Qlobal Bakı Forumunun üçüncü günündə “Yeni dünya üçün yeni texnologiyalar" mövzusunda panel iclası keçirilib.
Korrespondent.az xəbər verir ki, ABŞ-ın Alman Marşal Fondunun və Annenberq Siyasət Mərkəzinin eksperti Susan Nessin moderatorluğu ilə keçirilən paneldə Beynəlxalq Telekomunikasiya İttifaqının Baş direktorunun müavini Tomas Lamanauskas, Oksford Universitetində Süni İntellekti İdarəetmə Təşəbbüsünün baş məsləhətçisi Sam Davs, Yunanıstanın sabiq Baş naziri (2009-2011) George Papandreu, Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahında İnformasiya və Kommunikasiya Texnologiyaları Ofisinin İT mütəxəssisi, Baş katibin köməkçisi Bernardo Mariano, Bolqarıstanın sabiq Prezidenti Rozen Plevneliyev, Monteneqronun sabiq müdafiə naziri Miliça Pejanoviç, Şanxay Əməkdaşlıq Təşkilatının keçmiş Baş katibi, Özbəkistanın sabiq xarici işlər naziri Vladimir Norov, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov iştirak ediblər.
Beynəlxalq Telekomunikasiya İttifaqının Baş direktorunun müavini Tomas Lamanauskas çıxışında qeyd edib ki, yeni texnologiyaların tətbiqi prioritetdir. Lakin onların yaratdığı təhlükələri aradan qaldırmaq üçün də çox çalışmaq lazımdır. “Hazırda dünyada bütün sahələr üzrə süni intellekt texnologiyalarının yalnız 45 faizi tətbiq olunur, 25 faizi isə yoxlanılma mərhələsindədir. İşçi heyətə gəldikdə, qadınlar onun yalnız 20 faizini təşkil edir. Bu müzakirələrə hazırlaşanda biz idarəçilik sahəsində və təhlükəsizlik baxımından hansı məsələlərin vacib olduğu barədə danışdıq. Məlum oldu ki, Afrikada emal mərkəzinə cəmi 2 faiz məlumat göndərilir. Qeyd etmək lazımdır ki, BMT bu sahədə müxtəlif təşəbbüslər irəli sürüb, bura təhlükəsizlik, monitorinq və digərləri daxildir. Ötən il biz BMT sistemində 50-dək mexanizm hazırlamışıq. UNESCO-nun hazırladığı Etik davranış mexanizmini də xüsusi vurğulamaq istərdim. Bu baxımdan, süni zəka ilə bağlı BMT-nin baş katibinin çağırışını xüsusi qeyd etmək istəyirəm.
Düşünürəm ki, süni zəkanın bütün dünyada tətbiqi üçün qlobal mərkəzlər yaradılmalı, qanunvercilik təkmilləşdirilməli, insanların bacarıqları inkişaf etdirilməlidir. Dünya ölkələrinin yalnız 5 faizinin süni zəka sahəsində bacarıqlı kadrları var. Biz süni zəka sahəsində bacarıqlı kadrların sayının artırılması üçün 100-dən çox ölkəni bir araya gətirib, qlobal tədris mərkəzləri yaratmışıq”, - deyə Tomas Lamanauskas əlavə edib.
Oksford Universitetində Süni İntellekti İdarəetmə Təşəbbüsünün baş məsləhətçisi Sam Davs süni zəka texnologiyalarının diqqətdə saxlanılmasının vacibliyini qeyd edərək, dövlətlər arasında geosiyasi rəqabətin olduğunu deyib. "Hər kəs texnologiyada olan yenilikləri öz ölkəsində tətbiq etmək istəyir. Bununla bağlı müxtəlif ölkələr təlimlər keçirir", - deyə Sam Davs diqqətə çatdırıb.
Çində texnologiyalarla bağlı tənzimləyici qaydaların qüvvəyə mindiyini vurğulayan baş məsləhətçi süni zəkanın parçalanmaya gətirib çıxarma ehtimalını da istisna etməyib.
