AZ

“Cənubi Qafqazda militarist qüvvələr tərksilah olunmalıdır” - Kamaləddin Qafarov

“Martın 13-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə XII Qlobal Bakı Forumu öz işinə başlayıb. Əvvəlki forumlarda olduğu kimi, bu tədbirdə də dünyanın müxtəlif ölkələrinin prezidentləri, Baş nazirləri, nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.”   Manset.az xəbər verir ki, bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib. Deputat bildirib ki, builki Forumun mövzusu dünyada gedən proseslərin fonunda öz aktualllığı ilə diqqəti cəlb edir: ““Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi”. Qeyd olunmalıdır ki, Forum ölkəmizin beynəlxalq aləmdə nüfuzunun və Avrasiya məkanında gedən proseslərə təsir imkanlarının getdikcə artmasının daha bir nümayişidir. Mövcud regional, kontinental və qlobal problemlər ətrafında müzakirələrin və məhsuldar fikir mübadilələrinin aparılması üçün son dərəcə əlverişli beynəlxalq iqtisadi-siyasi platforma olaraq Bakı Forumunun əhəmiyyəti ildən ilə artmaqdadır. Forumun açılış mərasimində çıxış edən cənab Prezident İlham Əliyevin dediyi kimi, Qlobal Bakı Forumu hazırda aparıcı beynəlxalq platformalardan biridir və bu platformada qlobal gündəlikdə dayanan məsələlər müzakirə olunur.” K.Qafarov qeyd edib ki, cənab Prezident İlham Əliyevin Cənubi Qafqazda möhkəm və davamlı sülhün bərqərar olmasını istəməyən qüvvələr barədə səsləndirdiyi fikirlər bu gün Qərbin məlum dairələrini dərindən düşündürməlidir: “Keçən ay Azərbaycan xalqı Xocalı soyqırımının 33-cü ildönümünü dərin hüznlə qeyd etdi. Martın 31-də isə xalqımız 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri daha bir soyqırımında vəhşicəsinə qətlə yetirilmiş günahsız qurbanların əziz xatirəsini anacaq. Əlbəttə ki, Azərbaycan xalqı bu vəhşilikləri unuda bilməz. Lakin möhtərəm dövlət başçımızın dediyi kimi, biz gələcəyə baxmalıyıq, biz Cənubi Qafqazda möhkəm və davamlı sülh qurmalıyıq və biz ümumi regional inkişafa nail olmalıyıq. Azərbaycan hər zaman olduğu mövqelərində qalmaqla indi də sülh prosesinə bağlıdır və əslində, Ermənistana təqdim olunan sülh müqaviləsinin də müəllifi elə Azərbaycandır. Məlumdur ki, Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması zəruri şərtdir. Hazırda bu sənəd müzakirə edilir və bəndlərin əksər hissəsi artıq razılaşdırılıb. Lakin Ermənistanı yenidən məhvedici silahlarla təchiz edən dairələr aydındır ki, bizim regionda sülh istəmirlər. Cənab Prezident İlham Əliyev hər zaman olduğu kimi, XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında da prinsipial və qətiyyətli mövqedən irəli gələrək ölkəmizə qarşı təxribat xarakterli addımlar atmaqda davam edən Avropa İttifaqının rəhbər dairələrini ifşa etməkdən çəkinmədi. Cənab Prezident açıq mətnlə, birmənalı olaraq bildirdi ki, Avropanın monitorinq missiyası, əslində, Avropa İttifaqının kəşfiyyat missiyasıdır. Çox təəssüflər olsun ki, bu gün dünyada yaşanan qlobal xarakterli problemlərin də böyük əksəriyyətinin əsasında bəzi böyük dövlətlər tərəfindən Beynəlxalq hüquq normalarının pozulması və ikili standartların tətbiqi hallarına yol verilməsi faktı durur. O cümlədən, biz hamımız bu mənfur siyasətin necə ağır fəsadlara yol aça biləcəyini bu gün Cənubi Qafqaz regionunun nümunəsində açıq-aşkar müşahidə edə bilirik.”

K. Qafarov korrupsiyaya uğramış siyasətçilər barədə səsləndirilən fikirlərə münasibət bildirib: “Cənab Prezident İlham Əliyev onilliklər boyunca erməni diasporunu dəstəkləyən korrupsiyaya uğramış siyasətçilərdən bəhs etməklə beynəlxalq ictimaiyyətin diqqətini bu ciddi problemə çəkə bildi. Qeyd olundu ki, ABŞ Prezidenti D. Trampın Dövlət Departamentində USAID-in ləğv olunması, eləcə də korrupsiyaya uğramış siyasətçi Robert Menendesin cəzalandırılması ilə bağlı verilmiş qərarlar təqdirəlayiqdir. Lakin Menendes sonuncu olmalı deyil. Çünki hələ cənab Adam Şif, cənab Frank Pallone, xanım Nensi Pelosi və bir çox digərləri də var ki, onların onilliklər boyunca fəaliyyətləri erməni diaspor təşkilatlarından aldıqları pullar müqabilində Azərbaycana hücum çəkməkdən, ölkəmizi gözdən salmağa çalışmaqdan ibarət olub. Bütün bu haqsızlıqlara tezliklə son qoyulmalı, Cənubi Qafqazda sülhə mane olmaq istəyən qüvvələr regiondan təcrid edilməlidirlər”.

Seçilən
18
16
manset.az

10Mənbələr