AZ

“Bizim “Mister Bin” – Elşən Musayevin yazısı...

AXCP sədri Əli Kərimli düz 35 ildir ki, gülür və güldürür. Onun həqiqətən "Mister Bin”dən heç bir fərqi yoxdur. Amma...yox, yanlış dedim, var. Çün, bildiyim qədər Bin IQ səviyyəsinə görə ətrafındakılardan fərqlənən, real həyatda sayılıb-seçilən biridir. Kərimli isə onun sadəcə səhnədəki obrazıdır və əksər hallarda həmin obraz yumor həlqəsindən çıxaraq siyasi təlxəkliyə doğru yön alır.

Kərimlini "məzəli” edən əsas səbəb hər şeyi tərsinə görməsi və təqdim etməsidir. Məsələn, o, 5 sözündən 4-ü söyüş olan birisini (yaxınlarda 9 illik həbsə girdi) ziyalı, ayda 1500 manat maaşla özünə cangüdən götürdüyünü "ictimai əsaslı mühafizəçi”, xarici kəşfiyyatın əlində oyuncaq olanları "fədakar jurnalist”,  dini ekstremisti "inanclı” adlandırmaqla hələ də, necə və hansı formada gülüş obyektinə çevirildiyinin fərqində deyil...

Kərimli əsl "Mozalan” personajıdır. Onun tribunadakı özünəvurğun duruşu, gecə güzgünün qarşısında məşq edib səhər reallaşdırdığı yerişi, artistcə əl yelləməyi, pafoslu nitqi, romantik statusları – hamısı və hamısı ayrı-ayrılıqda yumoristik mövzudur. Sadəcə bekar rejissor lazımdır ki, bunları bir yerə toplayaraq ortalığa 5-6 seriyalıq qısametrajlı komediya filmi çıxarsın.

Kərimli bütün yazılarına başlıqları özü qoyur. (Bunu uzun illər "Azadlıq” qəzetində çalışanlar da etiraf edib) Məsələn, təxminən bu cür: "Partiya sədri filankəsi yerlə-yeksan elədi”, "Əli Kərimlidən fantastik bir açıqlama”, "Azərbaycan müxalifətinin liderindən fenomenal gediş” və sair, ilaxır.

İndi mən sual edirəm: Gülməlidir ya yox? Adam kloundur ya yox?

 

Kərimli mənə bəzən "Robinzon Kruzo”nu xatırladır. O da eynən Daniel Defonun qəhrəmanı kimi öz-özünə tamaşalar verir, öz-özünə danışır, öz-özünə çıxışlar edir. Lap bədəbəddə isə "Cümə”sinə (pyatnitsa) sarılaraq şəxsiyyətini zorla, güclə, inadla ikiləşdirməyə çalışır. Fəqət, o da alınmır və ona görə alınmır ki, "pyatnitsa” roluna təhkim olan ətrafındakı tərəf müqabilləri – Sevalar, (Sevinc Osmanqızı), Cemalar, (Cəmil Həsənli), Qamalar (Qənimət Zahid) Tayalar (Tural Sadıqlı) adada tənha qalmağı, monoton həyat yaşamağı sevmirlər. Onların ən azından "kvartal”da bir yeni sevgisi, bir yeni qığılcımı, bir yeni qəyyumu, bir yeni sponsoru olmalıdır ki, çoxdan kardaşyanlaşmış ruhlarını rövnəqləndirə bilsinlər.

Belədə isə Kərimli yenə kontrabasda təkbaşına (solo) ifa etməli olur... 

   

"Oyuncaq” filminə yəqin hər kəs baxıb. Fransız aktyor Pier Rişarın baş rol aldığı bu filmdə əsas epizod canlı insanın qutuda ad günü hədiyyəsi kimi təqdim olunmasıdır. 

Kərimli də bax elədir. Məhz qutuda gəzir. Daha doğrusu, gəzdirilir. Ora-bura. Sağa-sola. Əlbəəl. Mənzilbəmənzil. Səfirlikbəsəfirlik. Gah Şvabenin donosgahından boylanır, gah erməninin qibləgahından, gah da Makronun fitnəgahından. Qlobal siyasətin "ərköyün uşaqları”  Azərbaycana təzyiq etmək istəyən kimi bu oyuncağın açarını məlum yerdən burub buraxırlar ortalığa. O da verilən bütün tapşırıqları qeyd-şərtsiz icra edir, bütün "komanda”lara tabe olur, "qutuya gir” deyirlərsə qutuya girir, "bankadan çıx” deyirlərsə bankadan çıxır.

Lazım olanda lap ilan kimi. Bircə tütək səsinə!

Nəhayət. Qayıdıram, söhbətimin əvvəlinə. Kərimlinin gerçəkdən "Mr. Bean”lə çox ciddi oxşarlığı var. Fəqət, az öncə vurğuladığım kimi: sadəcə vizual görünüş və səhnə obrazı kontekstində. Üstəlik, IQ fərqi nəzərdən qaçırılmadan!

Çünki, Bin müəllim məqsədli, əvvəldən düşünülmüş, ssenariləşdirilmiş  şəkildə güldürür.

Digəri isə təbii formada. Elə özü olaraq. Yonulmadan. Varlığı ilə. Mövcudluğu ilə. Baxışı ilə. Duruşu ilə.

Ağıldan kəmliyi ilə...

Əlikərimliliyi ilə...

 

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.

Seçilən
2
1
ulusum.az

2Mənbələr