Hacı Zeynalabdin Tağıyev barəsində çəkilən bədii filmin 2-ci hissəsi - "Tağıyev: Çar" apreldə kinoteatrlarda təqdim olunacaq.
Aznews.az xəbər verir ki, Tağıyev bu dəfə dövrünün güclü qüvvələri ilə üz-üzə dayanacaq, taleyüklü qərarlar verəcək.
Qeyd edək ki, filmi böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunan 4 hissəli “TAĞIYEV” filminin ikinci hissəsidir.
Bakı Media Mərkəzinin istehsalı olan film başmaqçı ailəsində dünyaya gələn və sonrakı milyonçu taleyi ilə öz xalqı üçün böyük işlər görən Hacı Zeynalabdin Tağıyevin həyatının ən müxtəlif dövrlərini özündə əks etdirir. Filmdə dövrünün nüfuzlu xeyriyyəçisi olan Tağıyevin fəaliyyəti ilə bağlı verdiyi çətin qərarlar, uğur qazanacağına olan inamı, inadkarlığı, sadə insanlara göstərdiyi dəstək, cəmiyyətin təhsil səviyyəsinin yüksəlməsi üçün atdığı tarixi addımlarla yaxından tanış olmaq, onun yaşadığı dövrə bir növ səyahət etmək mümkün olacaq. Film, Şərqdə ilk “Qızlar məktəbi”nin Azərbaycanda tikilməsinə, ölkədə neft sənayesinin inkişafına, Bakı şəhərinin zəruri infrastrukturunun yaradılmasına nail olan Tağıyevin yaşadığı cəmiyyətin inkişafında oynadığı əvəzsiz rolu tamaşaçıya bədii-estetik formada göstərir. Filmdə XIX əsrin sonu-XX əsrin əvvəlində Bakı və regionda baş verən mühüm tarixi hadisələrə də toxunulur.