Yunanıstanın sabiq Baş naziri George Papandreu bildirib ki, texnologiya təhsil, iqlim dəyişikliyi kimi problemlər üçün yox, kütləvi qırğın silahlarının hazırlanması üçün daha çox istifadə olunur. Sabiq Baş nazir bunun nəzarətdən kənarda qaldığını, süni zəkanın ABŞ və Çin kimi iri dövlətlərin əlində olduğunu bildirib.
"Təhsildə, iqlim dəyişikliyində bu texnologiyalar çox vacibdir. Süni zəkanın demokratiya üçün neçə istifadə edilməsini düşünməliyik, çünki texnologiyalar bəşəriyyətə xidmət etməlidir", - deyə o vurğulayıb.
BMT-nin nümayəndəsi Bernardo Mariano qeyd edib ki, süni zəka üzərində təxminən 60 il araşdırma aparılıb və ChatGPT yaranıb. “Onun inkişafı bizi hazırda çox təəccübləndirir. Hökumətlər süni zəka ilə bağlı problemləri həll etməlidirlər. Süni zəkanın pozitiv tərəfləri kimi, neqativ və qaranlıq tərəfləri də var. Süni zəka hazırda fərdlər tərəfindən idarə olunur. Bu, əvvəllər heç vaxt görünməyib. Burada dövlətlərdən çox fərdlər irəli çıxır. BMT hökumətlərə mövcud problemlərlə yanaşı, yeni ortaya çıxmış texnologiyaların yaratdığı problemləri aradan qaldırmaq üçün dəstək göstərməlidir”, - deyə o əlavə edib.
Bolqarıstanın sabiq Prezidenti Rozen Plevneliyev vurğulayıb ki, XII Qlobal Bakı Forumunda texnologiyaların etik şəkildə istifadəsi müzakirə olunan ən vacib məsələrdəndir. Yeni texnologiyalar, həmçinin süni zəka elmə və insanlara xidmət etməli, bəşəriyyətə yalnız fayda verməlidir.
Monteneqronun sabiq müdafiə naziri Miliça Pejanoviç çıxışında qeyd edib ki, süni texnologiyalar lazım olan sahələrə dəyər qatmalıdır. Bu sahədə dünya liderlərin rolu hələ də məlum deyil.
İnnovasiyaların inkişafı üçün əlverişli məkanın vacibliyini vurğulayan Miliça Pejanoviç süni zəkanın mənfi məcrada dəyişilməsinə diqqət yetirməyin önəmindən söz açıb.
Şanxay Əməkdaşlıq Təşkilatının keçmiş baş katibi, Özbəkistanın sabiq xarici işlər naziri Vladimir Norov bu gün texnologiyaların gündəlik həyatımızı formalaşdırdığını, həmçinin siyasi sahəyə də təsir göstərdiyini deyib: "Bu, həm də insan həyatının məxfiliyinə təsir göstərir. Burada hərtərəfli yanaşma olmalıdır". O, böyük texnoloji şirkətlərin etik davranışı qazancdan daha üstün tutduğunu qeyd edib.
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov isə bildirib ki, Azərbaycanda Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiya hazırlanıb. “Bizim üçün vətəndaşların rəqəmsal biliklərinin artırılması çox vacibdir. İnsanların süni zəkadan faydalanması üçün Azərbaycanda çox unikal sistem yaratmışıq. Hazırda biz 4SİM olaraq, İqtisadiyyat Nazirliyi və Vergi Xidmətinin “Çağrı mərkəzi”ndə zənglərin araşdırılması üçün məhz süni zəkanın tətbiqi üzərində işləyirik. Bir sıra sahələrdə Azərbaycanda artıq süni zəka tətbiq olunur. Vətəndaşların üzünün tanınması proqramını istifadəyə vermişik. Hazırda milyona yaxın vətəndaş bu proqramdan istifadə edir”, - deyə Fariz Cəfərov diqqətə çatdırıb.
Panel iclası müzakirələrlə davam edib.