Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərovun APA-ya müsahibəsi
Strategiya özündə 50-dən çox təşəbbüsü ehtiva edir
- XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Yeni Dünya üçün Yeni Texnologiyalar" panelində haqqında bəhs etdiyiniz beşillik "Rəqəmsal İqtisadiyyat Strategiyası" barədə bir qədər ətraflı məlumat verərdiniz.
- 2025-2030-cu illəri əhatə edən "Rəqəmsal İqtisadiyyat Strategiyası" Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və 4-cü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin birgə fəaliyyəti nəticəsində hazırlanır. Bu strategiya özündə dövlət və özəl sektoru, eləcə də vətəndaş cəmiyyətini əhatə edən 50-dən çox təşəbbüsü ehtiva edir. Onların içərisində sənayenin rəqəmsallaşması, sənaye subyektlərində, xüsusilə də istehsal xətlərində süni intellekt və 4-cü sənaye inqilabının digər texnologiyalarının tətbiq edilməsi, sənaye subyektləri üçün rəqəmsal yol xəritələrinin hazırlanması, eyni zamanda, Azərbaycan dilində qurulacaq böyük həcmli verilənlər bazasının əsasında süni intellekt həllərinin yaradılması kimi tədbirlər yer alır. O cümlədən Azərbaycanda "Rəqəmsal Əkiz"in qurulması ilə kənd təsərrüfatı, şəhər planlaşdırılması, nəqliyyat sektoru və digər sahələrdə gündəlik baş verən proseslərin öyrənilməsi, real vaxt rejimində qərarların qəbulu üçün imkanların yaradılması da bu strategiyanın əsasını təşkil edir.
- Çıxışınızda Yeni Texnologiyalar Mərkəzinin yaradılmasından da bəhs etdiniz. Mərkəzin fəaliyyəti nədən ibarət olacaq?
- Texnologiyalar Mərkəzi vasitəsilə sahibkarlıq subyektlərinin rəqəmsallaşma sahəsində motivasiyasına nail olmaq, onları həvəsləndirmək, dünyada mövcud təcrübələri bölüşmək kimi müxtəlif təşəbbüslər də mövcuddur.
Azərbaycan vətəndaşlarına ödənişsiz olaraq 8000-dən çox onlayn kursa giriş imkanı tanıyırıq
- Azərbaycanda son dövrlərdə insan kapitalının inkişafı sahəsində hansı işlər görülür?
- İnsan kapitalının inkişafı yuxarıda haqqında bəhs etdiyim təşəbbüslərdən biridir. Bildiyiniz kimi, İqtisadiyyat Nazirliyi olaraq artıq ikinci ildir ki, dünyanın ən böyük onlayn təhsil platforması olan "Coursera" vasitəsilə Azərbaycan vətəndaşlarına ödənişsiz olaraq 8000-dən çox onlayn kursa giriş imkanı tanıyırıq. Ötən gündən etibarən bu imkan yenidən vətəndaşlarımız üçün açılıb. Bu o deməkdir ki, 1 il ərzində 100 mindən çox vətəndaşımız bu platformanın təqdim etdiyi təhsil imkanlarından yararlana biləcək. Onlar bu yolla həm biliklərini inkişaf etdirəcək, həm də təcrübə qazanacaqlar. Buraya Oksford Universiteti də daxil olmaqla, qlobal səviyyədə əksər aparıcı təhsil müəssisələri daxildir.
Hazırda süni intellektin nəqliyyat sahəsində tətbiqi üzrə müxtəlif araşdırmalar aparılır
- Rəqəmsal İqtisadiyyat Strategiyasının sahibkarlıq subyektlərinə yaratdığı imkanlar özündə daha nəyi ehtiva edir?
- Bu strategiyada həm də sahibkarlıq subyektlərinə müxtəlif proqram təminatlarının təmin edilməsi, Azərbaycan vətəndaşlarının müraciət etdiyi beynəlxalq sertifikat proqramlarının dövlət tərəfindən maliyyələşdirilməsi, habelə dövlət strukturlarının özlərinə aid data mərkəzlər yaratması kimi böyük təşəbbüslər yer alıb. Bütün bunlar da Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafının sürətləndirilməsi, eləcə də qeyri-neft sektorunun inkişafına geniş töhfə verəcək.
- Süni intellektin tətbiqi zəruri olan sahələrdən biri də nəqliyyat sektorudur. Bu prosesin sürətləndirilməsi üçün hansısa tədbirlər həyata keçirilr?
- Hazırda Azərbaycanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi də daxil olmaqla, müxtəlif qurumlar tərəfindən süni intellektin nəqliyyat sahəsində tətbiqi üzrə müxtəlif araşdırmalar aparılır. Onların arasında bu istiqamətdə simulyasiyaların qurulması, tıxacların müəyyən edilməsi, həmin ərazilərdə yeni marşrut xətlərinin açılması, o cümlədən müxtəlif texnoloji alətlərdən istifadə olunur.