AZ

Kimlər məktəb direktoru olmalıdır?!

Yazını böyüt
Yazını kiçilt

Son günlər Azərbaycanda məktəb direktorları ilə bağlı ciddi qalmaqal yaşanır. Əvvəlcə Bakı şəhəri 231 nömrəli tam orta məktəbin direktorunun səsyazısı yayılıb. Direktor müəllimlərin ad günü ilə bağlı ona aldıqları hədiyyəni bəyənməyib və bu səbəbdən pedaqoji heyəti təhqir edib. O, müəllimlərə “Mənə dilənçi payı lazım deyil” deyə irad bildirib. Araşdırmalardan sonra direktor işdən çıxarılıb.

Bu hadisədən bir neçə gün keçmiş Biləcəri qəsəbəsində yerləşən 301 nömrəli tam orta məktəbin müəllimləri direktor Sevda Sarıyevadan şikayət ediblər. Onlar direktorun müəllimləri təhqir etdiyini və dərs saatlarını rüşvətlə bölüşdürdüyü bildiriblər. Hazırda baş verənlərlə bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hər iki hadisə məktəb direktorlarının təyinatı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bəs, görəsən, hazırda orta təhsil müəssisələrinə direktor seçimi necə həyata keçirilir? Bu istiqamətdə mövcud problemləri aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı təhsil eksperti Nadir İsrafilov bildirib ki, məktəbə rəhbərlik edənin təkcə nəzəri bilikləri kifayət etmir: “Nüfuz və qarşılıqlı hörmət olmadan səmərəli idarəetmə həyata keçirilə bilməz. Məktəbin rəhbəri, təlim-tərbiyə işinin və təsərrüfat fəaliyyətinin təşkilatçısıdır. O, müxtəlif bir-birini tamamlayan funksiyaları – təşkilatçılıq, pedaqoqluq, inzibatçılıq, ictimai xadimlik funksiyalarını yerinə yetirir. Məktəb direktoru bölgənin xarakterik xüsusiyyətlərinə bələd olmalı, ərazidə tanınmalı, ictimaiyyət tərəfindən qəbul edilməli, kollektivdə şəriksiz lider olmalıdır. Elə ona görədir ki, orta ümumtəhsil müəssisələrinə rəhbərlik edən şəxslərin idarəetmə bacarıqları, yaradıcı keyfiyyətləri mütəmadi müzakirə olunan mövzulardandır. Direktor konkret iş sahələri əhatə olunmaqla, məktəbin fəaliyyət istiqamətlərini müəyyənləşdirir, il ərzində görüləcək işləri planlaşdırır, Nümunəvi Nizamnamə ilə müəyyən edilən vəzifələrin həyata keçirilməsinə nəzarət edir. O, ümumi təhsilin inkişafı ilə bağlı dövlət qərarlarından irəli gələn vəzifələrin yerinə yetirilməsinə məsuliyyət daşıyır. Məktəbdə formalaşan iş mühiti təlim – tərbiyə sistemində dövlət standartlarının həyata keçirilməsi direktordan, onun peşəkarlığından asılıdır. Əbəs yerə deyil ki, “direktor” sözü latınca “idarəedici” sözündən götürülüb, “yönəldən”, “istiqamət verən” mənasını verir. Azərbaycanda direktor  “müəssisə, idarə yaxud məktəb müdiri” kimi izah edilir. “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif – İxtisas Sorğu Kitabçası”nın VII bölməsi ümumtəhsil məktəbində işləyən işçilərə şamil edilib. Həmin bölmədə direktorun əmək funksiyası da kifayət qədər əks olunub”.

Ekspert hesab edir ki, seçim zamanı namizədlərin yalnız yaşadıqları ərazidə yerləşən təhsil müəssisələrinə rəhbər seçilməsi direktor təyinatı təcrübəsində ən uğurlu dəyişikliklərdən biri ola bilər: "Bu, idarəetmənin daha mobil və səmərəli təşkil etməklə yanaşı, həm də təhsilin keyfiyyətinin nəzərəçarpacaq dərəcədə yüksəldilməsinə səbəb olar. “Çiyinlərində böyük məsuliyyət yükü daşıyan rəhbər işçinin uğurlu olması üçün nə lazımdır?”, “Məktəb direktoru hansı keyfiyyətlərə sahib olmalıdır? – bu kimi suallara cavab axtarmaq heç vaxt gec deyil. Məktəb rəhbərliyi kollegial idarəetmə orqanı çərçivəsində pedaqoji kollektivə ümumtəhsil prosesinin, təhsilalanların dərsdənkənar vaxtının, sosial müdafiəsinin təşkilində köməklik göstərmək məqsədilə yaradılan ictimai xarakterli valideyn komitələri, pedaqoji şura, ictimai təşkilatlarla, mövcud qanunvericilik çərçivəsində sıx əlaqədə işləyərsə, səmimiyət bir o qədər çox, narazılıq və şikayətlər də bir o qədər az olar. Bütün bunlar məktəbdə sağlam mənəvi-psixoloji durumun mövcud olmasını şərtləndirən səbəblərdəndir. Buna görə də direktor seçiminə ciddi və həssaslıqla yanaşılmalıdır”.

