AZ

Dünya düzəninin transformasiyası rəvan olmayacaq – Ülvi Quliyev

Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Xll Qlobal Bakı Forumu martın 13-də işə başlayıb. Forumda dünyanın fərqli bölgələrindən 400-ə yaxın siyasi xadim, o cümlədən 50-dən çox hazırkı və sabiq dövlət və hökumət başçısı, həmçinin BMT strukturlarının rəhbərləri, eləcə də tanınmış alim və ekspertlər iştirak edirlər.

Bu miqyasda təmsilçilik səviyyəsi, ilk növbədə, onun göstəricisidir ki, Foruma maraq kifayət qədər yüksəkdir və burada aparılan müzakirələr aparıcı beyin mərkəzlərinin diqqət mərkəzindədir. Bunun bir səbəbi onunla bağlıdır ki, Bakı Forumları beynəlxalq gündəliyin ən qabarıq problemlərinə həsr olunur və burada qlobal çağırışların müzakirəsi, fərqli fikir və tövsiyyələrin səsləndirilməsi üçün açıq dialoq mühiti hökm sürür. Bu baxımdan, Xll Qlobal Bakı Forumu da istisna təşkil etmir və onun indiki mürəkkəb şəraitdə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” kimi olduqca həssas bir mövzuya həsr edilməsi bunun əyani sübutudur. Cənubi Qafqazda yeni geosiyasi reallığın memarı olan Azərbaycan Lideri-Prezident İlham Əliyevin ənənəvi olaraq Forumda iştirakı və tədbir çərçivəsində verdiyi mesajlar, şübhəsiz ki, “çağırışları fürsətə çevirmək” üzərində düşünən beyin mərkəzlərinin diqqətini dərhal cəlb edir və Bakıda aparılan müzakirələrə marağı daha da artırır.

Azərbaycan Prezidentinin bəyanatlarına həssas münasibətin səbəblərindən biri də onunla bağlıdır ki, bəzi liderlərdən fərqli olaraq, Prezident İlham Əliyev beynəlxalq hüququn və tarixi ədalətin bərpasına selektiv yanaşmanı bölüşmür, istənilən auditoriya ilə səmimi və açıq danışmağa üstünlük verir. Baxmayaraq ki, fəaliyyəti dövründə elə bu səbəbdən dəfələrlə xarici təhdid və təzyiqlərlə, siyasi şantaj və hədə ritorikası ilə üzləşməli olub, çirkin qarayaxma kampaniyasına məruz qalıb. Yalnız ona görə ki, Ermənistanın işğalına hüquqi don geyindirməyə çalışan məlum güclərin məkrli planına qətiyyətlə yox deyib, əksər həmkarlarından fərqli olaraq, böyük bosslara çoxdan vərdiş etdikləri və tarixən eşitməyə alışdıqları “bəli, cənab” ifadəsini deməkdən imtina edib. Çünki ərazi bütövlüyü və suverenlik məsələsi Azərbaycan Prezidenti üçün hər zaman istənilən siyasi konyukturadan və fərdi siyasi çıxarlarından öndə dayanıb. Prezident İlham Əliyev bir müddət əvvəl Davosda Çinin CGTN televiziya kanalına verdiyi müsahibədə ədalətin, milli maraqların və əxlaqlı siyasətin dövlət xadimi kimi onun üçün nə qədər əhəmiyyətli olduğunu bu cür ifadə etmişdi:

“Beləliklə, ictimaiyyətin dəstəyini əldə etmək istəyən liderlərə məsləhətim o olardı ki, həmişə həqiqəti söyləyin və beynəlxalq təzyiqdən, beynəlxalq mediadan asılı olmayaraq, haqqınızda nə dediklərindən, sizi necə adlandırdıqlarından, sizi necə təhqir etmələrindən asılı olmayaraq, ölkəniz üçün doğru olanı edin. Beləliklə, siz özünüz və ölkəniz uğur qazanmış olacaqsınız”.

