AZ

XII Qlobal Bakı Forumu bir çox fundamental məsələlərə aydınlıq gətirdi.

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu bir çox fundamental məsələlərə aydınlıq gətirdi. 16 panel üzrə aparılan müzakirələrdə bəşəriyyəti narahat edən, düşündürən suallar ətrafında müzakirələr aparıldı, müəyyən nəticələr əldə olundu. Hər şeydən öncə XII Qlobal Bakı Forumunda qlobal aktual problemlər, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, BMT-nin gələcək paktı, postmünaqişə dövründə bərpa-quruculuq işləri və orta güclərin yeni dünya düzənində rolu kimi vacib mövzular müzakirə olundu. Forum beynəlxalq liderləri bir araya gətirərək qlobal siyasət, təhlükəsizlik, texnologiya və sülh kimi məsələlərin müzakirəsinə şərait yaratdı.

Prezident İlham Əliyevin çoxşaxəli, praqmatik siyasəti, güclü siyasi iradəsi sayəsində Azərbaycan beynəlxalq müstəvidə nüfuzlu dövlət kimi tanınır. Beynəlxalq birlik ölkəmizi etibarlı tərəfdaş kimi qəbul edir. Eyni zamanda, Azərbaycan mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Təbii ki, bu amil ölkəmizə beynəlxalq birliyin inam və etimadının göstəricisidir. Ölkəmizdə XII Qlobal Bakı Forumunun keçirilməsi də Azərbaycanın qlobal problemlərin müzakirə olunduğu mərkəz kimi statusunu gücləndirir. Məlumdur ki, bu tədbirin təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da böyük mütəfəkkirin vətəni Gəncədə keçirilmiş xüsusi toplantıda təsis edilib. Hazırda Mərkəz qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq təsisata çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Azərbaycanın belə forumlara ev sahibliyi etməsi, ildən-ilə iştirakçıların sayında nəzərəçarpan artım ölkəmizə olan diqqət və etimadın, dövlətimizin başçısı İlham Əliyevin siyasətinə dəstəyin ifadəsi kimi dəyərləndirilir. Prezident İlham Əliyevin dediyi kimi, Qlobal Bakı Forumu hazırda aparıcı beynəlxalq platformalardan biridir.

Azərbaycan müstəqillik illərində qazandığı uğurların, əldə etdiyi iqtisadi inkişafın, siyasi sabitliyin və güclənən beynəlxalq əlaqələrinin nəticəsində  30 illik işğala son qoyaraq Cənubi Qafqazda yeni siyasi nizamın qurulmasına nail olub. Beynəlxalq əməkdaşlığa verdiyi töhfələr isə ölkənin enerji təhlükəsizliyi, nəqliyyat və logistika sahəsində qlobal aktora çevrilməsinin göstəricisidir. Qlobal çağırışlar və enerji böhranı, münaqişələr, iqlim dəyişmələri və dünya siyasətindəki qeyri-müəyyənliklərin həlli yolları dövlət siyasətinin əsas istiqamətlərindəndir

Azərbaycan Prezidenti İlham Əliyev forumun açılışındakı çıxışında ölkəmizin iqtisadi potensialı, gələcək planları, Ermənistanla münasibətlər barədə işrtirakçılara məlumat verdi, Cənubi Qafqazda sülh və sabitliyin əsaslarına toxundu. Bildirildi ki, Azərbaycanın bərpaolunan enerji imkanları faydalı qazıntıdan olan enerji istehsalına bərabər olacaq. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan 12 ölkəyə təbii qaz satır ki, onlardan 10-u Avropa ölkəsidir. Dəmiryolu vasitəsi ilə ölkəmizdən keçərək Avropaya daşınan yüklərin həcmində də son illər nəzərəçarpacaq artım var. Bu da dəniz limanı və  dəmiryolu infrastrukturunun buraxılış qabiliyyətinin artırılmasını zəruri edir. Bir sözlə, Cənubi Qafqaz bölgəsinin geosiyasi əhəmiyyəti artır. Bakı Forumunda ölkə başçısı  COP29-un uğurlarına toxunaraq qeyd etdi ki, 10 ildən artıq keçilməz nöqtə olan Paris Sazişinin 6-cı maddəsi üzərində konsensus əldə olundu. Bakıda COP29-da bərpaolunan enerji layihələri üçün maliyyələşmənin əvvəlki 100 milyarddan 300 milyard dollara qədər artırılmasına nail olundu. COP29 ərədəsində Azərbaycan Qərb mediasının, xüsusilə də, “Vaşinqton Post”, “Nyu-York Tayms”, “Politico”, “Newsveek” və “Assoşieyted Press” kimi media resurslarının qarayaxma kampaniyasına məruz qaldı.

Dövlətimizin başçısıının dediyi kimi, biz regionda sülhə yaxınıq. “Biz Cənubi Qafqazda sülh qurmalıyıq”, - deyən dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan sülh prosesinə bağlıdır və əslində, həmin sülh müqaviləsinin  müəllifidir. Cənab Prezident bəyan edib ki, sülh müqaviləsi Ermənistanla Azərbaycan arasında müzakirə edilir və demək olar bəndlərin artıq əksər hissəsi razılaşdırılıb. Bununla belə, dövlətimizin başçısı vurğulayıb ki, biz işğal illərini yaddan çıxara bilmərik və çıxarmayacağıq: “Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətləri və Ermənistanın təcavüzünün məhz bizə verdiyi ziyanı bilirik. Biz azad olunmuş ərazilərimizdə görürük ki, barbarlığın səviyyəsi nə yerdədir. Bütün şəhərlər, kəndlər yerlə-yeksan olunub və onlar bizim kəndlərimizə, şəhərlərimizə, bizim dinimizə və tarixi irsimizə qarşı bilərəkdən belə hərəkətlər etmişlər. 65 məscidi dağıtmışdılar”. 

Bu gün Azərbaycan regionda mühüm söz sahibi və sabitləşdirici qüvvə kimi çıxış edərək beynəlxalq əməkdaşlığın güclənməsinə töhfə verir. 2020-ci ilin Vətən müharibəsində qazanılan tarixi Qələbə və ərazi bütövlüyünün bərpası ölkəmizə olan marağı daha da artırıb. Strateji coğrafi mövqeyi sayəsində Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əsas nəqliyyat və logistika qovşağına çevrilib. Ölkəmiz qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında regionda sabitliyin və inkişafın təmin olunmasına çalışır.  XII Qlobal Bakı Forumu Azərbaycanın öz həqiqətlərini dünyaya çatdırmaq baxımından unikal platformadır. Biz öz imkanlarımızı, perspektiv planlarımızı, sülhə xidmət edən siyasətimizi xarici dövlətlər, beynəlxalq təşkilatlara çatdıra bildik. Bu gün dünya nizamsızlığa sürüklənir, böyük güclər arasında rəqabət dərinləşir, geosiyasi risklər artır, enerji və ərzaq təhlükəsizliyində böhran yaşanır, iqlim dəyişmələri isə bəşəriyyətin gələcəyinə birbaşa təsir edir. Bu mühüm beynəlxalq tədbir sülh, təhlükəsizlik və dayanıqlı inkişaf mövzularında qlobal dialoq və əməkdaşlığa töhfə verməyi hədəfləyir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Seçilən
22
1
ikisahil.az

9Mənbələr