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov deyir ki, son dövrlərdə məktəb direktorları ilə bağlı qalmaqalların artması təhsil sahəsində idarəetmə və nəzarət mexanizmlərində ciddi problemlərin olduğunu bir daha ortaya qoyur: “Direktorların korrupsiya, səriştəsizlik, müəllimlər və valideynlərlə münasibətlərdə kobudluq və məktəbdaxili qanunsuz qərarlar qəbul etməsi kimi hallar təhsilin keyfiyyətinə və ictimai etimadına mənfi təsir göstərir. Bu cür problemlərin həlli üçün sistemli və uzunmüddətli tədbirlərin həyata keçirilməsi vacibdir. Birinci addım məktəb direktorlarının təyinat və qiymətləndirilmə prosesinin şəffaflaşdırılması olmalıdır. Hazırda direktorların işə qəbulu üçün keçirilən müsabiqə və müsahibə mərhələləri var, lakin bu prosesin obyektivliyi ilə bağlı cəmiyyətdə ciddi şübhələr var. Bəzi hallarda direktorlar tanışlıq, şəxsi əlaqələr və qeyri-rəsmi ödənişlər vasitəsilə təyin edilir ki, bu da məktəblərdə korrupsiya risklərini artırır. Bunun qarşısını almaq üçün direktorların işə qəbul prosesi daha sərt nəzarətə götürülməli, obyektiv qiymətləndirmə və müstəqil ekspert komissiyalarının iştirakı ilə aparılmalıdır. Eyni zamanda, direktorların rəhbərlik etdiyi məktəblərdə fəaliyyət göstərən müəllim və valideyn komitələrinin onların fəaliyyətinə təsir imkanları genişləndirilməlidir ki, qərarlar yalnız yuxarıdan deyil, yerli icmanın da iştirakı ilə verilsin".
O bildirib ki, direktorların fəaliyyəti üçün konkret qiymətləndirmə meyarları müəyyən edilməlidir: "Hazırda direktorlar əsasən təhsil müəssisəsinin inzibati idarəedicisi kimi fəaliyyət göstərir, lakin onların pedaqoji bacarıqları və rəhbərlik keyfiyyətləri ciddi şəkildə qiymətləndirilmir. Bu səbəbdən, direktorların fəaliyyətini ölçmək üçün xüsusi göstəricilər müəyyən edilməlidir. Bunlara məktəbin akademik nəticələri, müəllim və valideynlərin məmnuniyyəti, məktəbdə intizamın vəziyyəti və innovativ təhsil metodlarının tətbiqi daxildir. Bu meyarlar əsasında direktorlar hər il qiymətləndirilməli və nəticələrə uyğun olaraq onların vəzifədə qalması və ya dəyişdirilməsi məsələsinə baxılmalıdır.
Məktəb direktorları üçün mütəmadi təlim və sertifikasiya proqramları təşkil edilməlidir. Direktorların idarəetmə, liderlik, münaqişələrin həlli, inklüziv təhsil, psixoloji biliklər və hüquqi baza üzrə biliklərinin artırılması zəruridir. Hazırda bir çox direktorlar pedaqoji biliklərə malik olsa da, idarəetmə və liderlik sahəsində yetərli səriştəyə sahib deyillər. Bu da onların məktəbdə həm akademik, həm də sosial problemləri həll etməkdə çətinlik çəkməsinə səbəb olur. Təhsil Nazirliyi bu istiqamətdə xüsusi direktor hazırlıq proqramları təşkil etməli və yalnız müəyyən bilik və bacarıqlara yiyələnmiş şəxslərin bu vəzifəyə gətirilməsini təmin etməlidir".
Ekspertin sözlərinə görə, məktəblərdə korrupsiya hallarının qarşısını almaq üçün maliyyə şəffaflığı artırılmalıdır: "Valideynlərdən müxtəlif məqsədlər üçün pul yığılması, məktəb fondları adı altında qeyri-rəsmi ödənişlərin toplanması halları ciddi nəzarət altına alınmalıdır. Bunun üçün məktəblərin maliyyələşdirilməsi ilə bağlı hesabatlar ictimaiyyətə açıq olmalı, hər bir məktəbin gəlir və xərcləri müntəzəm olaraq valideynlər və müəllimlərlə bölüşdürülməlidir. Həmçinin, məktəb direktorlarının məktəbdaxili maliyyə əməliyyatları müstəqil auditlər tərəfindən yoxlanılmalı və qeyri-qanuni ödənişlərə yol verən direktorlar inzibati məsuliyyətə cəlb edilməlidir. Direktorlar və müəllimlər arasında münasibətlərin sağlamlaşdırılması üçün məktəblərdə müstəqil şikayət mexanizmləri yaradılmalıdır. Hal-hazırda bir çox hallarda müəllimlər və valideynlər direktorların qanunsuz və ya haqsız qərarlarından şikayət etməkdə çətinlik çəkirlər, çünki şikayətlərin obyektiv araşdırılması və həlli mexanizmləri yetərincə effektiv deyil. Bu səbəbdən, məktəblərdə anonim şikayət sistemləri tətbiq edilməli və direktorların qeyri-etik davranışları ilə bağlı müraciətlərə obyektiv baxılmalıdır. Eyni zamanda, məktəb daxilində mediatora – məktəb idarəçiliyi və müəllimlər arasında balansı qoruyacaq müstəqil nümayəndəyə ehtiyac var".

 

Seçilən
27
hafta.az

1Mənbələr