Bu mesaj, əslində, yolayrıcında dayanan və həlledici seçim qarşısında qalan bəzi liderlərə “çağırışları fürsətə çevirməyin” ən doğru yolunu göstərir. Prezident Forumdakı çıxışında seçiminə sadiq olduğunu bir daha nümayiş etdirdi, nüfuzlu auditoriya ilə açıq mətnlə danışdı və yeni çağırışların səbəblərini öz adı ilə çağırmaqdan çəkinmədi. Prezident İlham Əliyev verdiyi mesajlarla Forum iştirakçılarını inkarolunmaz həqiqətlər üzərində bir daha düşünməyə və onları açıq şəkildə müzakirə etməyə dəvət etdi. Dövlətimizin başçısı çıxışında faktiki bu mesajı verdi ki, yeni qlobal çağırışların təməlində ötən onilliklər ərzində böyük güclərin yürütdüyü ikili standartlar və ayrı-seçkilik siyasəti dayanır. Əgər belə olmasaydı, Azərbaycanda keçirildiyi üçün BMT-nin ən nüfuzlu tədbirlərindən biri sayılan COP29 ABŞ-nin əvvəlki Dövlət Departamenti və Fransanın hazırkı prezidenti Emmanuel Makron tərəfindən hədəfə alınmaz, ölkəmizə qarşı çirkin qarayaxma kampaniyasının aparılmasına göstəriş verilməzdi. Yalnız ona görə ki, Azərbaycan ərazi bütövlüyü və suverenliyini savaş meydanında bərpa etməklə Minsk qrupunun vasitəçilik missiyasının sağlam təmələ və ədalətli niyyətə söykənmədiyini ifşa etmişdi.

Guya COP29-un Azərbaycanda keçirilməsi qərarı verilərkən prezident Makron bilmirdi ki, Azərbaycan neft-qaz hasil edən ölkədır? Guya belələri və onların təsiri altında olan ayrı-ayrı beynəlxalq təşkilatlar, peşəkarlığı və “müstəqilliyi” ilə öyünən bəzi media resursları bilmirdilər ki, Azərbaycan Kanadadan 10 dəfə az neft hasil edir, qlobal qaz emissiyalarında ölkəmizin payı isə cəmi 0,1 faizdir?! Heç şübhəsiz ki, bilirdilər, amma bu həqiqətləri etiraf etmək COP29 ərəfəsində onların işinə yaramırdı. Çünki bilirdilər ki, nə etmələrindən, hansı çirkin təzyiq və siyasi şantaj ritorikasını seçmələrindən asılı olmayaraq, Azərbaycan Prezidenti onlara heç vaxt “bəli, cənab” deməyəcək! Prezident İlham Əliyev COP29 öncəsi ölkəmizin üzləşdiyi iyrənc dezinformasiya kampaniyasının əsl səbəblərini Forum iştirakçılarının diqqətinə olduğu kimi çatdırdı:

“Bunun da müxtəlif səbəbləri ola bilər. Lakin onlardan biri ondan ibarətdir ki, onlar bizə öz iradəsini yeridə bilmədilər. Onlar suverenliyimizin, ərazi bütövlüyümüzün tam bərpasına yönəlmiş siyasətimizi dəyişə bilmədilər”.

