AZ

İƏT-in Zirvə görüşünə hazırlıq müzakirə edilib

Martın 14-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XII Qlobal Bakı Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Əsəd Məcid Xan ilə görüşüb.

Görüşdə İƏT çərçivəsində əməkdaşlıq imkanları, İƏT-in fəaliyyətinin gücləndirilməsi səyləri, təşkilatın ölkəmizdə keçiriləcək Zirvə görüşünə hazırlıq işləri, habelə regional məsələlər müzakirə olunub.

Nazir Ceyhun Bayramov ölkəmizin İqtisadi Əməkdaşlıq Təşkilatının işinə əhəmiyyət verdiyini, onun əhatə etdiyi regionun iqtisadi-ticarət, nəqliyyat-kommunikasiya sahələri üzrə imkanlarla zəngin olduğunu, bu baxımdan bölgənin mövcud potensialından istifadənin vacibliyini qeyd edib.

Görüşdə Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyindən bəhs olunub, İƏT çərçivəsində ətraf mühitlə bağlı təşəbbüslərin irəlilədilməsinin əhəmiyyəti qeyd edilib.

Cari ildə Azərbaycanda keçiriləcək Zirvə görüşünün İqtisadi Əməkdaşlıq Təşkilatının inkişafı, gücləndirilməsi baxımından mühüm rol oynayacağı, bu baxımdan üzv ölkələrin fəal iştirak və töhfələrinin vacibliyi vurğulanıb.

***

Həmin gün xarici işlər naziri Ceyhun Bayramov Bolqarıstanın xarici işlər naziri Georq Georqievin rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüşüb.

Tərəflər arasında keçirilən təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib. Görüşdə ölkələrimiz arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişafında mövcud siyasi dialoqun əhəmiyyəti vurğulanıb. İqtisadiyyat, ticarət sahələri üzrə əməkdaşlıq imkanlarının mövcudluğu diqqətə çatdırılıb, Azərbaycan və Bolqarıstan arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın bu xüsusda rolu qeyd edilib.

Enerji sahəsi üzrə həyata keçirilən birgə təşəbbüslərin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynadığı vurğulanıb, bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsinin, xüsusilə yaşıl enerji sahəsi üzrə yeni layihələrin icrası üçün geniş perspektivlərin mövcud olduğu bildirilib.

Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb. Sülh müqaviləsinin mətninin razılaşdırılmasına baxmayaraq, Ermənistan tərəfinin Konstitusiyası və digər qanunvericilik aktlarında ölkəmizə qarşı ərazi iddialarına son qoyulmasının, ATƏT-in Minsk qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğvinin ən vacib amil olduğu söylənilib.

XQ

Seçilən
10
xalqqazeti.az

1Mənbələr