzair hakimiyyətinin bəzi əleyhdarları haqqında məxfi məlumatları açıqlamaqda şübhəli bilinir.
Fransa mətbuatının məlumatına görə, Paris prokurorluğu təsdiqləyib ki, nazirliyin məmuru “xarici ölkə ilə kəşfiyyat”, “əsas milli maraqları olan xarici ölkəyə məlumat ötürmək”, casusluq və milli təhlükəsizliklə bağlı digər ittihamlarla təqib edilir. Bildirilir ki, Əlcəzair kəşfiyyat xidmətlərinin məxfi agenti olmaqda şübhəli bilinən həmin şəxs Kreyedəki (Créteil) Əlcəzair konsulluğunun əməkdaşı ilə müntəzəm əlaqədə olub. İstintaqa yaxın mənbənin bildirdiyinə görə, şübhəli şəxs əlcəzairli sığınacaq axtaran şəxslər və tanınmış müxalifət xadimləri ilə bağlı həssas məlumatları ona ötürüb.
Əlcəzair hələlik hadisəyə reaksiya verməyib. Lakin bu, Fransa siyasətçilərinin ardıcıl bəyanatları ilə gərginliyin daha da artdığı bir vaxta təsadüf edir.
Xatırladaq ki, Əlcəzair və Fransa arasında münasibətlər çox dərin tarixi mübahisə ilə gərgindir. Arxiv məsələsi və müsadirə edilmiş əmlakın geri qaytarılması ilə yanaşı, Əlcəzair Fransanın bu ölkədəki nüvə sınaqlarına görə zərərçəkənlərə təzminat tələb edir. Həmçinin müstəmləkə cinayətlərinin rəsmi Fransa tərəfindən tanınmasını istəyir.