Tarixi Zəfərimizi hələ də həzm edə bilməyən və elə bu səbəbdən, bütövlükdə Vətən müharibəsinin, xüsusilə 2023-cü ilin sentyabrındakı antiterror tədbirinin legitimliyini şübhə altına almağa çalışan, hər fürsətdə Avropa Şurası və Avropa Parlamenti kimi qurumların vasitəsilə Azərbaycana qarşı qərəzli qətnamələr qəbul etdirən həmin dairələr məkrli niyyətlərindən bu gün də əl çəkmirlər. Nə qədər paradoksal görünsə də, Fransa bir tərəfə, hətta Avropa Sülh Fondu çərçivəsində Ermənistan kimi işğalçılıq keçmişi olan ölkə yenidən silahlandırılır. Özü də bunu o siyasətçilər edir ki, sözdə riyakarcasına sülhdən danışır, Paşinyan hökumətini isə dünya ictimaiyyətinə “sülh göyərçini” kimi sırımaq üçün dəridən-qabıqdan çıxırlar. Belələrinin siyasi riyakarlığı artıq heç bir sərhəd tanımır. Sülh gündəliyinin təşəbbüskarı Azərbaycan və şəxsən Prezident İlham Əliyev olduğu halda, onlar bilərəkdən bu həqiqəti də unutdurmağa çalışırlar. Çünki gerçəkliyin etirafı öz çirkin niyyətlərini demokratiya və insan haqları adı altında gizlədən və bununla həmin dəyərləri də gözdən salan dairələrin işinə yaramır. Belə olmasaydı, 2019-cu ildə-məğlubiyyətdən bir il əvvəl Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” deyən, Şuşada tərəfdaşları ilə kef məclisi quran, nəhayət, “oğlunun Dağlıq Qarabağda hərbi qulluq keçməsi” ilə qürur duyduğunu gizlətməyən Paşinyan və onun hökumət üzvləri indi dünyaya “sülh göyərçini” kimi sırınmazdı.

Təəssüf ki, ölkəmizdəki radikal müxalifətin təmsilçiləri, onların xaricdəki internet resursları bu informasiya təxribatında ucuz alətə çevrildilər. Yalan üzərində qurulmuş təbliğatla dünyanı inandırmağa çalışdılar ki, guya Ermənistanın baş naziri 2022-ci il Praqa görüşündə prezident Makronun təsiri ilə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Halbuki Ermənistan güclü Azərbaycan faktoru və onun Liderinin qətiyyətli mövqeyi ilə üzləşməsəydi, bu bəyanatı heç vaxt verməyəcəkdi. Əksini iddia edənlər riyakarcasına unudurlar ki, 44 günlük müharibənin elə ilk günlərində “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik” kimi beynəlxalq hüquqa və tərəfsiz vasitəçi mandatına zidd olan bəyanatı verən də elə həmin prezident Makron idi. Bu həqiqətlərin unudulması fizioloji yaddaş pozuntusu ilə əsla bağlı deyil. Bu, siyasi konyukturaya görə həqiqəti dilinə gətirməkdən çəkinən içərimizdəki radikal müxalif qruplaşmanın və onların xaricdəki havadarlarının ortaq anti-Azərbaycan mövqeyidir.

Əgər Paşinyan hökuməti “Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığına” dair bəyanatında səmimi və onu könüllü şəkildə vermiş olsaydı, antiterror əməliyyatından bir ay əvvəl-2023-cü ilin avqustunda qondarma separatçı rejimə təbrik məktubu göndərməz və bununla separatçılığı yenidən təşviq etməzdi. Fransa başda olmaqla, Avropa Şurası və Avropa Parlamenti kimi qurumlar isə hazırda Bakıda həbsdə olan erməni separatçılarına gah girov, gah hərbi əsir, gah da siyasi məhbus deməz və Paşinyan hökuməti növbəti dəfə bu cür iyrənc manipulyasiyanın daşıyıcısına çevrilməzdi. Prezident İlham Əliyev bütün bunları nəzərə alaraq, “İsgəndər M” raketinin Şuşaya məhz Paşinyanın əmri ilə atıldığını da Forum iştirakçılarının diqqətinə çatdırdı, Ermənistan siyasətçilərinə cəmiyyətimizdəki ictimai etimadsızlığın təsadüfi olmadığını xüsusi vurğuladı:

