AZ

31 Mart - Azərbaycanlıların Soyqırımı: Tarixi Ədalət Uğrunda Mübarizə

31 Mart Azərbaycan xalqının tarixində faciəli hadisələrlə yadda qalan bir gündür. 1918-ci ilin mart-aprel aylarında bolşevik-daşnak qüvvələri tərəfindən Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda minlərlə dinc azərbaycanlı əhali amansızcasına qətlə yetirilmişdir. Bu soyqırımı zamanı qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla, minlərlə insan vəhşicəsinə öldürülmüş, şəhər və kəndlər yerlə-yeksan edilmişdir.
1998-ci ildən etibarən 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur. Həmin gün soyqırımı qurbanlarının xatirəsinə anma tədbirləri təşkil edilir, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı törədilmiş cinayətlərə cəlb olunur.
Ümummilli Lider Heydər Əliyevin 30 mart 2003-cü ildə "Azərbaycan" qəzetində dərc olunan məqaləsində qeyd etdiyi kimi, xalqımıza qarşı aparılan soyqırımı siyasətinin uzun bir tarixi olsa da, bu barədə həqiqətlər məhz müstəqillik illərində Azərbaycan rəhbərliyinin qətiyyətli siyasəti nəticəsində dünya ictimaiyyətinə çatdırılmağa başlamışdır.
Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri dünya dövlətlərinə və nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatının formalaşdırdığı yanlış təsəvvürləri aradan qaldırmaq Azərbaycan ictimaiyyətinin və xaricdə yaşayan azərbaycanlı icmalarının əsas vəzifələrindən biridir. Bu prosesdə tarixi faktlar və sənədlərlə aparılan işlər böyük əhəmiyyət daşıyır.
2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlandı. Bu məzarlıqda yüzlərlə azərbaycanlının qalıqları tapılmış və bunun 1918-ci ildə törədilmiş soyqırımının daha bir sübutu olduğu müəyyən edilmişdir. Quba kütləvi məzarlığı bu faciənin real izlərini özündə əks etdirən ən mühüm tarixi faktlardan biridir.
Son illərdə aparılan araşdırmalar nəticəsində yeni faktlar da üzə çıxmışdır. Tarixçilər və arxeoloqlar tərəfindən aparılan tədqiqatlar zamanı Şamaxı, Gəncə və digər bölgələrdə də kütləvi məzarlıqların izlərinə rast gəlinmişdir. Eyni zamanda, beynəlxalq ekspertlər və araşdırmaçılar tərəfindən aparılan genetik və məhkəmə-tibbi ekspertizalar nəticəsində bu məzarlıqlarda tapılan qalıqların 1918-ci il soyqırımı zamanı qətlə yetirilən insanlara aid olduğu təsdiq edilmişdir.
Bu yeni faktlar Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının miqyasını daha da aydın şəkildə ortaya qoyur və tarixi ədalətin bərpası üçün mühüm sübutlar kimi dəyərləndirilir.
Azərbaycan dövləti və xalqı, soyqırımı hadisələrinin dünya ictimaiyyəti tərəfindən tanınması üçün prinsipial və ardıcıl mövqe nümayiş etdirir. Ermənistanın və onun havadarlarının saxta tarixi faktlar üzərində qurduqları təbliğatın əksinə, Azərbaycan həqiqətləri real sənədlər, tarixi sübutlar və beynəlxalq araşdırmalar vasitəsilə ortaya qoyur. Bu istiqamətdə diplomatik, elmi və informasiya sahəsində ciddi addımlar atılmaqda davam edir.
Azərbaycanın prinsipial mövqeyi, dünya ictimaiyyətini tarixi həqiqətlərlə tanış etməklə yanaşı, gələcəkdə belə faciələrin baş verməsinin qarşısını almağa xidmət edir. Bu istiqamətdə fəaliyyət göstərən elmi tədqiqat institutları, diaspor təşkilatları və media qurumları, soyqırım həqiqətlərini yaymaq və ona hüquqi-siyasi qiymət verilməsini təmin etmək üçün ardıcıl iş aparırlar.
Soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək, faciə haqqında həqiqətləri dünyaya çatdırmaq və beynəlxalq ictimaiyyəti bu barədə məlumatlandırmaq indiki və gələcək nəsillərin müqəddəs borcudur. Azərbaycan xalqı öz tarixi ədalətini qoruyaraq, bu faciənin dünya miqyasında tanınması və ona hüquqi-siyasi qiymətin verilməsi üçün mübarizəsini davam etdirəcəkdir.

Nigar Qocayeva,
YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi

Seçilən
6
ikisahil.az

1Mənbələr