ABŞ Prezidenti Donald Trampın administrasiyası 43 ölkənin vətəndaşları üçün ABŞ-a yeni səyahət qadağasının tətbiq edilməsini nəzərdən keçirir.
Bu barədə "The New York Times" nəşri yazıb.
Bildirilir ki, məhdudiyyətlər Trampın ilk prezidentliyi dövründə tətbiq edilənlərdən daha geniş olacaq.
Diplomatlar və təhlükəsizlik xidməti əməkdaşları tərəfindən hazırlanmış tövsiyələr siyahısı layihəsi ölkələrin qırmızı, narıncı və sarı olmaqla, üç kateqoriyaya bölünməsini nəzərdə tutur.
"Qırmızı" siyahıya vətəndaşlarının ABŞ-a girişi qəti qadağan olunacaq 11 ölkə daxildir. Rəsmilərin sözlərinə görə, bu siyahıya Əfqanıstan, Butan, Kuba, İran, Liviya, Şimali Koreya, Somali, Suriya, Venesuela və Yəmən daxil edilib.
Həmçinin nəşrin mənbələri qeyd ediblər ki, siyahı bir neçə həftə əvvəl ABŞ Dövlət Departamenti tərəfindən tərtib edilib və Ağ Evə çatana qədər, çox güman, dəyişikliklər ediləcək.
"Narıncı" siyahıda səyahətin məhdudlaşdırılacağı, lakin dayandırılmayacağı 10 ölkənin adı var. Bu hallarda varlı işgüzar səyahətçilərin ölkəyə girişinə icazə verilə bilər, lakin bu, immiqrantlara və ya turist vizası ilə səyahət edənlərə şamil edilmir. Bundan əlavə, bu siyahıda olan vətəndaşlar viza almaq üçün məcburi şəxsi müsahibələrdən keçəcəklər. Siyahıya Belarus, Eritreya, Haiti, Laos, Myanma, Pakistan, Rusiya, Syerra-Leone, Cənubi Sudan və Türkmənistan daxildir.
"Sarı" siyahıya daxil olan 22 ölkəyə isə aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün 60 gün vaxt veriləcək. Üstəlik, onlar tələblərə əməl edilmədiyi təqdirdə digər siyahılardan birinə köçürülmə təhlükəsi ilə üzləşəcəklər. Bu cür problemlərə ABŞ-a gələn səyahətçilər haqqında məlumatın verilməməsi, pasportların verilməsi zamanı təhlükəsizlik tədbirlərinin qeyri-adekvat şəkildə aparılması və ya qadağan olunmuş ölkələrdən olan şəxslərə vətəndaşlığın satılması halları daxil ola bilər ki, bu da məhdudiyyətlərdən yayınmaq üçün "boşluq" rolunu oynaya bilər.
Bu siyahıya Anqola, Antiqua və Barbuda, Benin, Burkina-Faso, Kamboca, Kamerun, Kabo-Verde, Çad, Konqo Respublikası, Konqo Demokratik Respublikası, Dominika, Ekvatorial Qvineya, Qambiya, Liberiya, Malavi, Mali, Mavritaniya, Sent-Kits və Nevis, Sent-Lüsiya, San-Tome və Prinsipi, Vanuatu və Zimbabve daxil edilib.
Nəşrin yazdığına görə, Donald Tramp vəzifəsinin icrasına başladıqdan sonra Dövlət Departamentinə bu siyahı ilə bağlı Ağ Ev üçün hesabatın tamamlanmasına 60 gün vaxt verib, yəni hesabat gələn həftə hazır olmalıdır.