“Bir daha bütün bunlar göstərir ki, onların dediyi bizim üçün sıfır məna kəsb edir. Bizə sənədlər, yazılı kağızlar lazımdır. Bizə lazımdır ki, onların Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmasın. Orada Azərbaycana qarşı ərazi iddiaları hələ də qalır. Bizə lazımdır ki, ATƏT-in Minsk qrupu buraxılsın. Biz bu mesajı Ermənistana çatdırırıq və deyirik ki, Minsk qrupunun saxlanılmasında məntiq yoxdur… ATƏT-in həmin qrupunun buraxılması üçün ümumi müraciətdə siz bizə niyə qoşulmursunuz? Onlar istəmirlər. Belə çıxır ki, onlar bir ayağını ərazimizdə yer saxlamaq üçün edir. Əlbəttə ki, virtual olaraq. Onların silahlanması-bu, nəyi göstərir? Bu göstərir ki, onlar yeni müharibəyə hazırlaşırlar. Kim onları yenidən nüharibəyə sürükləyir? Fransa və onun Prezidenti”.

Azərbaycan Prezidentinin bu açıqlaması erməni siyasətçilərinin və onların xaricdəki havadarlarının bir başqa ortaq təxribatını da yada saldı. Sovet dövründə Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri, akademik Aqanbekyanın erməni separatçılığını təşviq və təbliğ edən fikirləri ilk dəfə 1987-ci ilin noyabrında məhz Fransanın “Humanite” qəzetində dərc olunmuşdu. 37 il sonra-2024-cü il martın 27-də keçmiş separatçıların “üzdəniraq” tör-töküntüsünə başqa bir fransız nəşri- “Le-Fiqaro” qəzeti qucaq açdı. Şübhəsiz ki, bütün bu təxribatlar təsadüfən Fransada baş verməyib və elə bu səbəbdən “Fiqaro”nun ölkəmizə qarşı aparılan çirkin qarayaxma kampaniyasında yenidən canfəşanlıq etməsi heç birimizdə təəccüb doğurmamalıdır. Artıq bilməliyik ki, dünyanın tanınmış media resurslarından bəziləri bu gün qlobal qarşıdurmada istifadə olunan alət funksiyasını yerinə yetirir. Onların yalan, iftira dolu məlumatları yaymaqla informasiya müharibəsində birbaşa iştirakı təkcə peşə müstəqilliyi ilə bağlı iddialarını şübhə altına almır və yalnız öz imiclərinə zərbə vurmur. Ən təhlükəlisi odur ki, yayılan dezinformasiyalar informasiya çirkliliyi yaratmaqla yanaşı, tarixi ədalətə və beynəlxalq hüquqa münasibətdə selektiv yanaşmanı, etnik və dini təəssübkeşlik zəminində ayrı-seçkiliyi, bölücülüyü təşviq edir. Bu cür iyrənc, iyrənc olduğu qədər də təhlükəli informasiya siyasətinin arxasında duranların əsas məqsədi Azərbaycan kimi müstəqil siyasət yürüdən və dövlət maraqları naminə sarsılmaz qətiyyət nümayiş etdirən ölkələrin iradəsini qırmaq, haqlı iddialarına kölgə salmaq və ictimai inama şübhə toxumu səpməkdir. Amma nə yaxşı ki, bu gerçək mənzərəni artıq ölkəmizlə yanaşı, başqaları, xüsusən böyük dövlətlər də görür və gerçəkliyi etiraf edir. Hətta Prezident Trampın özü və siyasi komandasının üzvləri də eyni media resurslarını saxta məlumatları yaymaqda ittiham etməyə başlayıblar. COP29 ərəfəsində ölkəmizin üzləşdiyi qarayaxma kampaniyası ilə bağlı Prezident İlham Əliyevin Forumda verdiyi növbəti mesaj həm də bu baxımdan olduqca düşündürücüdür:

“Deməliyəm, əfsuslar olsun ki, bu qlobal beynəlxalq tədbir bəzi Qərb medialarında kampaniya ilə müşayiət olundu. Prezident Trapm onları yalan, saxta xəbər adlandırır və onunla tam razıyam. Bu, Azərbaycanı gözdən salmaq, bizi qaralamaq, şayiələr və müxtəlif dezinformasiya yaymaq kampaniyası idi”.

