AZ

“Yaşıl istiqraz”lar dövrü başlayır

SOCAR-ın “yaşıl cığır” açması investorların bu sahəyə marağını stimullaşdıracaq

Dövlət Neft Şirkətinin (SOCAR) buraxdığı “yaşıl istiqraz”ların Bakı Fond Birjasında (BFB) tədavülünə başlanılıb. Yeni qiymətli kağızların tədavülə çıxarılması ilə bağlı tədbirdə iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, SOCAR-ın prezidenti Rövşən Nəcəf, Mərkəzi Bankın sədri Taleh Kazımov, eləcə də BFB, MDM, bank, sığorta və investisiya şirkətlərinin rəhbərləri və akademik dairələrin nümayəndələri iştirak ediblər.

Yeni istiqrazların dövriyyəyə buraxılması dünya miqyasında bərpaolunan enerjiyə artan tələbat və ekoloji məsələlərə həssas yanaşmanın daha da yüksəlməsi fonunda Azərbaycanın strateji hədəflərin və bu istiqamətdə atdığı addımların mühüm tərkib hissəsi kimi qiymətləndirilə bilər.

Yeni mərhələnin başlanğıcı

Qeyd edək ki, SOCAR 2016-cı ildən istiqraz bazarına daxil olub, həmin kağızlar ümumi maliyyə sferasını əhatə etməklə yerli kapital bazarlarında müsbət dinamika formalaşdırıb. Bu qiymətli kağızlar investorların uzunmüddətli inam və marağının qazanılması, eləcə də yaratdığı iqtisadi dəyər baxımından yenilik kimi əhəmiyyətlidir. Bununla yanaşı, şirkət ətraf mühitə dost münasibət göstərərək öz fəaliyyətində “yaşıl layihələrə” də xüsusi önəm verməkdıədir. SOCAR-ın strateji hədəflərindən biri bərpaolunan enerji sahəsində reallaşdırılan və nəzərdə tutulan layihələri daha da genişləndirməkdir. Bu baxımdan “yaşıl istiqrazlar”ın SOCAR-ın dayanıqlı inkişaf hədəflərinə uyğun şəkildə daxili kapital bazarlarına qazandırdığı yenilik və səmərəlilik layihəsi kimi qiymətləndirilə bilər. “Yaşıl istiqraz”ların bazara çıxarılması ekoloji cəhətdən daha dayanıqlı investisiya alətlərinin genişlənməsi baxımından strateji əhəmiyyət kəsb etməklə, yeni mərhələnin başlanğıcı deməkdir.

Yaşıl Maliyyə Taksonomiyasının hədəfləri

Mərkəzi Bank (MB) tərəfindən hazırlanmış Dayanıqlı Maliyyə üzrə Strateji Yol Xəritəsində maliyyə sektorunda da “yaşıl artım” alətlərinə xüsusi üstünlük verilməsi nəzərdə tutulub. Yaşıl Maliyyə Taksonomiyası sənədində əsas prioritetlərdən biri şirkət və bankların “yaşıl maliyyə” investisiyalarını təşviq etməsi tövsiyə olunub. COP29 çağırışlarından meydana gələn bu prinsiplər ekoloji sahəyə fayda vermək, dayanıqlı iqtisadiyyatı inkişaf etdirmək məqsədi daşıyır. Məlumdur ki, Azərbaycan hökuməti 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35 faiz azaltmağı qarşısına məqsəd qoyub. Həmin hədəflərə çatmaqda bank sektorunun ekoloji məsuliyyəti də əsas məsələlərdən biridir. Ona görə də, dövlət şirkətləri, səhmdar cəmiyyətlər, bank və kredit təşkilatlarının “yaşıl maliyyə” alətlərinə həvəsini artırmaq üçün müxtəlif stimullaşdırıcı tədbirlər görülməkdədir.

Həmin alətlərdən biri “yaşıl istiqrazlar”dır. Azərbaycanın bank sistemi üçün də bu istiqrazların emissiyası vacib hesab edilir və bunun üçün qabaqcıl beynəlxalq təcrübə hərtərəfli nəzərdən keçirilir. “Yaşıl istiqrazlar” maliyyə sektorunda davamlılığı təşviq etmək, iqlimlə əlaqəli və ya digər növ xüsusi ekoloji layihələri dəstəkləmək və sosial və ətraf muhitin yaxşılaşdırılmasına töhfə vermək baxımından daha cəlbedicidir. Ekoloji və iqlim layihələrini dəstəkləmək uçun sabit gəlirli bir maliyyə aləti olan “yaşıl istiqraz” enerji səmərəliliyi, ekoloji çirklənmə ilə mübarizədə  öz səmətəsini verməkdədir. Avropa Birliyi ölkələrindən Finlandıya, İçveçrə, Estoniya, Niderland, İrlandiya, Norveç və digərləri  davamlı kənd təsərrüfatı, ekosistemlərin qorunması, təmiz nəqliyyat, davamlı su idarəçiliyinə yönəlmiş layihələri bu qiymətli kağız vasitəsilə maliyyələşdirir.

Bu baxımdan SOCAR-ın “yaşıl istiqraz”ları kapital bazarlarında şirkətin strateji mövqeyini daha da möhkəmləndirməklə bərabər, SOCAR-ın ekoloji dəyərlərə sadiqliyini və dayanıqlı inkişaf prioritetlərini də özündə əks etdirir.

Şirkətin bazarda flaqman olaraq ilk yaşıl cığır açması investorların bu maliyyə alətlərinə marağını stimullaşdıracaq. 

“Yaşıl səhm” emissiyasına doğru

“Yaşıl istiqraz”ların emissiyası digər “yaşıl maliyyə” alətlərinin də buraxılışı üçün yeni mühit yaratmış olacaq. Belə ki, hazırda bir çox ölkədə “yaşıl səhm”lər də ekoloji cəhətdən təmiz texnologiyaların genişləndirilməsi və iqlim dəyişikliyinin azaldılması istiqamətində emissiya edilən səmərəli maliyyə aləti kimi mühüm yer tutur. Beynəlxalq Maliyyə Korporasiyasının hesabatında “yaşıl səhm”lərin son 4 ildə emissiyasının 230 milyard dolları ötdüyü qeyd olunur. Hazırda Dunya Bankı “yaşıl istiqraz” və “yaşıl səhm” buraxılışında əsas maliyyə institut və emitent kimi fəallığını daha çox artırmaqdadır. Bank son 5 ildə 200 milyard dollara yaxın istiqraz emissiya edib. Həmçinin Avropa Komissiyası “yaşıl” istiqrazlar”ın emissiyasına 20 milyard avroya yaxın vəsait xərcləyib. Bütün bunları nəzərə aldıqda, Azərbaycanın beynəlxalq institutlarla, o cümlədən Dünya Bankı  və Avopa Komissiyası ilə əməkdaşlığı qeyd edilən “yaşıl maliyyə” alətlərinin ölkəmizə gətirilməsi üçün əlverişli imkanlar yaradır.

Hökumətin alternativ enerji mənbələrinə maliyyə cəlb etmək və biznesi bu sahəyə həvəsləndirmək üçün təşviq vasitələrindən biri də “yaşıl kredit”lərin verilməsidir. Bu siyasət tədbirlərinin əsas məqsədi ekoloji layihələrə, bərpa olunan enerji mənbələrinə sərmayə axtaran biznes təşkilatlarına, ekoturizm sənayesinə, eləcə də təmiz kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli və asan kreditlərin verilməsini təşviq etməkdir.

E.CƏFƏRLİ

Seçilən
4
yeniazerbaycan.com

1Mənbələr