"Plastik cərrahlarla bağlı yaradılmış Təftiş Komissiyanın işi aprel ayının əvvəlində başa çatacaq".
Yenisabah.az xəbər verir ki, bunu "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətlərə çevrilməsi" adlı XII Qlobal Bakı Forumunda jurnalistlərin suallarını cavablandıran səhiyyə naziri Teymur Musayev deyib.
Nazir qeyd edib ki, artıq komissiyanın doqquz iclası olub.
"Plastik cərrahlarla bağlı yaradılmış Təftiş Komissiyasına sənədlərini təqdim etmiş mütəxəssislərin əksəriyyəti ilə görüşlər keçirilib. Onların sənədləri təftiş olunub. Komissiyanın işi başa çatdıqdan sonra Səhiyyə Nazirliyi bununla bağlı açıqlama yayacaq", - deyə T.Musayev əlavə edib.
Xatırladaq ki, bir neçə pasiyentin ölümündən sonra plastik cərrahiyyə ixtisası üzrə fəaliyyət göstərən tibb mütəxəssislərinin sözügedən istiqamətlə məşğul olmağa icazə verən sənədlərinin hüquqi əsaslarının kompleks şəkildə yoxlanılmasına ehtiyac yaranıb. Bununla bağlı 2024-cü il dekabrın 27-də Azərbaycan Respublikası səhiyyə nazirinin müvafiq əmri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb./Oxu.az
Telegram kanalımız