Bədxahlarımızın bütün səylərinə baxmayaraq, COP29 iqlim diplomatiyasında dönüş nöqtəsi oldu. İlk növbədə, on il davam edən fikir ayrılığından sonra, Bakıda Paris Sazişinin 6-cı maddəsi ilə bağlı konsensus əldə edildi, bərpa olunan enerji layihələri üçün nəzərdə tutulan maliyyə məbləğinin həcmi üç dəfə artırılaraq 300 milyard ABŞ dolarına çatdırıldı. COP29-a sədrlik edən ölkə kimi Azərbaycanın ortaya qoyduğu siyasi iradə, Qlobal Şimal ilə Qlobal Cənub arasında etibarlı körpülərin qurulmasına töhfə vermək əzmi, bədxahlarımızın bütün əngəllərinə baxmayaraq, öz bəhrəsini verdi. Azərbaycan Prezidenti başda olmaqla onun siyasi komandası sübut etdi ki, niyyət səmimi və sağlam olduqda, nəticə əldə etmək də mümkündür. Cəmiyyətimiz həm də bu səbəbdən ümid edir ki, Prezident İlham Əliyevin Bakı Forumunda verdiyi bu mesaj ABŞ-nin yeni Administrasiyası tərəfindən etibarlı əməkdaşlığa səmimi çağırış kimi qiymətləndiriləcək:

“Birincisi, ona görə ki, biz Azərbaycanda Dövlət Departamentinin bütün səylərinə baxmayaraq, ABŞ-Azərbaycan münasibətlərini uçurumdan tam xilas etdik. İkincisi, ümid edirik ki, yeni Administrasiya ilə Cənubi Qafqaz, sülh, təhlükəsizlik, antiterror əməliyyatları, regionumuzun müasir inkişafı üçün hər zaman vacib olmuş güclü tərəfdaşlığımızı yenidən quracağıq”.

Dünya düzəninin dəyişdiyi və yeni qaydaların müəyyən edildiyi indiki həssas şəraitdə qlobal çağırışları fürsətə çevirmək istənilən ölkə üçün prioritet məsələdir, çünki bu, ilk növbədə, suveren təhlükəsizliklə bağlıdır. Prezident İlham Əliyev martın 13-də Xll Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına verdiyi müsahibədə yeni çağırışların dəf olunması imkanları ilə bağlı siyasi vizyonunu belə ifadə etdi:

“Birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır… İkincisi, gələcək üçün vacib məsələlərdən biri odur ki, ölkələr beynəlxalq təsisatlar çərçivəsində fəaliyyətə deyil, ikitərəfli münasibətlərə daha çox əhəmiyyət verəcəklər. Çünki bu gün bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir və ya tamamilə iflic vəziyyətindədir”.

Prezident İlham Əliyevin Forumdakı çıxışının və “Euronews”-a müsahibəsinin təhlili deməyə əsas verir ki, dünya düzəninin transformasiyası tarixdən bildiyimiz kimi, bu dəfə də rəvan olmayacaq. Daxili imkan və resurslarına güvənmək üçün obyektiv əsasları olan, həmçinin ikitərəfli münasibətlərdə özünü etibarlı tərəfdaş qismində artıq təsdiq etmiş Azərbaycan kimi ölkələr bu mürəkkəb prosesdə dövlət maraqlarını qoruya və yeni dünya düzənində layiqli yerini tuta biləcək.

Ülvi Quliyev

Milli Məclisin deputatı

Seçilən
4
6
busaat.az

7Mənbələr