AZ

BMT süni intellektdən istifadənin riskləri barədə xəbərdarlıq edib

XII Qlobal Bakı Forumu çərçivəsində "Yeni Dünya üçün Yeni Texnologiyalar" adlı panel müzakirəsi keçirilib.

APA xəbər verir ki, panel müzakirədə çıxış edən Oksford Universitetinin Süni İntellekti İdarəetmə Təşəbbüsünün baş məsləhətçisi Sem Dous deyib ki, gələn həftə Cenevrədə BMT-nin Süni İntellekt üzrə Beynəlxalq Konfransı təşkil olunacaq.

O bildirib ki, bu sahədə yeniliklərin geniş tətbiqi üçün bütün maraqlı dövlətlər böyük səy göstərməlidir: “Dövlətlər arasında geosiyasi yarış gedir. Bu sahədə mövcud olan əsas meyarlardan biri sağlam mühit, eləcə də uyğunlaşdırma siyasətinin təmin edilməsindən ibarətdir. Bir məqam da süni intellektin hərbi sahədə tətbiqindən ibarədir. Gələn həftə Cenevrədə BMT-nin Süni İntellekt üzrə Beynəlxalq Konfransı təşkil olunacaq. Biz hesab edirik ki, süni zəka ilə bağlı mexanizmlər təkmilləşdirilməlidir”.

BMT-nin Baş katibinin köməkçisi Bernardo Maryano isə çıxışında süni intellektin istifadəsindən, idarəsindən və gələcək üçün yarada biləcəyi potensial təhlükələrdən bəhs edib:

“Gələcəkdə meydana çıxa biləcək problemləri indidən həll etmək lazımdır. Süni zəka ilə bağlı aparılan 60 illik araşdırmalar nəticəsində ChatGPT meydana çıxdı. Süni zəka icmaya xidmət edir, bərabərsizliyə qarşı mübarizə aparır, iqlim dəyişikliyi ilə mübarizə aparır, uşaqları müdafiə edir. Süni zəkadan bu istiqamətlərdə məqsədəuyğun istifadə edə bilərik. Süni zəkanın qaranlıq hissəsi də var və biz bundan qorunmalıyıq. Süni zəkanın "qaranlıq sahələrdə" istifadəsi bizim üçün böyük, ciddi problemlər yarada bilər”.

Baş katibin köməkçisi vurğulayıb ki, əsas məqsəd bütün ölkələrin süni intellektdən istifadə üçün əlçatanlığının təmin edilməsi, yeni texnologiyaların bütün dünyanın səlahiyyətinə verilməsidir. O əlavə edib ki, kimlərinsə süni intellektdən istifadə edərək kiberhücumlar təşkil etməsinə imkan verilməməlidir.

Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev isə deyib ki, Avropa İttifaqının süni intellektlə bağlı sənədinə qoşulmaq lazımdır, eyni zamanda, süni intellektin idarəsi və istifadəsi ilə bağlı qanunlar yaradılmalıdır.

Monteneqronun sabiq müdafiə naziri Miliça Pejanoviç süni intellektin və yeni texnologiyaların təhsil sahəsində tətbiqinin yaratdığı imkanlardan danışıb.

O qeyd edib ki, innovasiyalardan məqsədəuyğun şəkildə istifadə edilməli, kibertəhlükəsizlik, şəxsi məlumatların qorunması və şəffaflıq məsələləri həmişə ön planda olmalıdır.

Şanxay Əməkdaşlıq Təşkilatının sabiq Baş Katibi, Özbəkistanın sabiq xarici işlər naziri Vladimir Norov yeni texnologiyaların inhisarçılığa gətirib çıxardığı məqamlardan bəhs edib:

"Facebook” və “Twitter” artıq ictimai rəyi formalaşdıran alətlərə çevrilib. Beynəlxalq müqavilələr və tənzimləyici qaydalar yenilənməlidir. Böyük texnoloji şirkətlər köhnə qaydalar toplusu ilə hərəkət etməməlidir".

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov çıxışında Azərbaycanda zəng mərkəzlərində, istehsal müəssisələrində, üztanıma proqramlarında süni intellektin tətbiqindən danışıb.

O qeyd edib ki, yaxın 5 il ərzində "Rəqəmsal İqtisadiyyat Strategiyası" hazırlanacaq.

Panel müzakirələrlə başa çatıb.

Seçilən
14
4
apa.az

5Mənbələr