AZ

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması bu il gözlənilmir - RƏYLƏR

“Ermənistan rəhbərliyi tələsik yarımçıq sülh müqaviləsi imzalayaraq növbəti parlament seçkilərində Paşinyanı qalib etməyi hədəfləyir”

"Bu gün bəzi Avropa bürokratları Ermənistanı sülh göyərçini kimi təqdim etməyə çalışırlar. Lakin onlar həmin hökumətin keçmişdə nəyi etdiyini yaddan çıxarırlar". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib. Dövlət başçısı qeyd edib ki, bizə lazımdır ki, onların Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmasın: "Orada Azərbaycana qarşı ərazi iddiaları hələ də qalır. Bizə lazımdır ki, ATƏT-in Minsk qrupu buraxılsın. Biz bu mesajı Ermənistana çatdırırıq və deyirik ki, Minsk qrupunun saxlanılmasında məntiq yoxdur. O, Qarabağ məsələsinin həlli üçün yaradılmışdı. İndi Qarabağ məsələsi həll olunub. Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. ATƏT-in həmin qrupunun buraxılması üçün ümumi müraciətdə siz bizə niyə qoşulmursunuz? Onlar istəmirlər. Belə çıxır ki, onlar bir ayağını ərazimizdə yer saxlamaq üçün edir. Əlbəttə ki, virtual olaraq. Onların silahlanması – bu, nəyi göstərir? Bu, göstərir ki, onlar yeni müharibəyə hazırlaşırlar. Kim onları yenidən müharibəyə sürükləyir? Fransa və onun Prezidenti. Onların Ermənistanı təchiz etdiyi məhvedici silahlar bizə qarşı yönəlir. Bu gün başqa yerdə lazım ola biləcək “Sezar” haubitsaları Ermənistana göndərilir. Əslində, Avropa İttifaqının kəşfiyyat missiyası olan dırnaqarası Avropa monitorinq missiyası gecə-gündüz casus kimi sərhədlərimizdə dayanır və baxırlar ki, bəlkə haradan, bir yerdən girə bilsinlər. Bizim də həmin dırnaqarası monitorinq missiyası barədə kifayət qədər kəşfiyyat məlumatımız var. Avropanın Sülh Fondu milyonlarla dolları Ermənistanı silahlandırmaq üçün ona verir. Bəli, onlar deyir ki, bu pul qeyri-məhvedici hərbi qurğular üçündür".

Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistan digər şərtləri də reallaşdırmalıdır. Analitik vurğulayıb ki, Azərbaycan sərhəddə üçüncü qüvvələrin yerləşdirilməsinin qəti əleyhinədir: 

"Ermənistan xarici işlər naziri Arorat Mirzoyan Azərbaycanla danışıqlarda beynəlxalq təşkilatlarda və məhkəmələrdə qarşılıqlı iddialar qaldırmamaq və sərhəddə üçüncü qüvvələrin yerləşdirilməməsi barədə danışıqların aparıldığını vurğulayıb. Ermənistan tərəfinin müəyyən qədər silahlanması bu ölkədə yeni eyforiyaya səbəb olub. Prezident İlham Əliyev Ermənistana ölümcül silahların verilməsini tənqid etdi. Dövlət başçısı bu silahların lazım olan yerlərə deyil, Azərbaycana qarşı verildiyini xüsusi vurğuladı. Avropanın təhlükəsizliyi Rusiyanın Ukraynada həyata keçirdiyi işğal nəticəsində pozulub. Bu silahlar Ukraynaya verilməlidir. Avropa İttifaqının təhlükəsizliyini təhdid edən Ermənistanın silahlanması və revanşist qruplardır. Avropa İttifaqının liderləri Rusiya təhlükəsini görmədiyi kimi Ermənistanda revanşistlərin region üçün təhlükəsini də görmür. Göründüyü kimi, Fransa və digər ölkələr Cənubi Qafqazda sülhü pozmaqla bir növ Rusiyanın siyasətinə dəstək verir. Ermənistan Minsk qrupundan imtina etməyib. Rusiya-ABŞ yaxınlaşması fonunda Minsk qrupunun fəaliyyəti mümkün olmayacaq. Hazırda Türkiyə də Ermənistanla danışıqlar aparır. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması bu il gözlənilmir. Ermənistan sərhəddə təxribatlara gedərsə, Azərbaycan Zəngəzurda "demilitarizasiya zonası" yaratmalıdır".  

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov da "Sherg.az"a deyib ki, Ermənistan rəhbərliyi tələsik yarımçıq sülh müqaviləsi imzalayaraq növbəti parlament seçkilərində Paşinyanı qalib etməyi hədəfləyir. Ekspertə görə, İrəvan vaxt qazanaraq ordunun gücləndirilməsini, Qərblə Rusiyanın münasibətləri düzələndən sonra isə Minsk qrupunu Qafqaza qaytarmağı hədəfləyir: 

"Yaxın 6 ay ərzində müharibə riski, Paşinyanın bilərəkdən sərhəddə eskalasiyaya getmək ehtimalı da var. Ermənistan daxilində ARABO terrorçuları, Qarabağ separatçıları revanşizm haqqında getdikcə daha tez-tez çıxış edirlər. Eyni zamanda, keçmiş nazirlərin də Azərbaycan ilə sülh müqaviləsi bağlanmasına qarşı çıxdıqları məlumdur. Bundan başqa, sputnik görüntüləri Ermənistan ordusunun şərti sərhədlərə hərbi texnika yığdığını və istehkamlar qurduğunu göstərir. Sülhü istəyən bu addımları atmazdı. Nə qədər gec deyil, çıxış yolu var. O da Zəngəzur dəhlizinin açılması və regionda gələcəkdə ehtimal olunan təxribatların qarşısının alınmasıdır". 

Seçilən
14
sherg.az

1Mənbələr