Bakı, TurkicWorld
Qarşımızda bir sual dayanır: Süni İntellekti necə nizamlayaq ki, onun inkişafını yavaşlatmayaq, əksinə - stimullaşdıraq.
TurkicWorld xəbər verir ki, bunu bu gün 2012-2017-ci illərdə Bolqarıstanın prezidenti olmuş Rosen Plevneliyev XII Bakı Qlobal Forumu çərçivəsində keçirilən "Yeni dünya üçün yeni texnologiyalar" mövzusunda panel müzakirəsində etdiyi çıxışda bildirib.
"Süni İntellekt vətəndaş cəmiyyəti və demokratiya üçün güclü alətə çevrilə, gənclərin daha məlumatlı, daha fəal olmasına, lazımı biliklər əldə etməsinə yardımçı ola bilər. Təhsil sahəsində o artıq oyun qaydalarını dəyişməkdədir: bugün istənilən tələbə - harada yaşamasından asılı olmayaraq –Süni İntellekt, virtual və auqmentasiyalı reallıqdan istifadə etməklə dünyanın aparıcı universitetlərinin verdiyi təhsillə bərabər səviyyədə olan ən yaxşı tədris proqramına çıxış əldə edə bilər.
Qarşımızda belə bir sual dayanıb. Süni İntellekti necə nizamlayaq ki, onun inkişafını yavaşlatmayaq, əksinə - stimullaşdıraq, bununla belə ona nəzarət də edə bilək?Biz 30 il əvvəl internetin meydana gəlməsinə şahidlik etdik, 20 il əvvəl mobil texnologiyaları ortaya çıxdı, 10 il əvvəl isə elektromobillər. Bütün bunlar nizamlanma prosesindən keçib",- deyə o bildirib.
O ilk dəfə olaraq Avropa İttifaqının Süni intellektlə bağlı qanun qəbul etdiyini qeyd edib. Texnoloji şirkətlər 2026-cı ilin aprel ayına kimi öz fəaliyyətlərini yeni normalara uyğunlaşdırmalıdırlar.
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.